Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə89/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   85   86   87   88   89   90   91   92   ...   532
NUH PEYĞƏMBƏRİN  QÖVMÜNÜN İMAN GƏTİRƏCƏYİNDƏN ÜMİDİNİ ÜZMƏSİ
Nuh peyğəmbər öz qövmü ilə uzun müddət mübarizə apardı. Uca Allah bu haqda buyurur: Nuh onların arasında min ildən əlli il əksik qaldı. Onlar zalımlıq etdikləri halda tufan onları ağuşuna aldı. (əl-Ənkəbut: 14). Bu uzun müddət ərzində ona çox az adam iman gətirdi.

Həlak olan nəsil özlərindən sonra gələnlərə Nuha iman gətirməməyi, ona qarşı çıxmağı və mübarizə aparmağı tövsiyə edirdilər. Ata ağlı kəsən övladını kənara çəkib: nə qədər ömürün varsa heç vaxt Nuha iman gətirmə – deyə "ağıl" verərdi.

Onların təbiətləri də iman gətirməkdən və haqqa boyun əyməkdən imtina edirdi. Uca Allah buyurur: Onlar yalnız günahkar və kafir övladlar dünyaya gətirərlər. (Nuh: 27).

Onlar da Nuha belə deyərdilər: Ey Nuh! Bizimlə çənə-boğaz olub çox mübahisə etdin. Əgər doğru danışanlardansansa bizi təhdid etdiyin əzabı göstər. Nuh dedi: əgər Allah istəsə O sizə bunu göstərəcək. Siz heç vaxt Onu aciz edə bilməzsiniz. (Hud: 32,33). Buna yalnız Allah qadirdir. Həqiqətən heç nə Onu aciz edə bilməz, heç bir iş Ona ağır gəlməz. O bir şeyə "Ol!" deyib əmr etdikdə dərhal olar.

Əgər Allah sizi azdırmaq istəyirsə mən sizə tövsiyə etsəm də bu tövsiyə sizə fayda verməz. O sizin Rəbbinizdir və siz də Onun hüzuruna qaytarılacaqsınız. (Hud: 34). Yəni, Allah kimin haqq yoldan azmasını istəyərsə heç kəs onu haqq yoluna gətirə bilməz. İstədiyinə hidayət verən və istədiyini azdıran, istədiyini edən də Odur. O hikmət və izzət sahibidir. O kimin hidayətə, kimin də azğınlığa layiq olduğunu yaxşı bilir. Kamil hikmət və kəsərli dəlillər Ona məxsusdur.
NUH PEYĞƏMBƏRİN  GƏMİ DÜZƏLTMƏSİ
Nuha vəhy edildi ki, əvvəl iman gətirənlərdən başqa qövmündən bir daha heç kəs iman gətirən deyil. (Hud: 36). Bu ayə, qövmünün əzab–əziyyətinə qatlanan Nuh üçün təsəllidir. Sən onların etdiklərinə məyus olma. (Hud: 36). Qövmündən iman gətirənlərdən başqa bir daha heç kəs iman gətirən deyil. Baş verənlər səni üzməsin. Qələbə çox yaxındadır. Bu xəbər isə çox qəribə xəbərdir. Bütün bunlar Nuha verilən izzət və şərəfi göstərir.

Gözlərimiz önündə və vəhyimiz əsasında gəmini düzəlt! Zülm edənlər barəsində Mənə ağız açma! Çünki, onlar suya qərq olunacaqlar. (Hud: 37).

Çünki, Nuh onların iman gətirəcəklərindən ümidini kəsmiş, onlardan heç bir xeyir hasil olmayacağı qənaətinə gəlmişdi. Üstəlik onlardan söz və ya əməl ilə gördüyü əziyyəti, müxalifliyi və təkzibi gözü önünə alıb bəd dua etdi. Allah təalə də onun duasını qəbul edib istədiyini ona verdi.

