173. (Allah) iman gətirənlərin və yaxşı işlər görənlərin mükafatlarını büsbütün verəcək, üstəlik Öz nemətindən onlar üçün (bir qədər) artıracaqdır. (Allaha ibadət etməyi) özlərinə sığışdırmayanları və təkəbbür göstərənləri isə acı bir əzaba düçar edəcəkdir! Onlar özlərinə Allahdan savayı nə bir dost, nə də havadar tapacaqlar! (ən-Nisa: 171-173).
Uca Allah həm Kitab əhlinə, həm də başqalarına dində ifratçılıq etməyi qadağan edir. İfratçılıq – həddini aşmaq deməkdir. Nəsranilər İsa əl-Məsih barəsində ifrata varıb həddlərini aşdılar. Onlar üçün vacib olan etiqad İsanın Allahın qulu və elçisi, namuslu və iffətli qadın qulunun övladı olduğunu qəbul etmək idi. Onun anası namusunu qoruyan bir qadın idi. Uca Allah Cəbrail mələyi göndərib ona ruh üfürməyi əmr etdi. Bu üfürtüdən sonra o, oğlu İsaya hamilə qaldı. Mələkdən ona ötürülən, üfürülmüş ruh idi. Bu ruh şərəf və hörmət baxımından Allaha nisbət edilir ("Allahın Ruhu", deyilir). Həmin ruh da Allahın yaratdıqlarından biridir. Uca Allah yaratdıqlarının bəzilərini hörmətli və şərəfli etmək baxımından "Allahın Ruhu" sözündəki kimi onları da Özünə nisbət edərək "Allahın evi", "Allahın dəvəsi" və "Allahın qulu" – kimi ifadələri işlətmişdir. İsanı da bu adla adlandırmışdır. Çünki İsa atadan deyil, bu ruhdan yaranmışdır. Bu həmçinin İsanın ondan yaradıldığı və onun səbəbi ilə dünyaya gəldiyi bir kəlamdır. Uca Allah buyurur: «59. Allah yanında İsa da (İsanın atasız dünyaya gəlməsi də) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “(Bəşər) ol!” – dedi, o da oldu.» (Ali İmran: 59). Digər ayədə isə belə deyilir: «116. (Yəhudilər, xaçpərəstlər və müşriklər) dedilər: “Allah (Özü üçün) övlad götürmüşdür”. Allah pak və müqəddəsdir. Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir! 117. Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə) yalnız: “Ol !” – deyər, o da (fövrən) olar.» (əl-Bəqərə: 116-117). Başqa ayədə isə belə deyilir: «30. Yəhudilər: “Üzeyr Allahın oğludur”, xaçpərəstlər də: “Məsih (İsa) Allahın oğludur”, – dedilər. Onların ağzında gəzən bu (boş) sözlər daha öncə küfr edənlərin (“mələklər Allahın qızlarıdır” – deyənlərin) sözlərinə bənzəyir. Allah onları öldürsün! (Allah onlara lənət eləsin!) Necə də (yalana uyub haqdan) döndərilirlər!» (Tövbə: 30). Uca Allah yəhudi və xaçpərəstlərin Allaha qaşrı haqsız sözlər uydurduqları barədə xəbər verir. Onlar Allahın oğlu olduğunu iddia edirlər. Amma Allah onların dediklərindən çox uzaqdır. Sonra Uca Allah bildirir ki, onların bu iddialarını əsaslandırmaq üçün heç bir sübutları yoxdur. Onların bu batil iddiaları boş sözlər və özlərindən öncə yaşayanların dediklərinə oxşayan ifadələrdir. Axı onların qəlbləri bir-birinə bənzəyir!
Fəlsəfəçilər də iddia edirdilər ki, birinci ağıl mütləq mövcudluqdan (hüceyrələrdən) yaranıb. Onlar bunu səbəblərin səbəbi, birinci yaradılış adlandırırlar. Onların iddiasına görə birinci ağıldan ikinci ağıl, can və orbit yaranıb. Sonra ikincidən və s. yaranıb. Sonda on ağıl, doqquz can və doqquz orbit yaranıb. Onlar bu kimi fikirlərini batil və tutarsız sübutlarla əsaslandırmağa çalışırlar. Onlar haqqında geniş danışmaq, cahilliklərini və əqli geriliklərini müzakirə etmək başqa mövzunun məzmunudur. Ərəb müşrikləri də cahillikləri ucbatından mələklərin Allahın qızları olduğunu iddia edirdilər. Onların batil inancına görə Allah (qızları mələkləri cinlərə ərə verməklə) adlı-sanlı cinlərlə qohum olmuş və mələklər onlardan törəmişlər! Allah onların bu dediklərindən Uca, şərik qoşduqlarından Pakdır, Müqəddəsdir.
