73. Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: “Ol!” deyəcəyi gün (hər şey) dərhal olar. Onun sözü haqdır. Surun çalınacağı gün hökm Onundur. Qeybi və aşkarı bilən də Odur. O, hikmət sahibidir, xəbərdardır!
74. Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri ilahlarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq–aydın zəlalət içində görürəm!”
75. Beləcə, İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, tam qənaətlə inananlardan olsun!
76. Gecə qaranlığı bürüdükdə o, bir ulduz görüb: “Bu mənim Rəbbimdir!” dedi. (Ulduz) batdıqda isə: “Mən batanları sevmirəm”, söylədi.
77. (Sonra) doğan ayı görüb: “Bu mənim Rəbbimdir!” – dedi. (Ay) batdıqda isə: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım”, – söylədi.
78. Doğan günəşi görüb: “Bu mənim Rəbbimdir, bu, daha böyükdür!” – dedi. (Günəş) batdıqda isə dedi: “Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan uzağam!
79. Mən, həqiqətən, batildən haqqa tapınaraq üzümü göyləri və yeri Yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!”
Dostları ilə paylaş: |