Uca Allah buyurur: Həqiqətən, Nuh Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu! Biz onu və ailəsini böyük fəlakətdən qurtardıq. (əs–Saffat: 75–76.) Nuhu da yad et! O daha öncə yalvarıb dua etmişdi. Biz onun duasını qəbul buyurmuş, onu da, ailəsini də böyük fəlakətdən qurtarmışdıq! (əl-Ənbiya: 76) Nuh dedi: “Ey Rəbbim! Həqiqətən, qövmüm məni təkzib etdi. Artıq mənimlə onlar arasında Sən hökm ver, məni və mənimlə birlikdə olan möminləri qurtar!  (əş–Şuəra: 117–118). Rəbbinə dua edib: “Mən məğlub oldum, buna görə də intiqam al!” – dedi. (əl-Qəmər: 10). Nuh Belə dedi: “Ey Rəbbim! Onların məni yalançı hesab etmələrinə qarşı mənə kömək et!” (əl-Muminun: 26). Onlar öz günahlarından dolayı suda boğdurulub Cəhənnəmə daxil edildilər və özlərinə onları Allahdan qurtaracaq köməkçilər də tapa bilmədilər! Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! Çünki, Sən onları buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir nəsil doğub-törədəcəklər. (Nuh: 25–27).

Nuhun qövmü küfr və günah işlətməklə, həmçinin peyğəmbərlərinin bəd duası ilə yüklənmişdilər. Bu ərəfədə Uca Allah ona gəmi düzəltməyi əmr etdi. Bu nə əvvəllər misli görünməmiş, nə də bundan sonra misli görünməyəcək çox möhtəşəm bir gəmi idi.91

Uca Allah əvvəlcədən Nuha bildirdi ki, günahkar toplumdan yan keçməyəcək əzabı qövmünə gəldikdə onların bağışlanmasını istəməsin. Birdən, qövmünün əzabını gördükdə ürəyi yumşalıb belə bir istəyə düşər. Çünki, görmək eşitmək kimi deyil. Elə buna görə Uca Allah buyurur: Zülm edənlər barəsində Mənə ağız açma! Çünki, onlar suya qərq olunacaqlar. (Hud: 37).

Nuh gəmini düzəldirdi. Qövmündən kimsə onun yanından keçdikdə ona məsxərə edirdi. (Hud: 38). Onlar Nuhun vəd etdiyi əzabın real olmadığını düşünüb onu məsxərəyə qoyurdular. Nuh onlara deyirdi: “Əgər siz bizi məsxərəyə qoyursunuzsa, biz də sizi, siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq. (Hud: 38). Yəni, siz əzab gətirən küfrünüzdə və inadkarlığınızda davam etdikcə biz sizi məsxərəyə qoyuruq. Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz!” (Hud: 39).

Onların bu dünyadakı xasiyyətləri böyük küfr və hədsiz inadkarlıq etmək idi. Axirətdə də eyni xasiyyətli olacaqlar. Onlar özlərinə peyğəmbər göndərildiyini inkar edəcəklər. Bu haqda Buxaridə92 hədis rəvayət olunur. Əbu Səid deyir ki, Peyğəmbər  demişdir: "Nuh və ümməti (sorğu–sual meydanına) gələcəklər. Uca Allah Nuha deyəcək: Sən risaləti təbliğ etmisənmi? Nuh deyəcək: Bəli, ey Rəbbim! Sonra onun ümmətindən soruşacaq: O sizə təbliğ edibmi? Onlar deyəcəklər: Xeyr. Bizə heç bir peyğəmbər gəlməmişdi. Nuha deyəcək: Sənə kim şahidlik edə bilər? Nuh deyəcək: Muhəmməd və ümməti buna şahidlik edərlər. Biz də şahidlik edirik ki, o risaləti təbliğ etmişdi."

Ümmətimizin bu məziyyəti Uca Allahın bu ayəsində qeyd olunur: Beləliklə biz sizi orta bir ümmət etdik ki, insanlara şahidlik edəsiniz və peyğəmbər də sizə şahid olsun. (əl-Bəqərə: 143.) "Orta" sözü ədalətli mənasını daşıyır".

