15. (Qardaşları) onu (Yusufu) götürüb (çölə) apararkən onu quyuya atmaq üçün sözü bir yerə qoydular. Biz (Yusufa): “Sən (bir vaxt) onlara (qardaşlarına) özlərinin bu işi barəsində heç gözləmədikləri (səni tanımadıqları) halda xəbər verəcəksən!” – deyə vəhy etdik.
16. Onlar axşamüstü ağlaya-ağlaya atalarının yanına gəldilər.
17. Və dedilər: “Ata! Biz bir-birimizlə yarışmaq üçün (səhraya) getmişdik və Yusufu şeylərimizin (libaslarımızın) yanında qoymuşduq. Bir də xəbər tutduq ki, qurd onu yemişdir. İndi biz doğru danışsaq da, sən bizə inanmayacaqsan!”
18. Onlar (Yusufun) köynəyinin üstünə yalandan bir qan (ləkəsi yaxıb) gətirmişdilər. (Yəqub) dedi: “Xeyr (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbir gərəkdir. Dediklərinizdən (Yusuf barəsində dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır!”» (Yusuf: 15-18).
Onlar dediklərində israr edib atalarını razı saldılar və atası Yusufun onlarla getməsinə icazə verdi. Atalarının gözündən itən kimi öz əməlləri və sözləri ilə Yusufu söyməyə və alçaltmağa başladılar. Onlar hamılıqla onu götürüb quyunun dərinliyinə, oradakı böyük daşın üzərinə atdılar. Bəzi quyuların dibində daş olurdu və quyunun suyu azaldıqda, su doldurmaq istəyən adam içəri enir və daşın üzərində dayanıb su doldururdu. Bəzi quyularda isə suyu yalnız ipə bağlanmış qab vasitəsi ilə çıxarmaq olurdu. Yusufu birinci növ quyuya atmışdılar.
Onu quyuya atdıqdan sonra Uca Allah ona vəhy nazil etdi və bildirdi ki, sənin üçün bu tələdən mütləq bir çıxış yolu vardır. Bir vaxt gələcək qardaşların sənə möhtac olacaq və səndən qorxacaqlar. Sən isə hörmət sahibi olacaqsan. O zaman sən qardaşlarına «heç gözləmədikləri halda» bu etdiklərini xatırladacaqsan.
İbn Abbas «heç gözləmədikləri halda» ayəsi haqqında demişdir: "Yəni onlar səni tanımadıqları halda sən onlara bu barədə xəbər verəcəksən." İbn Cərir234 rəvayət etmişdir.
Onlar Yusufu quyuya atdıqdan sonra onun köynəyini götürüb qana buladılar. Axşam düşəndə qardaşlarına görə kədərlənirmiş kimi, ağlaya-ağlaya atalarının yanına gəldilər. Buna görə bəzi sələflər belə deyərdilər: "Özünü məzlum göstərənin ağlamağı səni aldatmasın. Ola bilər özü zalımdır, özü də ağlayır." Onlar buna Yusufun qardaşlarının ağlamalarını misal çəkirdilər.
Dostları ilə paylaş: |