Uca Allah bu xüsusda buyurur: «19. Onlar Rəhmanın qulları olan mələkləri dişi saydılar. Məgər onlar (mələklərin) yaradılışına şahidmi olmuşlar?! Onların bu şəhadəti (əməl dəftərlərinə) yazılacaq və (bu barədə) sorğu-sual olunacaqlar!» (əz-Zuxruf: 19).
Uca Allah başqa ayədə belə deyir: «149. (Ey Peyğəmbər! İndi o müşriklərdən) soruş: “Deməli, qızlar sənin Rəbbinin, oğlanlar isə onların özlərinindir, eləmi?” 150. Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da (buna) şahid olublar?! 151. Xəbərin olsun ki, onlar öz yalanları üzündən mütləq belə deyəcəklər: 152. “Allah övlad törətmişdir (mələklər Onun qızlarıdır)”. Onlar, həqiqətən, yalançıdırlar! 153. Məgər Allah (mələkləri özünə övlad götürməklə) qızları oğlanlardan üstünmü tutmuşdur?! 154. Sizə nə olmuşdur, necə mühakimə yürüdürsünüz? 155. Heç düşünürsünüz?! 156. Yoxsa sizin açıq-aşkar bir dəliliniz vardır?! 157. Əgər doğru danışırsınızsa, kitabınızı gətirin! 158. (Müşriklərə həm də özlərindən) Onunla (Allahla) cinlər (pərilər, yaxud mələklər) arasında bir qohumluq əlaqəsi icad etdilər. Həqiqətən, cinlər onların (bu sözü deyənlərin Qiyamət günü Cəhənnəmə) gətiriləcəyini bilirlər. 159. Allah (müşriklərin) Ona aid etdikləri sifətlərdən təmamilə uzaqdır! 160. Allahın müxlis (mömin) bəndələri isə istisnadır.» (əs-Saffat: 149-160).
Uca Allah buyurur: «26. (Kafirlər:) “Rəhman (mələklərdən Özünə) övlad götürdü!” – dedilər. O, pakdır, müqəddəsdir! (Belə şeylərdən tamamilə uzaqdır!) Xeyr, (mələklər Onun övladı deyil, xəlq etdiyi) möhtərəm qullardır. 27. (Mələklər) Ondan qabaq söz danışmaz, Yalnız Onun əmri ilə iş görərlər. 28. (Allah) onların öndəkilərini də, arxalarındakını da (nə etdiklərini və nə edəcəklərini) bilir. Onlar yalnız (Allahın) razı olduğu (izin verdiyi) kəslərdən ötrü şəfaət edə bilər və Onun qorxusundan tir-tir əsirlər. 29. (Mələklərdən) hər kəs: “Mən Ondan başqa bir ilaham!” – desə, onu Cəhənnəmlə cəzalandırarıq. Biz zalımlara belə cəza veririk.» (əl-Ənbiya: 26-29).
Uca Allah (Məkkədə nazil olan) əl-Kəhf surəsinin ilk (1-5) ayələrində deyir: «1. Həmd olsun O Allaha ki, Kitabı (Quranı mənasında və sözlərində) heç bir əyriliyə (yanlışlığa və ziddiyyətə) yol vermədən Öz bəndəsinə (Muhəmmədə) nazil etdi! 2. (Allah kafirləri) Öz dərgahından gələcək şiddətli bir əzabla qorxutmaq, yaxşı əməllər edən möminlərə isə gözəl mükafata (Cənnətə) nail olacaqları ilə müjdə vermək üçün onu doğru-düzgün (Qiyamətə qədər bütün bəşəriyyətə haqq yolu göstərən bir nur) olaraq endirdi. 3. Onlar orada (Cənnətdə) əbədi qalacaqlar! 4. O, həm də (Quranı): “Allah Özünə övlad götürdü!” – deyənləri qorxutmaq üçün nazil etdi. 5. Bu barədə nə onların özlərinin, nə də (təqlid etdikləri) atalarının heç bir biliyi yoxdur. Onlar çox böyük-böyük danışırlar. (Ağızlarından çıxan söz necə də böyük küfrdür). Onlar ancaq yalan deyirlər!»
