76. Əbədi qalacaqları, altından çaylar axan Ədn Cənnətləri. Bu, pak olanların mükafatıdır.» (Taha: 70-76).
Səid ibn Cubeyr, İkrimə, Qasim ibn Əbu Bəzzə, Ovzai və başqaları deyirlər: "Sehrbazlar səcdə edəndə gözlərinin önündə Cənnətdə onların gəlişi məqsədi ilə onlar üçün hazırlanan, bəzədilən qəsrlərini və evlərini gördülər. Buna görə onlar Fironun hədə-qorxusuna məhəl qoymadılar".
Firon sehrbazların müsəlman olduqlarını, Musanın və Harunun adını gözəl şəkildə məşhurlaşdırdıqlarını gördükdə, digər tərəfdən də onu heyrətləndirən lakin bəsirət gözünü kor edən bir hadisnənin şahidi olduqda qorxuya düşdü. Çünki Firon Allah yolunun qarşısını kəsmək üçün çox hiyləgər və xain idi. O hamının önündə üzünü sehrbazlara tərəf tutub dedi: «“Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz,» Məgər siz adamlarımın gözü önündə etdiyiniz bu pis işinizə görə əvvəlcə mənimlə məşvərət etməli deyildinizmi?! Sonra onları hədələdi və özündən yalan uydurub dedi: «çünki o, əslində sizə sehr öyrədən böyüyünüzdür.» Başqa ayədə isə belə deyilir: «Bu şübhəsiz ki, əhalisini çıxartmaq məqsədilə şəhərdə qurduğunuz bir hiylədir. (Gördüyünüz işlərə görə başınıza nə oyun açacağımı) biləcəksiniz!» (əl-Əraf: 123). Onun söylədiyi böhtandır. Hər bir aqil insan bu sözdəki küfrü, yalanı və sərsəmliyi dərhal aşkar edir. Hətta belə bir sözlə uşağı da aldatmaq mümkün olmaz. Onun dövlətindəki bütün insanlar və qeyriləri bilirlər ki, bu sehrbazlar heç vaxt Musanı görməyiblər. Necə ola bilər ki, Musa onların sehr öyrədən başçıları olsun?! Həmçinin Musa nə onları toplamış, nə də onların gəlişindən xəbəri olmamışdı. Onları Firon özü çağırmış, Misirin ucqar yerlərindən, uzaq kənd və şəhərlərindən toplamışdı.
Uca Allah əl-Əraf surəsində (103-126) buyurur: «103. Onlardan sonra Musanı möcüzələrimizlə Firona və onun əyanlarına göndərdik. Onlar inkar etdilər. Bir gör fəsad törədənlərin axırı necə oldu! 104. Musa dedi: “Ey Firon! Mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! 105. Mən Allah barəsində yalnız haqqı deməyə borcluyam. Mən sizə Rəbbinizdən açıq-aşkar bir dəlil gətirmişəm. İndi İsrail oğullarını mənimlə bərabər göndər!” 106. (Firon Musaya) dedi: “Əgər möcüzə ilə gəlmisənsə və doğru deyirsənsə, onu gətir göstər!” 107. (Firon bunu deyən kimi) Musa əsasını atdı və o, dərhal aşkar görünən bir ilan oldu. 108. (Sonra) əlini çıxartdı və o, bir anda baxanlara nur kəsildi. 109. Firon tayfasının əyanları dedilər: “Şübhəsiz ki, bu çox bilikli bir sehrbazdır. 110. O sizi yurdunuzdan çıxartmaq istəyir!” (Firon da:) “Elə isə tədbiriniz nədir?” 111. Onlar dedilər: “Onu (Musanı) qardaşı (Harun) ilə birlikdə saxla və şəhərlərə (sehrbazları) yığan adamlar göndər ki, 112. Nə qədər bilikli sehrbaz varsa, hamısını tutub gətirsinlər!” 113. Sehrbazlar Fironun yanına gəlib dedilər: “Əgər biz (Musaya) üstün gəlsək, yəqin ki, bizə bir mükafat veriləcək!” 114. (Firon:) ”Bəli şübhəsiz ki, siz (mənə) ən yaxın adamlardan olacaqsınız!” – deyə cavab verdi. 115. Sehrbazlar dedilər: “Ey Musa! Ya sən at, ya da biz ataq!” 116. (Musa:) “Siz atın” – dedi. Onlar atdıqda, adamların gözlərini bağlayıb onları qorxutdular və böyük bir sehr göstərdilər. 117. Biz də Musaya: “Əsanı tulla!” – deyə vəhy etdik. Bir də gördülər ki, əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. 118. Artıq haqq zahir, onların uydurub düzəltdikləri yalanlar isə batil oldu. 119. (Sehrbazlar) orada məğlub edildilər və xar olaraq geri döndülər. 120. Onlar səcdəyə qapanıb 121. Dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə – 122. Musanın və Harunun Rəbbinə!” 123. Firon dedi: “Mən sizə izin vermədən əvvəl siz ona iman gətirdiniz?” Bu, şübhəsiz ki, əhalisini çıxartmaq məqsədilə şəhərdə qurduğunuz bir hiylədir. (Gördüyünüz işlərə görə başınıza nə oyun açacağımı) biləcəksiniz! 124. Əl-ayağınızı çarpaz kəsdirəcək, sonra isə hamınızı çarmıxa çəkdirəcəyəm!” 125. (Sehrbazlar) belə cavab verdilər: “Şübhə yoxdur ki, biz Rəbbimizin hüzuruna dönəcəyik! 126. Sənin bizdən intiqam almağın isə ancaq Rəbbimizin möcüzələri gələn kimi bizim onlara iman gətirməyimizə görədir. Ey Rəbbimiz! Bizə səbir əta et və bizi müsəlman olaraq öldür!”»