Bu ümmət sadiq və təsdiq olunmuş peyğəmbərinin şahidliyinə şahidlik edəcəkdir ki, həqiqətən Uca Allah Nuhu haqq ilə göndərmiş, haqqı ona nazil etmiş və onu təbliğ etməyi əmr etmişdir. O da öz qövminə bunu lazımi şəkildə təbliğ etmişdir. Dinlərində onlara fayda verəcək hər nə varsa onu əmr etmiş, ziyan verən şeyləri isə qadağan etmiş, çəkindirmişdi.

Ümmətimiz bütün peyğəmbərlərə belə şahidlik edəcək.

Hətta Nuh öz qövmünü Məsih Dəccaldan da çəkindirmişdi. Onların dövründə onun çıxması real olmasa da o öz ümmətinə şəfqət və mərhəmət göstərib onlar üçün ehtiyat edib bu haqda xəbərdarlıq etmişdi. Bu haqda Buxaridə93 hədis rəvayət olunur. İbn Ömər  deyir ki, Peyğəmbər  qalxıb insanlara vəz etdi (xütbə verdi). İlk olaraq Allaha layiqli həmd-səna etdi, sonra isə Dəccaldan bəhs etdi və dedi: "Mən sizi xəbərdar edirəm. Hər bir peyğəmbər öz qövmünü ondan xəbərdar etmişdir. Nuh da öz qövmini xəbərdar etmişdi. Amma mən sizə onun haqqında heç bir peyğəmbərin öz qövmünə demədiyi bir şeyi deyəcəm: Bilin ki, o təkgözdür. Allah isə təkgöz deyildir."

İki səhih kitabda Əbu Hureyrədən  rəvayət olunur ki, Peyğəmbər  belə demişdir: "Sizə heç bir peyğəmbərin Dəccal haqqında demədiyi bir şeyi deyimmi? O təkgözdür. O Cənnətə və Cəhənnəmə oxşar iki şey gətirəcək. Cənnət dediyi Cəhənnəmdir. Nuh öz qövmünü xəbərdar etdiyi kimi mən də sizi xəbərdar edirəm." Rəvayət Buxarinin94 tərtibatı ilə verilmişdir.

Bəzi sələf alimləri deyirlər: Allah Nuhun duasını qəbul etdikdə gəmini düzəltmək üçün ağac əkməyini əmr etdi. O da ağacı əkdi və böyüyəndən sonra kəsdi.

Bütün alimlər deyirlər ki, gəminin hündürlüyü otuz dirsək idi. Gəminin üç mərtəbəsi var idi. Hər mərtəbə on dirsək hündürlüyündə idi. Aşağı mərtəbə qurdlar və vəhşi heyvanlar, orta mərtəbə insanlar, üst mərtəbə isə quşlar üçün idi. Yanında qapısı, üstündə isə qapaq var idi.

Uca Allah buyurur: Nuh dedi: “Ey Rəbbim! Onların məni yalançı hesab etmələrinə qarşı mənə kömək et!” Biz Nuha belə vəhy etdik: “Gözlərimiz önündə və vəhyimiz üzrə gəmini düzəlt!... (əl-Muminun: 26–27). Yəni, gəmini bizim əmrimizə uyğun və gözümüzün qarşısında inşa et ki, tikintidə etdiyin səhvlərini düzəldək.


NUH PEYĞƏMBƏR  VƏ TUFAN HADİSƏSİ
Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin ölümünə əvvəlcədən hökm verilmiş kimsələr istisna olmaqla, ailə üzvlərini gəmiyə mindir! Zülm edənlər barəsində Mənə müraciət etmə! Çünki, onlar suya qərq olacaqlar. (əl-Muminun: 27).

