Nuh cavabında deyir: "Rəbbim heç olmadığı kimi çox qəzəblənib. Əvvəl heç vaxt belə qəzəblənməyib. Heç bundan sonra da belə qəzəblənən deyil. Ah nəfsim, ah nəfsim."
Sonra hədisin ardı qeyd olunur. Bunu Buxari Nuhun hekayəsi86 barədə danışarkən qeyd etmişdir.
Uca Allah Nuhu göndərdikdə o, insanları ibadəti tək Allaha məxsus etməyə və heç bir şeyi ona şərik qoşmamağa çağırmağa başladı. O deyirdi ki, Allahla bərabər heç bir bütə, heykələ və ya tağuta87 ibadət etməyin. Allahın vəhdaniyyətini etiraf edin. Ondan başqa haqq ilahın və Rəbbin olmadığını təsdiq edin. Uca Allah Nuhun zürriyətindən olan bütün peyğəmbərlərə eyni təbliğatı aparmağı əmr etmişdir. Uca Allah buyurur: Məhz onun nəslini baqi etdik. (əs–Saffat: 77).
Nuh və İbrahim haqqında isə belə deyilir: Peyğəmbərliyi və kitabı onların nəslinə verdik. (əl-Hədid: 26). Nuhdan sonra gələn hər bir peyğəmbər, o cümlədən də İbrahim onun nəslindəndir.
Uca Allah buyurur: Biz hər bir ümmətə: "Allaha ibadət edin və tağutdan çəkinin" – deyə əmr edən rəsul göndərdik. (ən–Nəhl: 36).
Səndən öncə göndərdiyimiz peyğəmbərlərimizdən soruş: "Biz ər–Rəhmandan başqa ibadət olunacaq bir ilah yaratmışıqmı?" (əz–Zuxruf: 45).
Səndən əvvəl göndərdiyimiz hər bir elçiyə: "Məndən başqa haqq ilah yoxdur, Mənə ibadət edin!" – deyə vəhy edirdik. (əl-Ənbiya: 25).
Bu səbəbdən Nuh öz qövminə belə deyirdi: Tək Allaha ibadət edin, sizin Ondan başqa (haqq) ilahınız yoxdur. Mən başınıza gələcək böyük günün əzabından qorxuram. (əl-Əraf: 59).
Ondan başqasına ibadət etməyin. Mən başınıza gələcək ağrılı günün əzabından qorxuram. (Hud: 26).
Nuh dedi: Ey qövmüm! Mən sizi açıq-aşkar xəbərdarlıq edən peyğəmbərəm. Allaha ibadət edin, Ondan qorxun və mənə itaət edin.... (Nuh: 2–14).
Nuh peyğəmbər öz tayfasını müxtəlif üsullarla: gecə və gündüz, gizlidə və aşkarda, bəzən rəğbət, bəzən isə hədə-qorxu ilə dəvət edirdi. Amma bu üsulların heç biri onlara fayda vermirdi. Onların əksəriyyəti öz azğınlığında israr edir, bütlərə və heykəllərə ibadət edir, üstəlik Nuha qarşı hər an üçün düşmənçilik planları cızırdılar. Onu və iman gətirənləri təhqir edir, onları daşqalağa basmaq və sürgün etməklə təhdid edirdilər. Əzab–əziyyət verib hədlərini aşırdılar.
Qövmindən bir dəstə dedi: (əl-Əraf: 60) Qövmün ağaları və adlı–sanlı adamları dedilər: Biz sənin açıq-aşkar azdığını görürük. Nuh isə dedi: Ey qövmüm! Mən heç yolumu azmamışam. Mən sadəcə olaraq aləmlərin Rəbbi tərəfindən göndərilmiş rəsulam. (əl-Əraf: 60–61). Mən sizin iddia etdiyiniz kimi, yolumu azmamışam. Mən düz hidayət yolundayam. "Bir şeyə ol deyib əmr etməklə dərhal var edən aləmlərin Rəbbi Allah tərəfindən peyğəmbər kimi göndərilmişəm." Mən sizə Rəbbimin buyurduqlarını çatdırır və öyüd-nəsihət verirəm. Allahdan gələn vəhy ilə sizin bilmədiklərinizi bilirəm. (əl-Əraf: 62). Peyğəmbər fəsahət, öyüd-nəsihət sahibi olmalı və Allahı hamıdan yaxşı tanımalıdır.
Qövmü ona qarşı çıxır və deyirdilər: Biz səni özümüz kimi adi bir insan sayır və içimizdən yalnız ən səfil insanların düşüncəsiz halda sənə tabe olduqlarını görürük. Sizin bizdən heç bir üstünlüyünüz yoxdur, əksinə biz sizin yalançı olduğunuzu zənn edirik. (Hud: 27).
Onlar bəşər övladının peyğəmbər olmasını təəcüblə qarşılayır, ona tabe olanlara hörmətsizlik edir və onları ən səfil insanlar hesab edirdilər. Rəvayətlərdə də ona tabe olanların zəif təbəqənin adamları olduğu deyilir. Necə ki, Herakl demişdi88: "Onlar peyğəmbərlərin tərəfdarlarıdır". Çünki, bu kimi insanların haqqa boyun əymələrinə heç nə mane olmur.
Onlar Düşüncəsiz halda tabe olublar... – deməklə, sən onları dəvət edən kimi onlar da düşünmədən tələm-tələsik addım atıblar. Onların bu ittihamları əslində həmin adamların təriflənməsi üçün işlədilən məqamdır. Allah onlardan razı olsun!
