YUSUFUN RÖYASI
4. Bir zaman Yusuf atasına demişdir: “Atacan! Mən (yuxuda) on bir ulduz və günəşlə ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (təzim) edirlər”.
5. (Atası Yəqub) dedi: “Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanların açıq-aşkar düşmənidir.
6. (Yuxuda gördüyün kimi) Rəbbin səni (başqalarından) seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa nemətini tamamlayıb (peyğəmbərlik) verdiyi kimi, sənə və Yəqub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir!” (Yusuf: 4-6).
Yəqubun on iki oğlan övladı var idi. İsrail oğullarının bütün nəsilləri onlara nisbət olunur. Onların ən şərəflisi Yusuf idi.
Bəzi alimlər deyirlər ki, qardaşlar arasında ondan başqa peyğəmbər yox idi. Yusufdan başqa heç birinə vəhy gəlməmişdi.
Onların bu hekayədə xatırlanan əməl və sözləri ilk baxışdan bu fikri dəstəkləyir.
Uca Allah buyurur: «Deyin: “Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladlarına (əl-əsbat) göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən (bütün) peyğəmbərlərə verilən şeylərə (möcüzələrə) inanmışıq.» (əl-Bəqərə: 136). Kim digər qardaşların peyğəmbər olduqlarına yuxarıdakı ayəni dəlil gətirir və ayədəki "əl-Əsbat" sözünün onlara aid olduğunu iddia edirsə onun bu sözü elə də tutarlı deyildir. Çünki ayədəki "əl-Əsbat" sözü İsrail oğullarının nəslindən olub vəhy verilən peyğəmbərlərinə şamildir. Daha doğrusunu Allah bilir.
Peyğəmbərliyin və elçiliyin məhz Yusufa verilməsini isbat edən digər əsas odur ki, ayədə Yusufdan başqa heç bir qardaşının adı çəkilmir. Bu bir daha yuxarıda dediyimiz fikri təsdiqləyir.
Həmçinin İmam Əhmədin :, Abdullah ibn Ömərdən rəvayət etdiyi hədisi də bura əlavə etmək olar. Peyğəmbər demişdir: "Səxavətli adam, səxavətlinin oğlu səxavətli oğlu səxavətli, İbrahimin oğlu İshaqın oğlu Yaqubun oğlu Yusufdur"230.
Təfsirçilər və digər alimlər deyirlər: "Yusuf həddi-buluğa çatmamış yuxuda görür ki, sanki – digər qardaşlarına işarə edən – on bir ədəd ulduz, ata və anasına işarə edən – günəş və ay ona səcdə edir. Bu röya onu bir qədər qorxutdu. Yuxudan oyandıqda röyasını atasına danışdı. Atası başa düşdü ki, o yüksək məqama sahib çıxacaq, dünya və axirətdə böyük hörmət qazanacaqdır. Elə bir məqama yetişəcək ki, hətta valideynləri və qardaşları ona tabe olacaqlar. Atası ona yuxusunu gizlətməyi və bu barədə qardaşlarına danışmamağı tövsiyə etdi. Çünki onlar buna görə Yusufa həsəd aparar, müxtəlif bəhanə və hiylə işlədib ona xətər toxundura bilərdilər."
Bu bizim əvvəldə dediyimiz bir fikri də dəstəkləyir. Buna görə bəzi rəvayətlərdə belə deyilir: "İşlərinizi tamamlamaq üçün onları sirr saxlayın. Çünki nemət verilən insan həsəd olunar."231
Kitab əhlinin rəvayətlərində232 isə deyilir ki, o yuxusunu həm atasına, həm də qardaşlarına danışmışdı. Bu onların səhvidir.
Dostları ilə paylaş: |