Uca Allah Yunus surəsində isə (75-82) belə buyurur: «75. Onlardan sonra Musanı və Harunu Firona və camaatına açıq möcüzələrlə peyğəmbər göndərdik. Lakin onlar özlərinə sığışdırmadılar və günahkar bir tayfa oldular. 76. Onlara Bizim tərəfimizdən haqq gəldikdə: “Bu, aşkar bir sehrdir!” – dedilər. 77. Musa onlara belə dedi: “Məgər sizə haqq gəldiyi zaman onun barəsində beləmi deyirsiniz? Bu sehrdirmi? Sehrbazlar nicat tapmazlar!” 78. Onlar (Musaya və Haruna): “Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!” – dedilər. 79. Firon: “Nə qədər bilikli sehrbaz varsa, gətirin!” – dedi. 80. Sehrbazlar gəldikdə Musa: “Nə atacaqsınızsa, atın!” – dedi. 81. Onlar atdıqda Musa dedi: “Sizin etdiyiniz hər şey sehrdir. Allah, sözsüz ki, onu batil edəcəkdir. Allah fitnə-fəsad törədənləri sevməz! 82. Günahkarlar istəməsələr də, Allah kəlamları ilə haqqı gerçəkləşdirəcəkdir!”»
Uca Allah əş-Şuəra surəsində (29-51) buyurur: «29. (Firon:) “Əgər məndən başqa ilah qəbul etsən, səni mütləq dustaq edəcəyəm!” – dedi. 30. (Musa) dedi: “Əgər sənə açıq-aşkar bir şey gətirsəm necə?” 31. (Firon) “Əgər doğru deyirsənsə, onu gətir!” – dedi. 32. (Musa) əsasını atan kimi, o dərhal açıq-aşkar bir ilan oldu. 33. Sonra əlini çıxarar-çıxartmaz o, baxanlara ağappaq göründü. 34. (Firon) ətrafındakılara dedi: “Şübhəsiz ki, bu, çox bilikli bir sehrbazdır! 35. O öz sehri ilə sizi yurdunuzdan çıxartmaq istəyir. Nə buyurursunuz?” 36. Onlar dedilər: “Onu və qardaşını bir qədər gözlət və şəhərlərə də adamlar göndər ki, 37. Bütün bilikli sehrbazları sənin yanına gətirsinlər!” 38. Nəhayət, sehrbazlar məlum bir günün müəyyən vaxtında yığıldılar. 39. (Fironun xidmətçiləri tərəfindən camaata) deyildi: “Siz də yığılırsınızmı? 40. Əgər sehrbazlar (Musaya) üstün gəlsələr, güman ki, biz də onlara tabe olarıq!” 41. Sehrbazlar gələn kimi Firona dedilər: “Əgər biz (Musaya) qalib gəlsək, yəqin ki, bizə bir muzd veriləcək, elə deyilmi?” 42. (Firon) dedi: “Bəli! Və üstəlik siz (mənə) yaxın adamlar olacaqsınız!” 43. Musa onlara dedi: “Nə atacaqsınız, atın!” 44. Onlar iplərini və əsalarını yerə atıb: “Fironun şan-şövkətinə and olsun ki, biz üstün gələcəyik!” – dedilər. 45. Bundan sonra Musa da əsasını atdı. Dərhal onların hoqqabazlıqla düzəltdiyi şeyləri uddu. 46. Sehrbazlar səcdəyə qapandılar. 47. Və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə! 48. Musanın və Harunun Rəbbinə!” 49. (Firon) dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz, çünki o, həqiqətdə sizə sehr öyrətmiş olan böyüyünüzdür. (Heç eybi yoxdur. Əzabımın nə olduğunu) sözsüz ki, biləcəksiniz. Mütləq əl-ayağınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm!” 50. (İman gətirmiş sehrbazlar) dedilər: “Zərəri yoxdur, biz öz Rəbbimizə tərəf (Allahın hüzuruna) dönəcəyik! 51. Biz ilk iman gətirənlər olduğumuza görə Rəbbimizin xətalarımızı bağışlayacağına ümid edirik!”»
Məqsəd odur ki, Firon «o, həqiqətdə sizə sehr öyrətmiş olan böyüyünüzdür.» (Taha: 71) – deməklə yalan danışır, iftira atır və çox böyük küfr edirdi. O hər kəsin yalan olduğunu bildiyi bu böhtanı söyləyirdi. «Bu şübhəsiz ki, əhalisini çıxartmaq məqsədilə şəhərdə qurduğunuz bir hiylədir. (Gördüyünüz işlərə görə başınıza nə oyun açacağımı) biləcəksiniz!» (əl-Əraf: 123). Uca Allah buyurur: «Mütləq əl-ayağınızı çarpaz kəsdirib» çarpaz dedikdə sağ əli və sol ayağı, yaxud əksinə sol əli və sağ ayağı kəsmək nəzərdə tutulur. «hamınızı çarmıxa çəkdirəcəyəm!» Heç kəs onların ardınca getməsin deyə bir dərs olaraq onlara belə işkəncə verəcəyəm. Ona görə başqa ayədə belə deyilirdi: «...xurma ağaclarının kötüklərindən asacağam.» (Taha: 71). Çünki xurma ağacının kötükləri hündür olur və daha uzaqdan müşahidə edilir. «Onda hansımızın» dünyada daddırdığı «əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!”»
Dostları ilə paylaş: |