Çünki, açıq-aşkar surətdə deyilən haqqı qəbul etmək üçün dərin düşünmək və ya götür-qoy etmək lazım deyil. Haqqa anında tabe olmaq və dərhal əməl etmək lazımdır. Elə bu xüsusiyyətinə görə Peyğəmbər Əbu Bəkr əs-Siddiqi tərifləmişdi. Həmçinin Əbu Bəkrin xəlifəliyinə beyət etmək də tərəddüd etmədən dərhal baş tutmuşdu. Çünki, səhabələrə görə onun başqalarından üstün olması açıq-aşkar görünürdü. Allah cəmi səhabələrdən razı olsun!
Bu səbəbdən Peyğəmbər Əbu Bəkrin xəlifəliyini yazılı şəkildə vəsiyyət etmək istəmişdi. Sonra yazmaq fikrindən daşınıb dedi: "Allah və möminlər Əbu Bəkrdən başqasını seçən deyillər."89
Nuh qövmünün kafirləri ona və iman gətirənlərə deyərdilər: Sizin bizdən heç bir üstünlüyünüz yoxdur,... yəni, siz iman gətirdiyinizi dedikdən sonra üzərimizdə heç bir əmriniz və ya üstünlüyünüz görünmür. Biz sizin yalançı olduğunuzu zənn edirik.
Nuh dedi: "Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq–aydın bir möcüzəyə istinad etsəm, O da Öz tərəfindən mənə bir mərhəmət bəxş edibsə, siz onu görmək istəməyib kor qaldığınız bir halda, biz, sizi ona inanmağa məcburmu edəcəyik?! (Hud: 28). Bu onlarla xoş danışıq və dəvətdə mülayimlik nümunəsidir. Uca Allah buyurur: Onunla mülayim danışın! Bəlkə öyüd-nəsihət qəbul edər və ya Allahdan qorxar. (Taha: 44). Rəbbinin yoluna hikmət və gözəl sözlərlə dəvət et! Onlarla ən gözəl şəkildə mübahisə et! (ən–Nəhl: 125). Nuhun bu sözləri də ayələrdə deyilən dəvət üsulundandır.
Nuh onlara deyir ki, Bir deyin görək, əgər mən Rəbbimdən açıq–aydın bir möcüzəyə istinad etsəm, O da Öz tərəfindən mənə bir mərhəmət bəxş edibsə, yəni, peyğəmbərlik bəxş edibsə, siz onu görmək istəməyib kor qaldığınız bir halda, yəni, siz onu başa düşmək istəmədikdə, biz, sizi ona inanmağa məcburmu edəcəyik?! biz sizi buna iman gətirməyə məcburmu edəcəyik? Bu halda sizi dəvət etmək üçün heç bir yol qalmır.
Ey qövmüm! Mən buna görə sizdən mal–dövlət istəmirəm. Mənim mükafatımı Allah verəcəkdir. (Hud: 29). Mən dünyada və axirətdə sizə fayda verəcək işləri təbliğ etdiyim üçün sizdən mal–dövlət istəmirəm. Mənim Allahdan savab diləməyim sizin mənə verəcəyinizdən daha xeyirli və daimidir.
Mən iman gətirənləri qovan deyiləm. Onlar Rəbblərinə qovuşacaqlar. Lakin mən sizi cahil bir toplum görürəm. (Hud: 29). Kafirlər Nuhdan tələb edirdilər ki, iman gətirənləri başından etsin. Əgər o bunu etsə, onda onlar iman gətirəcəklər. Amma Nuh bundan imtina etdi və dedi: Onlar Rəbblərinə qovuşacaqlar. Yəni, qorxuram, əgər onları qovsam onlar da məndən Allaha şikayət edərlər.
Qureyş kafirləri də Peyğəmbərdən Ammar, Suheyb, Bilal, Xəbbab və başqa zəif möminləri90 ətrafından qovmağı təklif edəndə Uca Allah ona bunu qadağan etdi. Bu haqda biz əl-Ənam və əl-Kəhf surələrinin təfsirində danışmışıq.
Allahın xəzinələrinin məndə olduğunu demirəm, nə qeybi bilmirəm, nə də mələyəm demirəm. (Hud: 31). Yəni mən, qul peyğəmbərəm. Mən yalnız Allahın mənə bildirdiyini bilirəm, bundan başqa Onun elmindən heç nə bilmirəm. Onun verdiyi güc daxilində hərəkət edirəm, Onun istəyi olmadan özümə nə bir xeyir, nə də ziyan verə bilirəm. Gözünüz götürməyən adamlar haqqında demirəm ki, Allah onlara xeyir bəxş etməyəcək. Onların ürəklərində olanları Allah daha yaxşı bilir. Əks halda mən zalımlardan olaram. (Hud: 31). Yəni, mən Qiyamət günü Allahın yanında onlar üçün heç bir xeyirin olmadığını demirəm. Onların halını Allah daha yaxşı bilir. Ürəklərində olanın, xeyirdirsə xeyirli, şərdirsə şərli qarşılığı veriləcəkdir. Onlar bu sözlərini başqa yerdə də təkrar deyiblər. Sənə ən səfillər tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik – dedilər. Nuh dedi: Mən onların nə etdiklərini bilmirəm. Əgər dərk edirsinizsə onların hesabı Allaha aiddir. Və mən möminləri qovan deyiləm. Mən sadəcə açıq-aşkar xəbərdarlıq edən peyğəmbərəm. (əş–Şuəra: 111–115).
Dostları ilə paylaş: |