Uca Allah başqa ayədə belə buyurur: «68. (Müşriklər:) “Allah Özünə övlad götürdü!” dedilər. Allah pak və müqəddəsdir. O, (övlada, uşağa) möhtac deyildir. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Bu haqda (Allahın Özünə övlad götürməsi barədə) sizin əlinizdə heç bir dəlil yoxdur. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz? 69. (Ey Rəsulum!) De: “Allaha qarşı yalan uyduranlar, sözsüz ki, nicat tapmazlar!” 70. (Onlar üçün) dünyada bir qədər dolanacaq, mənfəət vardır. Sonra hüzurumuza qayıdacaqlar, ondan sonra küfr etdiklərinə görə onlara çox şiddətli bir əzab daddıracağıq!» (Yunus: 68-70).
Məkkədə nazil olan bu müqəddəs ayələr, heç bir əsasları olmadığı halda: "Allah özünə övlad götürmüşdür", – deyən fəlsəfəçilərə, ərəblərin müşriklərinə, yəhudi və xaçpərəstlərə cavabdır.
Nəsranilər533 bu fikri daha çox irəli sürdükləri üçün, iddialarına cavab olsun deyə Qurani-Kərimdə onların adları daha çox çəkilmişdir. Ayələr onların ziddiyyətdə olduqlarını, elmlərinin az, cahilliklərinin isə çox olmasını isbat edir.
Onlar bir-birindən fərqli küfr sözlər söyləyiblər. Çünki batil inanc çox şaxəli, ixtilaflı və ziddiyyətli olur. Həqiqət isə nə ixtilaflı, nə də ziddiyyətli olmaz. Uca Allah buyurur: «Əgər o (Quran), Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar.» (ən-Nisa: 82). Ayə bildirir ki, haqq vahid və bir-birinə uyğun, batil isə müxtəlif və ziddiyyətli olur.
Demək zəlalətdə və cəhalətdə olan bir qrup nəsranilər İsanın Allah olduğunu iddia edirdilər. Digər bir qrup İsanın Allahın oğlu olduğunu deyirdilər. Başqa bir qrup isə onun üçlükdən biri olduğunu deyirdilər.
Allah bütün bu deyilənlərdən Pakdır, Müqəddəsdir.
Uca Allah əl-Maidə surəsində buyurur: «17. “Allah Məryəm oğlu Məsihdir”, – deyənlər, şübhəsiz ki, kafir oldular. (Onlara) de: “Əgər Allah Məryəm oğlu Məsihi, anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, (bu işdə) kim Ona bir şeylə mane ola bilər? Göylərin, yerlərin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir. O, istədiyini yaradar, Allah hər şeyə qadirdir!» Uca Allah onların küfrü və cəhaləti barədə xəbər verib Özünün Yaradan, hər şeyə Qadir olan, hər şeyin Rəbbi, Sahibi və İlahı olduğunu xatırladır.
Eyni surənin sonlarında isə belə buyurur: «72. Şübhəsiz ki: “Allah Məryəm oğlu Məsihdir!” – deyənlər kafir oldular. Halbuki Məsih (İsa) belə demişdi: “Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!” 73. “Allah üçün (üç ilahın) üçüncüsüdür!” – deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan İlahdan başqa heç bir ilah yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir (toxunacaqdır). 74. Məgər onlar Allaha tövbə edib Ondan bağışlanmalarını istəməyəcəklər? Axı Allah bağışlayandır, rəhm edəndir! 75. Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişdir. Onun anası isə çox pak (Allahın hökmlərini sidq-ürəkdən təsdiq edən) bir qadın idi. Onların hər ikisi (adi insanlar kimi) yemək yeyirdi. Gör Biz ayələri onlara necə başa salırıq, onlar (bu ayələrdən) gör necə üz çevirirlər.» (əl-Maidə: 72-75).
Uca Allah həm şəriət, həm də qədər baxımından onların kafir olduqlarına dair qərar vermişdir. İsa onlara özünün Allahın bir qulu, ana bətnində yaradılmış bir bəndəsi, heç bir şəriki olmayan Allaha ibadət etməyə çağıran elçi olduğunu çatdırmış, dediklərinə qarşı çıxacaqları təqdirdə cəhənnəmə düşəcəklərini, əbədi həyatda xəsarət çəkəcəklərini bildirmişdi. Ona görə İsa onlara belə deyirdi: «"Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!”» (əl-Maidə: 72). Onlar isə bütün bunlara əhəmiyyət vermədən küfr sözlərini söylədilər.
Dostları ilə paylaş: |