Uca Allah Özünün böyük və ali əmrini Nuha çatdırdı. Göndərdiyi bəla gəldikdə heyvanların nəsli tükənməsin deyə bədənində ruh olan hər bir canlıdan bir dişi və bir erkək gəmiyə yığsın. Həmçinin ailəsinin kafir üzvlərini deyil, yalnız möminləri özü ilə götürsün. Çünki, artıq onun duası qəbul olunmuş və geri qaytarılan deyil. Buna görə də onlar üçün təyin olunmuş əzab mütləq baş verəcəkdir. Həmçinin Uca Allah bildirdi ki, əzab gəldikdə onlar üçün üzrxahlıq etməsin. Səbəbini isə əvvəlki fəsildə qeyd etmişdik.

Cumhur alimlər deyirlər ki, təndir sözü yer üzü mənasındadır. Yəni, yer hər tərəfdən qaynamağa başladı. Hətta od yanan təndirlər də qaynamağa başladı.

Uca Allah buyurur: Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman dedik: “Hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin ölümünə əvvəlcədən hökm verilmiş şəxslər istisna olmaqla, qalan ailə üzvlərini və iman gətirənləri gəmiyə mindir!” Əslində onunla birlikdə çox az adam iman gətirmişdi. (Hud: 40). Bu bir əmr idi ki, əzab baş verəndə Nuh hər cinsdən bir cüt gəmiyə mindirsin.

həmçinin ölümünə əvvəlcədən hökm verilmiş şəxslər istisna olmaqla, qalan ailə üzvlərini... yəni, kafir olduqları üçün sənin bəd duana aid edilənləri özünlə götürmə! Onların arasında Yam adlı oğlu da var idi.

və iman gətirənləri... yəni, ümmətindən sənə iman gətirənləri gəmiyə mindir. Əslində onunla birlikdə çox az adam iman gətirmişdi. Nuh peyğəmbərin uzun müddət öz qövmü arasında yaşayıb gecə–gündüz müxtəlif üsullarla: misallar çəkmək, mülayimlik göstərmək, əzabla təhdid etmək və ya Cənnətlə müjdələmək kimi üsullarla – dəvət aparmasına baxmayaraq az adam ona iman gətirdi.

Alimlər onunla gəmidə neçə nəfərin olması barədə müxtəlif fikirlər irəli sürüblər.

Uca Allah buyurur: Sən yanında olanlarla birlikdə gəmiyə minən kimi: “Bizi zalım tayfanın əlindən qurtaran Allaha həmd olsun!” – de! Həmçinin belə de: “Ey Rəbbim! Məni mübarək bir yerə endir. Sən sığınacaq verənlərin ən yaxşısısan!” (əl-Muminun: 28–29). Uca Allah Nuha əmr edir ki, gəmidə ona verilən nemətlərə şükür etsin. Belə ki, Uca Allah bu gəmi ilə onu xilas etd, onu qövmünün əziyyətindən qurtardı, ona müxalif olanlardan və onu təkzib edənlərdən canı rahat oldu.

Uca Allah buyurur: Və O Allah ki, ciftlər xəlq etdi, səvar olduğunuz gəmiləri və heyvanları yaratdı. Ona görə ki, onları minəsiniz, sonra minib oturduğunuz zaman Rəbbinizin nemətini yada salaraq deyəsiniz: “Bunları bizə ram edən Allah pakdır, müqəddəsdir! Əgər Allahın köməyi olmasaydı bizim onlara gücümüz çatmazdı. Həqiqətən, biz Rəbbimizin hüzuruna qayıdacağıq!” (əz–Zuxruf: 12–14).

Bir iş üçün dua edəndə əvvəlcədən onun xeyirli və bərəkətli, sonluğunun isə gözəl olması üçün dua etmək lazımdır. Peyğəmbər  Mədinəyə hicrət edəndə Uca Allah ona belə deməyi əmr etmişdi: De: “Ey Rəbbim! Məni daxil edəcəyin yerə xoşluqla daxil et, məni çıxaracağın yerdən də xoşluqla çıxart. Öz dərgahından mənə kömək edə bilən bir dəlil ver!” (əl-İsra: 80). Nuh peyğəmbər də bu tövsiyəyə əməl etmiş və demişdi: Nuh dedi: “Gəmiyə minin! Onun getməsi də, dayanması da Allahın adı ilədir.” (Hud: 41). Yəni, gəminin hərəkətə başlaması və dayanması Allahın adı ilə baş verir. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir! (Hud: 41). O, bağışlayan və rəhm edən olmaqla yanaşı əzabı da şiddətlidir. Uca Allah bir dəstəyə bəla göndərdikdə heç kəs bunun qarşısını ala bilməz. Necə ki, Allaha küfr edib başqasına ibadət edən bir qövmü məhv etmişdi.

