161. O zaman ki, qardaşları Lut onlara dedi: “Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı saydığınıza görə Allahın əzabından) qorxmursunuz?
162. Şübhəsiz ki, mən sizin üçün etibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Vədimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)
163. Artıq Allahdan qorxun və mənə itaət edin!
164. Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
165. Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz?
166. Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz (günah etməklə) həddi aşan bir camaatsınız!”
167. Onlar dedilər: “Ey Lut! Əgər (bu sözlərinə, bizi danlamağa) son qoymasan, (öz yurdundan) mütləq qovulacaqsan!”
168. (Lut) dedi: “Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm!
169. Ey Rəbbim! Məni və ailəmi bunların gördüyü (pis) işdən (onların bəd əməllərinin cəzasından) qurtar!”
170. Artıq Lutu və bütün ailəsini (əzabdan) xilas etdik.
171. Ancaq geridə qalan bir qadın (Lutun günahkar arvadı) istisna olmaqla!
Dostları ilə paylaş: |