YUSUFUN ZİNDANA DÜŞMƏSİ 35. (Vəzir və ailəsi Yusufun günahsız olduğunu sübut edən) dəlilləri gördükləri halda, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər.
36. Onunla birlikdə iki cavan oğlan da zindana atıldı. Onlardan biri dedi: “Mən (yuxuda) gördüm ki, şərab (üçün üzüm) sıxıram”. Digəri isə belə dedi: “Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan yeyir. Gəl bu yuxunu bizə yoz. Biz, həqiqətən, sənin yaxşı adamlardan olduğunu görürük!”
37. (Yusuf) belə cavab verdi: “Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mənasını sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim!
38. Mən ata-babalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Bu (tövhid) Allahın bizə və (bütün) insanlara bəxş etdiyi nemətdir, lakin insanların əksəriyyəti (Ona) şükür etməz!
39. Ey mənim iki zindan yoldaşım! Ayrı-ayrı İlahlar daha yaxşıdır, yoxsa bir olan, qadir olan Allah?!