«... Onların hər ikisi (adi insanlar kimi) yemək yeyirdi...» Bu ayə onların da adi insanlar kimi ehtiyaclarını ödədiklərinə dair kinayə ilə deyilən sözdür. Özü bu halda olan necə ilah ola bilər?!
Suddi və digər elm adamları: «“Allah üçün (üç ilahın) üçüncüsüdür!”...» (əl-Maidə: 73) – ayəsi haqqında belə deyirlər: "Ayədə deyilən üç ilah Allah, İsa və onun anasıdır". Uca Allah eyni surənin axırında onların bu küfrünü üzlərinə vuraraq deyilən mənanı açıqlamışdır. Həmin ayələrdə belə deyilir: «116. (Ey Rəsulum!) Xatırla ki, o zaman (Qiyamət günü) Allah belə buyuracaq: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da özünüzə ilah bilin!” – demişdin? “(İsa cavabında) deyəcək:” Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən! 117. Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: “Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim (onları belə nalayiq hərəkətlər etməyə qoymurdum). Sən məni (göyə qaldırıb dərgahına) qəbul etdikdən sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən! 118. Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz Qüvvət sahibi, Hikmət sahibisən”» (əl-Maidə: 116-118).
Uca Allah İsaya ehtiram göstərib Qiyamət günü ondan bu haqda soruşacaqdır. Bu sual ona qarşı yalan uydurub ona ibadət edənlərə, onun Allahın oğlu olduğunu deyib iftira atanlara və onun Allahın ortağı olduğunu iddia edənlərə xəbərdarlıqdır. Uca Allah İsanın belə bir iş tutmadığını bilirdi, lakin İsanın adından yalan uyduranlara töhmət olsun deyə ondan bunları soruşdu: «Sənmi insanlara: “Allahla yanaşı, məni və anamı da özünüzə ilah bilin!” – demişdin?»
Dostları ilə paylaş: |