73. (Yəqubun oğlanları) dedilər: “Allaha and olsun! Siz də yəqin bilirsiniz ki, biz bu yerə (Misir torpağına) fitnə-fəsad salmaq üçün gəlməmişik və biz oğru da deyilik!”
74. Onlar soruşdular: “Əgər yalan desəniz (yalançı çıxsanız), onun (oğrunun su qabını götürənin) cəzası nədir?”
75. (Qardaşlar:) “Onun cəzası yükündə (oğurluq şey) tapılan adamın özüdür (onun kölə edilməsidir). Biz zalımları belə cəzalandırırıq!” – deyə cavab verdilər.
76. (Yusuf doğma) qardaşının yükündən (qabından) əvvəl onların yüklərini axtarmağa başladı, sonra su qabını qardaşının yükündən (tapıb) çıxartdı. Biz Yusufa (qardaşını yanında saxlamaq üçün) belə bir tədbir öyrətdik. Yoxsa padşahın (Misir hökmdarının) dininə (şəriətinə, qanunlarına) görə, o, qardaşını tutub öz yanında saxlaya bilməzdi. Allahın istədiyi isə müstəsnadır. (Yalnız Allah istədiyi üçün bu belə oldu). Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər biləndən üstün bir bilən də vardır!