Uca Allah buyurur: Gəmi onları dağlar kimi dalğaların içi ilə apardığı zaman Nuh (gəmidən) aralı olan oğlunu haraylayıb dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!” (Hud: 42). Uca Allah səmadan yerin heç vaxt görmədiyi və heç vaxt da görməyəcəyi bir yağış endirdi. Tuluğun ağzından su necə axırsa su da yerdən elə çıxırdı. Uca Allah yerə əmr etdi və onun hər yerindən su çıxmağa başladı. Uca Allah buyurur: (Nuh) Rəbbinə dua edib: “Mən məğlub oldum, buna görə də onlardan intiqam al!” – dedi. Biz göyün qapılarını sel kimi axan bir yağışla açdıq. Yeri yarıb bulaqlar qaynatdıq. Nəhayət, sular əzəldən müəyyən edilmiş bir iş üçün bir–birinə qovuşdu. Biz Nuhu taxtadan düzəlmiş və mismarlanmış gəmiyə mindirdik. (əl-Qəmər: 10–13). Gəmi mismarla bərkidilmişdi. İnkar edilmiş kimsəyə mükafat olaraq verilən gəmi gözümüzün qabağında üzüb gedirdi. (əl-Qəmər: 14). Yəni nəzarətimiz altında, qüdrətimizlə və mühafizəmizlə üzürdü.

Uca Allah buyurur: Həqiqətən, hər tərəfi su basdığı zaman sizi gəmiyə Biz daşıdıq. Ona görə ki, bunu sizə bir ibrət dərsi edək və dərk edən qulaq bunu eşidib yadda saxlasın! (əl-Haqqə: 11, 12).

Bir qrup təfsir alimi deyirlər ki, su yerin hər tərəfini əhatə etdi. Enini, uzununu, enişini, yoxuşunu, səhrasını, dağını, ucqar nöqtələrini, hətta ən yüksək dağ zirvəsini də su basdı. Yer üzündə yaşayan kiçik və ya böyük canlılardan heç biri sağ qalmadı.

Gəmi onları dağlar kimi dalğaların içi ilə apardığı zaman Nuh aralı olan oğlunu haraylayıb dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!” (Oğlu ona) belə cavab verdi: “Mən bir dağa sığınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs Onun əzabından qoruna bilməz!” Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir–birindən ayırdı və o da suda boğulanlardan oldu. (Hud: 42,43). Bu oğul kafir və pis əməl sahibi idi. O atasının dininə və məzhəbinə qarşı çıxıb həlak olanlarla birlikdə məhv oldu. Bununla belə atası ilə onun nəslindən olmayan insanlar xilas oldular. Çünki, onlar atasının dininə və məzhəbinə tabe olurdular. Uca Allah buyurur: Məni və mənimlə birlikdə olan möminləri qurtar! (əş–Şuəra: 118).

“Ey yer! Suyunu ud! Ey göy! Yağışını saxla!” – deyildi. Su çəkildi. İş bitdi. Gəmi Cudi dağı üzərində oturdu və: “Zalımlar məhv olsun!” – deyildi. (Hud: 44). Yer əhlinin işini bitirdikdən və yer üzündə Allahdan başqasına ibadət edən tək bir nəfər də qalmadıqdan sonra Uca Allah yerə suyunu udmağı, göyə isə suyunu saxlamağı əmr etdi. Su çəkildi. İş bitdi. Allahın əzəli elmində və qədərində əvvəlcədən təyin olunmuş bu hadisə baş tutdu.

