SALEH PEYĞƏMBƏRİN MÖCÜZƏSİ
«155. (Saleh) dedi: “Bu, dişi bir dəvədir. Su içmək növbəsi bir gün onun, bir gün sizindir! 156. Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar!”» (əş-Şuəra: 155-156). «...Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Buraxın Allahın torpağında otlasın, ona pislik etməyin, yoxsa çox şiddətli bir əzaba düçar olarsınız!» (əl-Əraf: 73). « Biz Səmud tayfasına açıq-aşkar bir möcüzə olaraq dişi bir dəvə verdik, lakin onlar ona zülm etdilər.» (əl-İsra: 59).
Təfsir alimləri belə rəvayət edirlər ki, bir gün Səmud qövmü bir araya toplanmışdılar. Allahın elçisi Saleh gəlib onları Allah yoluna dəvət etdi. Onlara Allahın nemətlərini xatırlatdı, günahlardan çəkindirdi, vəz edib Allahın əmrlərini onlara bildirdi. Qövmü isə ona dedi: Əgər sən bu daşdan – əlləri ilə işarə edib bir daş göstərdilər – bizim üçün bu və bu vəsflərlə bir dəvə çıxarsan səninlə razılaşarıq. Onlar ifrata varıb tam dəqiqliyi ilə bir dəvə vəsf etdilər. Saleh peyğəmbər dedi: "Əgər mən sizin istədiyinizi eynilə yerinə yetirsəm siz mənim gətirdiyim şəriətə iman gətirər, mənim gətirdiklərimi təsdiq edərsinizmi?" Onlar dedilər: Əlbəttə. Saleh peyğəmbər bu barədə onlardan əhd-peyman aldı.
Sonra namazgahına gedib qədərinə yazılan sayda Allah üçün namaz qıldı. Allaha dua edib qövmünün istədiyini verməyi dilədi. Uca Allah həmin daşa əmr etdi ki, yarılıb deyilən vəsflərə uyğun şəkildə əzəmətli bir dəvə çıxartsın. Qövmü istədiklərini olduğu kimi görəndə dəhşətə gəldilər, heyrət onları bürüdü. Bu böyük qüdrət nümunəsi və açıq-aşkar sübut idi. Qövmünün bir çox adamı ona iman gətirdi, amma əksəriyyət yenə də öz küfrlərinə, azğınlıqlarına və inadkarlıqlarına davam etdilər. Buna görə Uca Allah buyurur: «lakin onlar ona zülm etdilər.» (əl-İsra: 59). Yəni, əksəriyyət bu möcüzəni inkar etdi və onu gördükdən sonra da haqqa boyun əymədilər.
Bu səbəbdən Saleh peyğəmbər də onlara belə müraciət etmişdi: «64. Ey camaatım! Allahın bu dişi dəvəsi» (Hud: 64). O dəvəni şərəfləndirmək və onun əhəmiyyətini xatırlatmaq üçün onu Allaha nisbət edirdi. Allahın evi, Allahın qulu və sairə bu kimi ifadələr də eyni mənanı daşıyır. «sizin üçün bir möcüzədir.» (Hud: 64). Bu mənim dediklərimi təsdiq edən bir möcüzədir. «Qoyun Allahın torpağında otlasın, ona bir pislik etməyin, yoxsa şiddətli bir əzaba düçar olarsınız!» (Hud: 64).
İş elə gətirdi ki, dəvə onlarla qalası oldu. Dəvə onların ərazisində istədiyi yerdə otlaya bilər, günaşırı isə su içməyə gələ bilərdi. Su içməyə gələndə quyunun həmin günə olan suyunu içərdi. Camaat öz növbələri olan gün, ertəsi gün üçün ehtiyaclarını ödəyəcək qədər su yığırdılar. Deyilənə görə onlar dəvənin südündən kifayət qədər istifadə edirdilər. Elə buna görə ayədə deyilir: «Su içmək növbəsi bir gün onun, bir gün sizindir!» (əş-Şuəra: 155).
Uca Allah buyurur ki, «Biz onları imtahana çəkmək üçün bir dişi dəvə göndərəcəyik.» (əl-Qəmər: 27). Bu onların iman gətirib-gətirməyəcəklərini bildirən bir imtahan idi. Əlbəttə Allah onların nə edəcəklərini əvvəlcədən bilir, sən isə «Onların nə edəcəyini gözlə» (əl-Qəmər: 27) başlarına nə gələcəyini görərsən. Onlardan gördüyün əzab-əziyyətə də «döz!» (əl-Qəmər: 27). Onların xəbəri sənə apaydın çatacaq. «Və onlara suyun onlar arasında bölüşdürüldüyünü xəbər ver! Hərə öz növbəsində hazır olsun!» (əl-Qəmər: 28).
Dostları ilə paylaş: |