«87. Musaya və qardaşına: “Camaatınız üçün Misirdə evlər tikdirib onları qiblə (namazgah) edin, namaz qılın və möminləri müjdələyin!” – deyə vəhy etdik.» (Yunus: 87).
Uca Allah Musaya və qardaşı Haruna öz qövmləri üçün sirri yalnız özlərinə məlum olan fərqli evlər tikdirməyi əmr etdi ki, onlara şəhərdən çıxmaq əmr olunduqda dərhal oradan çıxsınlar. Evlərin qibtilərin evlərindən fərqli olması onların bir-birinin evini kənardan tanıması üçün idi. «onları qiblə (namazgah) edin,» Deyilir ki, evlərinizi məscid edin, yaxud orada çoxlu namaz qılın. İkinci mənaya əsasən, çoxlu namaz qılmaqla sıxıntıdan və müsibətdən qurtulun. Uca Allah bu mənada buyurur: «45. (Müsibət vaxtında) səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir.» (əl-Bəqərə: 45). "Bir iş Peyğəmbərə sıxıntı verdikdə namaz qılardı"303.
Bəzi alimlər isə deyirlər ki, onlar öz vaxtlarında cəmiyyətdə və məbədlərdə açıq şəkildə ibadət edə bilmirdilər. Fironun zülmündən qorxub haqq dinə ibadət edə bilmədikləri günlərin əvəzində evlərində ibadət etmək əmr olundu. Birinci məna daha tutarlıdır. Çünki Uca Allah ayənin sonunda deyir ki, «möminləri müjdələyin!». Amma ikinci məna da inkar olunmur. Daha doğrusunu Allah bilir.
«88. Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və əyan-əşrəfinə dünyada zinət və mal-dövlət ehsan etdin! Ey Rəbbimiz! Bunları Sənin yolundan azdırmaq üçün verdin? Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və ürəklərini möhürlə ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!” 89. (Allah) buyurdu: “Hər ikinizin duası qəbul olundu. Siz (öz çağırışınızda) sabitqədəm olun və cahillərin yoluna uymayın!» (Yunus: 88-89).
Bu Musa Kəlimullahın Allahın düşməni Firona qarşı etdiyi əzəmətli duadır. Firon haqqa boyun əyməkdə təkəbbürlük etdiyi üçün, Allahın yoluna ədavət göstərdiyinə və inadkarcasına batil yolda qaldığına görə Musanın ona Allah üçün qəzəbi tutmuşdu. O doğrudan da hissi və mənəvi yollarla ona göstərilən gün kimi aydın haqqı inkar edirdi. Musa deyirdi: «Ey Rəbbimiz! Sən Firona və əyan-əşrəfinə» qibtilərə və onların batil inancı ilə inananlara «dünyada zinət və mal-dövlət ehsan etdin!» Dünyaya həris olanlar belə şeylərlə qürurlanarlar. Cahil insan elə bilir ki, o nəyəsə nail olub. Lakin bütün bu mal-dövlət, geyim və gözəl minik zinətləri, hündür evlər, möhtəşəm qəsrlər, dadlı yeməklər, gözəl mənzərələr, taxt-tac və şan-şöhrət hamısı dünyaya aiddir, dinə yox. «Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et» İbn Abbas və Mücahid deyirlər ki, ayənin mənası "onları həlak et!" – deməkdir.
Dostları ilə paylaş: |