YUSUFUN QARDAŞLARININ MİSİRƏ AZUQƏ DALINCA GƏLMƏLƏRİ
58. (Misirə ərzaq üçün yollanan) Yusufun qardaşları gəlib onun hüzuruna daxil oldular. Onlar tanımadıqları halda, (Yusuf) onları dərhal tanıdı.
59. (Yusuf) onların (ərzaq) yüklərini hazırlayıb dedi: “Atabir qardaşınızı yanıma gətirin. Məgər mənim ölçüdə düz və qonaqpərvərlərin ən yaxşısı olduğumu görmürsünüz?!
60. Əgər onu yanıma gətirməsəniz, məndən bir qab (keyl) belə ərzaq gözləməyin və mənə də yaxınlaşmayın!”
61. (Yusufun qardaşları) dedilər: “Ondan ötrü atasını yola gətirməyə çalışarıq və sözsüz ki, (bunu) edərik”.
62. (Yusuf) xidmətçilərinə dedi: “Onların (ərzaq əvəzinə verdikləri) mallarını da (xəlvətcə) yüklərinin içinə qoyun. Bəlkə, ailələrinə döndükdə onu (mallarının geri qaytarıldığını) başa düşsünlər və ola bilsin ki, (yenidən ərzaq almaq üçün bir daha yanımıza) qayıtsınlar!”» (Yusuf: 58-62).
Uca Allah Yusufun qardaşlarının azuqə dalınca Misir torpaqlarına gəlmələrini xatırladır. Bu hadisə hər yanı bürümüş qıtlıq ilində baş vermişdi. O zaman Yusuf həmin torpaqlarda din və dünya işlərinin hakimi idi. Onlar içəri daxil olanda, Yusuf onları tanıdı. Amma onlar Yusufu tanımadılar. Çünki onlar Yusufun belə yüksək məqama sahib olduğunu heç ağıllarına belə gətirmirdilər.
Uca Allah buyurur: «59. (Yusuf) onların (ərzaq) yüklərini hazırlayıb» Hər kəsə şamil olunan adam başına bir dəvə yükü azuqəni onlar üçün hazırladı və sonra dedi: «Atabir qardaşınızı yanıma gətirin.» Yusuf onlardan necə dolandıqlarını və neçə nəfər olduqlarını soruşmuşdu. Onlar demişdilər: Biz on iki nəfərdik. Ondan biri gedib və onun doğma qardaşı atamızın yanında qalıb. Yusuf onlara dedi: Gələn il gələndə onu da özünüzlə gətirərsiniz. «Məgər mənim ölçüdə düz və qonaqpərvərlərin ən yaxşısı olduğumu görmürsünüz?!» Mən sizi xoş qarşıladım və sizə artıqlaması ilə azuqə ayırdım. Bunu təşviq üçün deyirdi ki, gələn dəfə kiçik qardaşlarını da özləri ilə gətirsinlər. Onları hədələyərək kiçik qardaşlarını gətirməyəcəkləri təqdirdə bu cür olacağını dedi: «60. Əgər onu yanıma gətirməsəniz, məndən bir qab (keyl) belə ərzaq gözləməyin və mənə də yaxınlaşmayın!”» Sizə heç bir azuqə verən deyiləm. Birinci gəlişlərində təqdim etdiyi paydan fərqli olaraq, hətta bir qab yemək də verməyəcəyini bildirdi. Yusuf atabir anabir qardaşının gətirilməsi üçün əlindən gələni edirdi.
Dostları ilə paylaş: |