“Zalımlar məhv olsun!” – deyildi. yəni, qüdrət dili ilə zalımların rəhmətdən və bağışlanmadan məhrum edildikləri göründü.

Buna görə onlar (Nuhu) yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi təkzib edənləri isə qərq etdik. Onlar, həqiqətən, kor bir camaat idilər. (əl-Əraf: 64).

Onlar yenə də Nuhu yalançı hesab etdilər. Biz Nuha və onunla birlikdə gəmidə olanlara nicat verdik, onları varislər etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırıb boğduq. Bir gör qorxudulanların axırı necə oldu!  (Yunus: 73).

Biz ayələrimizi yalan hesab edən bir qövmə qarşı ona yardım göstərmişdik. Onlar, həqiqətən, pis bir camaat idilər. Buna görə də Biz onların hamısını suya qərq etdik. (əl-Ənbiya: 77).

Buna görə də Biz onu və onunla birlikdə yüklü gəmidə olanları xilas etdik. Sonra yerdə qalanları suda boğduq! Şübhəsiz ki, bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi. (əş-Şuəra: 119-121).

Biz onu və onunla birlikdə gəmidə olanları qurtardıq və bunu aləmlərə bir ibrət etdik. (əl-Ənkəbut: 15).

Sonra başqalarını suda boğduq. (əs-Saffat: 82).

And olsun ki, Biz onu ibrət üçün saxladıq. Amma heç ibrət alan varmı?! Bir görəydiniz Mənim əzabım və qorxutmağım necə oldu! And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç ibrət alan varmı?! (əl-Qəmər:15-17).

Onlar öz günahlarından dolayı suda boğdurulub Cəhənnəmə daxil edildilər və özlərinə onları Allahdan qurtaracaq köməkçilər də tapa bilmədilər! Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! Çünki sən onları buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir nəsil doğub-törədəcəklər. (Nuh: 25–27).

Uca Allah onun duasını qəbul etdi və yer üzündə bir nəfər də olsun kafir saxlamadı.

Açıq-aşkar görünür ki, Uca Allah yer üzündə bir nəfər də olsun kafir saxlamadı. Amma bəzi təfsirçilər iddia edirlər ki, Əvac ibn Unuq (İbn Ənaq da deyilir) Nuhdan öncə olub Musanın vaxtına qədər yaşayıb. Onların dediklərinə görə o kafir, inadkar və zalım idi. Deyirlər ki, o düzgün olmayan yolla dünyaya gəlmişdir. Belə ki, anası Unuq bint Adəm onu zinadan doğmuşdur. Deyirlər ki, o boyunun uzunluğuna görə dənizin dibindən balığı çıxardır və günəşin şüasında qızardırdı. O gəmidə olanda Nuha deyirdi: Bu balaca qayıq sənindir? O Nuhu ələ salırdı. Həmçinin deyirlər ki, onun boyu üç min üç yüz otuz üç dirsək və üçdə biri qədər də artıq idi. Onlar onun barəsində bu və oxşar uydurma sözlər ifadə etmişlər. Əgər bu məlumat əksər təfsir və tarix kitablarında qeydə alınmasaydı biz bu rəvayəti əsla qeyd etməzdik. Çünki, bu rəvayət uydurmadır. Rəvayətin sözləri də yalandır. Həmçinin bu, ağıla və şəriət dəlillərinə ziddir.

Ağıla zidd olmasına gəlincə, necə olur ki, Nuhun oğlu kafir olduğuna görə həlak oldu. Halbuki onun atası ümmətin peyğəmbəri və iman əhlinin ağası idi. Amma Əvac ibn Unuq (Ənaq da deyilir), həlak olmadı. Halbuki təfsirçilərin dediklərinə görə o, Nuhun oğlundan daha zalım, daha qatı kafir idi.

Şəriət dəlillərinə zidd olmasına gəlincə, Uca Allah buyurur: Sonra başqalarını suda boğduq. (əs-Saffat: 82).

“Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! (Nuh: 26).

