«30. O mömin adam dedi: “Ey qövmüm! Mən sizə (kafir) firqələrə gəlmiş olan bir günün gəlməsindən qorxuram! 31. Nuh, Ad, Səmud qövmlərinin və onlardan sonra gələnlərin cəzası kimi bir cəza verilməsindən (ehtiyat edirəm). Allah Öz bəndələrinə əsla zülm etmək istəməz! 32. Ey qövmüm! Mən başınıza gələcək fəryad qoparacağınız gündən qorxuram. 33. (Qorxudan) üz çevirib qaçacağınız gün sizi Allahdan qoruyan tapılmaz. Allahın yoldan etdiyi kimsəyə də yol göstərən olmaz!” 34. And olsun ki, daha öncə Yusuf sizə açıq-aşkar dəlillər (möcüzələr) gətirmişdi. Siz onun gətirdiklərinə şəkk edib dururdunuz. Nəhayət, (Yusuf) vəfat etdikdə: “Allah ondan sonra əsla peyğəmbər göndərməyəcəkdir!” – dediniz. Allah (küfr etməklə) həddi aşan, şəkk içində olan kimsəni belə yoldan azdırar! 35. O kəslər ki, (Rəbbindən) özlərinə heç bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edərlər. Bu həm Allah, həm də iman gətirənlər yanında nifrət artırar. Allah hər təkəbbür sahibinin, zalımın ürəyini belə möhürləyər!» (əl-Mumin, Ğafir: 30-35).
Allah dostu onları Allahın elçisi Musanı təkzib edəcəkləri təqdirdə əvvəlki ümmətlərin başına gələn müsibətlərin onlara da gələ biləcəyi ilə xəbərdarlıq edir. Onların Nuh, Ad, Səmud və bunlardan sonra yaşayan qövmlərin başlarına gələn müsibətlər haqqında çox dəqiq məlumatları vardı. Uca Allah bu müsibətləri göstərməklə bir daha göndərdiyi peyğəmbərlərinin sadiq olduqlarını insanlara açıq dəlillə göstərmişdir. Elçilərə iman gətirənləri müsibətlərdən qorumuş, inkar edən düşmənlərini isə məhv etmişdir. O öz qövmünü Qiyamət günü ilə də qorxudur. Bu gün hay-haray, yəni insanların bir-birini köməyə çağırdığı gündür. Onlar bir-birindən kömək istəyəcək, amma buna nail olmayacaqlar. «10. Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir. 11. Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır! 12. O gün duracaq yer ancaq Rəbbinin hüzurudur!» (əl-Qiyamə: 10-12). Digər ayədə belə buyurulur: «33. Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın. Siz (oradan) ancaq qüvvətlə çıxa bilərsiniz! 34. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?! 35. (Qiyamət günü) sizin üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək və siz bir-birinizə kömək də edə bilməyəcəksiniz. 36. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!» (ər-Rahmən: 33-36).
Bəzi qiraətlərdə ayədəki "hay-haray günü" mənasını ifadə edən «ət-tənədi» sözü «ət-tənəddi» kimi oxunur. Bu təqdirdə sözün mənası "qaçış günü" olur. Bu qaçmaq ya Qiyamət günündə, ya da dünyadakı müsibət anı gəldikdə qaçıb canını qurtarmaq mənasındadır. Onlar qaçmaq istəyirlər, lakin bu fürsətdən istifadə edə bilmirlər: «12. Onlar əzabımızı (onları məhv edəcəyimizi) hiss edən kimi dərhal oradan (öz yurdlarından) qaçmağa üz qoydular. 13. (Mələklər istehza ilə onlara belə dedilər:) “Qaçmayın, kef çəkdiyiniz yerə, məskənlərinizə qayıdın”. Yəqin ki, sorğu-sual ediləcəksiniz!» (əl-Ənbiya: 12-13).
Sonra onlara Misir torpaqlarında peyğəmbərlik etmiş Yusufu, onun insanlara həm dünya, həm də axirət işlərində xeyirxahlıq etdiyini xatırlatdı. Musa onun nəslindən olan biridir. O da insanları tövhidə (tək Allaha) və yalnız Ona ibadətə çağırır, heç bir məxluqu Ona şərik qoşmamağı təbliğ edirdi. Daha sonra o zaman yaşamış Misir camaatından bəhs edir və bildirir ki, elə o vaxt da təkzib etmək və peyğəmbərlərə müxalif olmaq onların xasiyyəti idi. Bu səbəbdən onlara belə deyirdi: « Siz onun gətirdiklərinə şəkk edib dururdunuz. Nəhayət, (Yusuf) vəfat etdikdə: “Allah ondan sonra əsla peyğəmbər göndərməyəcəkdir!” – dediniz.» Yəni bunu deməklə yalan danışdınız. «Allah (küfr etməklə) həddi aşan, şəkk içində olan kimsəni belə yoldan azdırar! 35. O kəslər ki, (Rəbbindən) özlərinə heç bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edərlər.» O kəslər ki, Allahın göndərdiyi dəlilləri, heç bir əsasları olmadan Onun təkliyini təsdiq edən sübutları rədd edərlər, bax belələrinə və bu xüsusiyyətdə olanlara qarşı Allah çox qəzəblənər, intiqam alar. «Allah hər təkəbbür sahibinin, zalımın ürəyini belə möhürləyər!» Qəlblər haqqa qarşı çıxarlarsa, Allah həmin qəlbləri içində olan müxalif etiqadla birlikdə möhürləyər.
Dostları ilə paylaş: |