Həmçinin onların bu adamın boyunun bu qədər uzun olmasını demələri Buxari və Muslimdə rəvayət olunan hədislərə95 ziddir. Peyğəmbər  demişdir: "Allah Adəmi yaratdı və onun boyu altmış dirsək idi. Bu günə qədər insanlar qısalmaqdadırlar."

Bu sözlər, doğru danışan, sədaqətli və boş-boşuna danışmayan Peyğəmbərin  sözləridir. Uca Allah buna şahidlik edir: Onun danışdıqları ancaq nazil olan vəhydir. (ən-Nəcm: 4). Peyğəmbər  bildirir ki, Adəmdən özünün yaşadığı günə və ümumiyyətlə Qiyamətə qədər insanların boyu qısalmaqda davam edir. Bu isə o deməkdir ki, Adəmin zürriyətində ondan ucaboylu heç kəs olmayıb.

Görəsən Peyğəmbərin  bu kəlamını qoyub kitab əhlindən olan yalançı kafirlərin sözlərini əsas tutmaq nə dərəcədə doğrudur? O kitab əhli ki, özlərinə Allah tərəfindən verilmiş kitabları təhrif–təbdil edib, lazımsız yerə yozublar. Qiyamətə qədər Allahın davamiyyətli lənətinə layiq görülmüş belə xəyanətkarların və yalançıların ayrılıqda söylədikləri sözlərə inanmaq nə dərəcədə düzgündür?! Zənnimcə Əvac ibn Ənaq haqqında deyilən bu rəvayət onların peyğəmbərlərə düşmən kəsilmiş bəzi zındıqlarının və fasiqlərinin uydurmasıdır. Daha doğrusunu Allah bilir.

Daha sonra Uca Allah Nuhun öz oğluna görə Rəbbinə dua etməsini və onun batmasının səbəbini öyrənmək üçün verdiyi sualı xatırladır. Sual belə idi: "Sən ailəmin də mənimlə birlikdə xilas olacağını vəd etmişdin. Oğlum da ailəmdəndir, amma o suda boğuldu?!"

Ona cavab verildi ki, o sənin qurtulmasına vəd verdiyim ailəndən deyil. Yəni Biz sənə demişdik ki, ölümünə əvvəlcədən hökm verilmiş kimsələr istisna olmaqla, ailə üzvlərini gəmiyə mindir... (əl-Muminun: 27). Oğlunun ölümünə əvvəlcədən hökm verilmişdi ki, o da kafirlərdən olub suya qərq olacaq. Qədəri onu iman əhlindən uzaqlaşdırıb, özünün küfr və azğınlıq tərəfdarları ilə birgə suya qərq etdi.

Daha sonra Uca Allah buyurur: “Ey Nuh! Sənə və səninlə birlikdə olan camaatdan törənəcək ümmətlərə Bizdən əmin–amanlıq və bərəkət bəxş edilməklə (gəmidən) en! Bəzi ümmətlərə də dolanışıq verəcək, sonra isə onları şiddətli bir əzaba düçar edəcəyik!” (Hud: 48). Yer üzündən su çəkilib yaşamaq üçün əlverişli olduqdan sonra Nuha uzun yol qət edib Cudi dağının üzərində dayanmış gəmidən enmək əmr olundu. Bu dağ (Ərəbistan) yarımadasında məşhur bir dağdır. Bizdən əmin-amanlıq və bərəkət bəxş edilməklə (gəmidən) en! (Hud: 48). Sağ-salamat gəmidən en. Sənə və gələcək nəsillərə mübarək olsun. Yəni, sənin övladlarından törənəcək nəsillərə bərəkət olsun. Çünki Uca Allah Nuh ilə gəmidə olanların heç birinin nəslini və sülaləsini artırmadı. Yalnız Nuhun nəsli-nəcabəti artıb törədi. Uca Allah buyurur: Məhz onun nəslini baqi etdik. (əs-Saffat: 77). Bu gün yer üzündə nə qədər Adəm övladı varsa hamısı Nuhun üç oğluna: Sam, Ham və Yafəsə – nisbət olunurlar.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin