Rəhman və Rəhim olan Allahın adı ilə


«10. Musanın anasının ürəyi bomboş olmuşdu.»



Yüklə 3,81 Mb.
səhifə407/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   403   404   405   406   407   408   409   410   ...   532
«10. Musanın anasının ürəyi bomboş olmuşdu.» Qəlbində Musadan başqa heç bir şeyin dərdi yox idi. Cəlladlar bu xəbəri eşidəndə, Musanı kəsmək üçün əllərində qılınc ilə Fironun arvadının yanına gəldilər. Ey İbn Cubeyr, bu da sınaqlardan biridir!

Fironun arvadı dedi: "Ondan əl çəkin. Bir nəfərlə İsrail oğullarının sayı artmaz. Qoyun Fironun yanına gedim onu özümə pay istəyim. Əgər o, bunu etsə, demək siz də öz işinizi yaxşı görmüş olarsınız. Yox əgər onu kəsməyi əmr etsə, mən sizə heç nə deyən deyiləm. O, Fironun yanına gəlib dedi: «“Bu uşaq həm mənim, həm də sənin gözaydınlığındır.» Firon dedi: "Sənin üçün ola bilər. Amma mənim ona ehtiyacım yoxdur". Peyğəmbər  dedi: "Anda layiq olan Allaha and olsun! Əgər Firon da arvadı kimi onu özünə göz bəbəyi seçsəydi, ona da arvadı kimi Allah tərəfindən hidayət verilərdi. Amma onu bundan məhrum etdi." Arvadı köməkçilərini göndərdi ki, yaxınlıqdakı qadınlardan bir nəfəri ona dayə seçsinlər. Onu əmizdirməyə gələn qadınlar ona süd vermək istəyəndə uşaq heç birinin döşünü götürmədi. Fironun arvadı uşağa baxıb məyus oldu. Çünki süd yeməsə ölə bilərdi. Bu, onu çox kədərləndirdi. O, uşağı bazara, camaat sıx olan yerlərə çıxartmağı əmr etdi ki, bəlkə bu yolla onun üçün bir dayə tapılar. Amma uşaq heç kəsi qəbul etmirdi.

Musanın anası qəm-kədər içində oyandı və bacısına dedi: "Get uşaqdan xəbər bil. Bax gör nə isə eşidə bilərsənmi? Bax gör sağdır, yoxsa heyvanlara yem olub?" Anası Allahın ona söylədiyi vədi unutmuşdu.

Bacısı heç kəsin xəbəri olmadan kənardan uşağı gördü. O uşağın dayələrdən imtina etdiyini görüb sevindiyindən dedi: «“Sizin üçün o uşağa süd verməyi təmin edəcək, həm də ona qarşı xeyirxah olacaq bir ailəni sizə nişan verimmi?”» (əl-Qasas: 12). Onlar qızı kənara çəkib dedilər: "Nə bilirsən ki, onlar ona qarşı xeyirxah olacaqlar? Onlar uşağı tanıyırlarmı?" Onlar bu işdən şübhələnmişdilər. Ey İbn Cubeyr, bu da sınaqlardan biridir! Qız dedi: "Onlar padşaha yaxın olmaq və onun bu işdən xoşhal olmasını təmin etmək üçün ona xeyirxah davranarlar". Onlar qızı sərbəst buraxdılar. O, anasının yanına gəlib olanları danışdı. Anası oğlunun yanına gəldi. Onu sinəsinə sıxan kimi uşaq qarnı tam doyana qədər süd yedi.

Müjdəçi Fironun arvadının yanına gedib "Oğlun üçün dayə tapdıq", – deyə, şad xəbəri çatdırdı. Adam göndərib dayəni və uşağı gətizdirdi. O uşağın ona necə isti davrandığını görüb dedi: "Burada qal və mənim oğluma dayəlik et. Mən heç nəyi onun qədər sevməmişəm". Musanın anası dedi: "Mən ev-eşiymi, uşaqlarımı başsız qoya bilmərəm. Əgər istəyirsənsə onu ver evimə aparım və ona qarşı xeyirxahlıq göstərim. Əks halda mən evimi və uşaqlarımı tək buraxa bilmərəm". Musanın anası Allahın vədini xatırladı və Fironun arvadına qarşı kəskin mövqedə durdu. O, tam yəqinliklə bilirdi ki, Uca Allah vədini mütləq yerinə yetirəcəkdir. Elə həmin gün uşaq ilə birlikdə evinə qayıtdı. Uca Allah ən gözəl şəkildə uşağı nemətləndirdi, qarşıdakı məqsədlər üçün onu qorudu. Musa orada qaldıqca kəndin onlar tərəfdə yaşayan hissəsi zülm və təhqirlərdən azad olmuşdular.

Musa boya-başa çatdıqdan sonra Fironun arvadı Musanın anasına dedi: "Oğlumu yanıma gətir". Musanın anası bunun üçün bir gün təyin etdi. Fironun arvadı xəzinədarlarına, xidmətçilərinə və işçilərinə dedi: "Bu gün hər biriniz oğlumu hədiyyə və hörmət ilə qarşılamalısınız. Hər birinizin təqdim etdiyi hədiyyəni və davranışınızı qeydə alan xüsusi adamlar təyin edəcəyəm". Musa anasının evindən çıxıb Fironun arvadının yanına gələnə qədər hər tərəfdən ona hədiyyələr gəlir, hörmət göstərilirdi. O, Fironun arvadının yanına daxil olanda o, onu hörmət və hədiyyə ilə qarşıladı. O buna çox sevinirdi. Musaya yaxşı baxdığına görə anasına da çox hörmət göstərildi. Bütün bunlardan sonra Fironun arvadı dedi: "Onu Fironun yanına aparacağam. O da ona hədiyyə verəcək, hörmət edəcək".

Onu Fironun otağına apardı. Uşaq içəri daxil olan kimi Fironun saqqalından yapışıb aşağı dartdı. Fironun Allaha düşmənçilik edən azğın əyanları dedilər: "Məgər Allahın, peyğəmbəri İbrahimə nə vəd etdiyini bilmirsən?! O iddia edirdi ki, həmin adam sənin varisin olacaq, sənə qalib gələcək və səni məhv edəcəkdir". Firon uşağı cəlladların yanına göndərdi ki, onun başını kəssinlər. Ey İbn Cubeyr, bu da sınaqlardan biridir! Fironun arvadı tələm-tələsik Fironun yanına gəldi və dedi: "Mənə hədiyyə etdiyin uşaqla nə etmək istəyirsən?!" Firon dedi: "Məgər görmürsənmi o məni öldürmək və mənə qalib gəlmək istədiyini iddia edir?" Qadın dedi: "Gəl bir şərt kəsək və bundan sonra həqiqət aşkar olunar. İki ədəd köz və iki ədəd qiymətli daş gətir və onları ona təqdim et. Əgər o qiymətli daşları götürüb közə əl dəyməsə, demək o başa düşür. Yox əgər o közü götürüb daşlara əl dəyməsə, sən də bilirsən ki, ağlı kəsən adam daşları qoyub közü götürməz". Firon ona iki ədəd köz və qiymətli daş təqdim etdi. Musa közləri götürdü. Əllərini yandırmasın deyə qadın dərhal onları uşağın əlindən aldı və dedi: "Gördünmü?" Firon onu öldürmək istəyirdi, amma Allah onu bu işdən yayındırdı. Bu işin alınması üçün Allah hər şeyi həyata keçirirdi.

Musa böyüyüb kişiləşəndə, Firon ailəsindən heç kəs İsrail oğullarına nə zülm edə bilir, nə də məcburi işə cəlb edirdi. Onlar bundan tam imtina etmişdilər.

Bir gün Musa şəhərin kənarında gəzərkən iki nəfərin əlbəyaxa olduğunu gördü. Onlardan biri Fironun adamlarından, digəri isə İsrail övladlarından idi. İsrail oğullarından olan kişi onu köməyə çağırdı. Bunu görən Musa bərk qəzəblənmişdi. Çünki Fironun adamı Musanın İsrail oğullarına olan diqqətini və himayəsini bildiyi halda belə hərəkət edirdi. Hamı onun İsrail oğullarına süd qohumu olduğunu düşünürdü. Yalnız Musanın anası işin həqiqətini bilirdi. Bəlkə Allah təala Musaya da bunu bildirmişdi. Musa Fironun adamını vurdu və öldürdü. Onları Allahdan və orada olan İsrail oğlundan başqa heç kəs görmədi. Musa onu öldürdükdən sonra dedi: «“Bu, Şeytan əməlindəndir. Həqiqətən, o, açıq-aşkar bir düşməndir, azdırandır!”» (əl-Qasas: 15). Daha sonra deyilir: «16. (Musa) dedi: “Ey Rəbbim! Şübhəsiz ki, mən özüm-özümə zülm etdim. Buna görə məni bağışla!” (Allah Musanı) bağışladı. Həqiqətən, O, (bəndələrini) bağışlayandır, rəhm edəndir! 17. "Ey Rəbbim! Mənə nemət bəxş etdiyin üçün mən heç vaxt günahkarlara arxa olmayacağam!" 18. Beləliklə, qorxaraq səhəri şəhərdə nigaranlıq içində qarşıladı...» (əl-Qasas: 16-18).

Fironun yanına gəlib dedilər ki, İsrail oğullarından bir nəfər Firon ailəsindən birini qətlə yetirib. Bizim haqqımızı onlardan al, onlara güzəşt etmə! Firon dedi: "Onun qatilini və qətlə şahidlik edən adamı tapın. Padşah öz qövmünü üstün tutsa da sübut olmadan heç kəsi öldürə bilməz. Siz mənə qatilin kim olduğunu dəqiq deyin, mən də sizin haqqınızı alım!"

Onlar qatili axtarır, amma tapa bilmirdilər. Ertəsi gün Musa yenə həmin israillinin Firon ailəsindən başqa bir adamla əlbəyaxa olduğunu gördü. İsrailli ondan kömək istədi. Musa isə dünən baş verən hadisədən peşman olmuşdu deyə bu gün gördüklərindən xoşlanmadı. İsrailli qəzəbindən Fironun adamını öldürmək istəyirdi. Musa onun gündə biri ilə vuruşduğuna etiraz edib dedi: «“Sən doğrudan da, açıq-aşkar bir azğınsan!”» (əl-Qasas: 18). Bu sözləri eşidən israilli Musaya baxdı və onun dünən Fironun adamını öldürəndə olduğu kimi bərk qəzəbli olduğunu gördü. Musanın «“Sən doğrudan da, açıq-aşkar bir azğınsan!”» sözləri ilə onu öldürməyi nəzərində tutduğunu güman etdi. Əslində Musa ona xətər toxundurmaq istəmirdi, amma israilli qorxusundan dedi: «“Ey Musa! Sən dünən birini vurub öldürdüyün kimi, mənidəmi öldürmək istəyirsən?» Bu sözləri eşidən Fironun adamı dərhal gedib israillidən eşitdiyi «“Ey Musa! Sən dünən birini vurub öldürdüyün kimi, mənidəmi öldürmək istəyirsən?» sözlərini öz qövmünə xəbər verdi.

Firon Musanı öldürmək üçün cəlladlar yolladı. Fironun adamları Musanı tutacaqlarına əmin olduqları üçün arxayın şəkildə mərkəzi yol ilə gedirdilər. Amma Musanın tərəfini saxlayan bir nəfər adam qısa yol ilə şəhərin kənarından gəldi və özünü onlardan öncə Musaya çatdırdı və baş verənləri ona danışdı. Ey İbn Cubeyr, bu da sınaqlardan biridir!

Musa Mədyən tərəfə yola düşdü. Bundan əvvəl o çətinlik görməmişdi. Onun səfərə çıxmaq haqqında da təcrübəsi yox idi. Yalnız Rəbbinə qarşı yaxşı zənn edirdi: «22. O, Mədyən tərəfə yönəldiyi zaman dedi: “Ola bilsin ki, Rəbbim mənə doğru yolu göstərsin!” 23. (Musa) Mədyən kənarındakı bir quyuya çatanda onun başında bir dəstə adam və onlardan başqa (qoyunlarını özgə heyvanlara qarışmasın deyə) geri çəkən iki qadın (qız) gördü...» (əl-Qasas: 22-23) Qoyunları başqa qoyunlara qarışmasın deyə onların qarşısını kəsmişdilər. Musa onlara dedi: «“Sizə nə olub (dərdiniz nədir)?”» Kənarda durmusunuz, camaatla birlikdə heyvanlara su vermirsiniz. Onlar dedilər: "Quyudan su çıxartmağa gücümüz yoxdur deyə, heyvanlarımızı yerdə qalan su ilə sulayırıq". Musa quyudan su çəkib onların heyvanlarını sulamağa başladı. Quyudan qab dolusu su çıxarıb bu işi ən birinci qurtardı. Qızlar qoyunları götürüb atalarının yanına getdilər. Musa isə kənarda bir ağacın altında kölgələnib dedi: «“Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!”» (əl-Qasas: 24).

Ataları qızlarının heyvanları tez bir zamanda bol südlü və tox qarınlı gətirdiklərini görüb, şübhələndi və dedi: "Bu gün sizin nə isə işiniz var!" Onlar Musanın etdiklərini ona danışdılar. Ata qızlarının birini göndərib onu çağıtdırdı. O Musanın yanına gəlib onu çağırdı. Musa söhbət edib dərdini anlatdıqdan sonra Şueyb dedi: «“Qorxma, artıq zalım tayfanın əlindən qurtarmısan!”» Nə Firon, nə də adamları bizə rəhbərlik etmirlər. Biz onların torpaqlarında yaşamırıq". Qızlardan biri dedi: «“Atacan! Onu muzdla (çoban) tut, çünki bu güclü, etibarlı adam (indiyə qədər) muzdla tutduqlarının ən yaxşısıdır!”» (əl-Qasas: 26). Atası bu sözləri qiryətinə sığışdırmayıb dedi: "Sən onun güclü və etibarlı olduğunu haradan bilirsən?" Qiz dedi: "Güclü olmasını qoyunları sulayarkən gördüm. Onun kimi quyudan çox su çıxaran adam görməmişdim. Etibarlı adam olmasına gəldikdə, mən onu çağırmağa gedəndə mən tərəfə baxırdı. Yaxına gəldikdə mənim qadın olduğumu gördükdə başını aşağı saldı, sənin dediklərini ona çatdırınca heç başını qaldırmadı. Sonra isə o mənə dedi: Sən mənim arxamca gəl və yolu mənə vəsf et. O, bunu yalnız etibarlı olduğu üçün etmişdir". Atası qane olub dediklərini təsdiqlədi. Bu sözlər onun barəsində yaxşı fikir formalaşdırdı.

Şueyb ona dedi: «“Səkkiz il mənə xidmət etmək (qoyunlarımı otarmaq) şərti ilə qızlarımın birini sənə ərə verərəm. Əgər sən (həmin müddəti) tamamlayıb on ilə çatdırsan, bu, artıq sənin tərəfindən (olan bir lütfdür). Mən (on il müddətinə şərt kəsməklə) sənə əziyyət vermək istəmirəm. İnşallah, mənim saleh (əhdə vəfa edən) kəslərdən olduğumu görəcəksən!”» (əl-Qasas: 27). Belə də oldu. Səkkiz il xidmət etmək onun boynuna düşən vacib, iki il isə onun hədiyyəsi idi. Uca Allah onun hədiyyəsini əvəz etdi və o on ili başa çatdırdı.

Səid ibn Cubeyr deyir: "Bir dəfə xaçpərəstlərin elm adamlarından biri ilə qarşılaşdım. O mənə dedi: "Bilirsənmi Musa hansı müddəti tamamlayıb?" Mən dedim: "Xeyr". Həmin gün mən bu haqda bilmirdim. İbn Abbasla  qarşılaşdıqda bu haqda ondan soruşdum. O dedi: "Bilmirsənmi səkkiz il Allahın elçisinə vacib idi. Allahın peyğəmbəri bu müddəti azaltmazdı. Uca Allah da Musaya vəd etdiyi müddəti onun əvəzinə ödədi. Ümumilikdə o on ili tamamladı". Sonra mən xaçpərəsti gördüm və bunları ona dedim. O isə dedi: "Sənin soruşduğun adam bu haqda səndən çox bilirdi?" Mən dedim: "Bəli, çox bilir"."

Musa ailəsi ilə birlikdə yol gedərkən Uca Allahın sənə Qurani-Kərimdə xatırlatdığı od, əsa və əl möcüzələri baş verdi. Musa adam öldürdüyünə görə Fironun əyanlarından qorxması və dilinin pəltək olması barədə Allaha şikayətləndi. Onun dili pəltək idi deyə çox danışa bilmirdi. O Uca Allahdan qardaşı Harunu da ona köməkçi təyin etməsini istədi. Onun deyə bilmədiyi sözləri Harun əvəzinə deməli idi. Uca Allah Musanın istədiyini ona verdi, dilindəki düyünü açdı. Haruna da vəhy verib onu qəbul etməyi əmr etdi.

Musa əlində əsası ilə Harunun yanına getdi. Sonra birlikdə Fironun yanına yollandılar. İçəri daxil olmağa icazə verilmədiyi üçün bir müddət qapının önündə gözlədilər. Çox çətinlikdən sonra onlara içəri daxil olmağa icazə verildi. Onlar dedilər: «"Biz sənin Rəbbinin elçiləriyik..."» (Taha: 47). Firon dedi: «"Sizin Rəbbiniz kimdir?"» (Taha: 49). Uca Allahın Qurani-Kərimdə sənə hekayə etdiyini ona çatdırdılar. Firon dedi: "Nə istəyirsiniz?" Sonra qətlə yetirilən adamı xatırladı. Musa isə deyilənlərlə üzrxahlıq etdi və dedi: "Mən istəyirəm ki, sən Allaha iman gətirəsən və İsrail oğullarını mənimlə göndərəsən". Firon imtina etdi və dedi: «154. Sən də bizim kimi ancaq adi bir insansan! Əgər doğru danışanlardansansa bizə bir möcüzə gətir!”» (əş-Şuəra: 154). Musa əsasını tulladı və o nəhəng bir ilana çevrilərək ağzını açıb Firona tərəf getdi. Firon ilanın üstünə gəldiyini görüb qorxdu. Taxtından sıçrayıb kənara qaçdı və ilanı uzaqlaşdırmaq üçün Musadan kömək istədi. Musa da ilanı tutdu. Sonra əlini köynəyinin altından çıxartdı və o ağappaq oldu. Sonra əlini paltarının altına saldı və əvvəlki vəziyyətinə döndü. Bu onun bədənində heç bir xəstəliyə səbəb olmamışdı.

Firon şahidi olduqlarına dair ynındakı əyanları ilə məşvərət etdi və onlar dedilər: «63. Onlar dedilər: “Bu ikisi, əlbəttə, sehrbazdır. Onlar öz sehrləri ilə sizi yurdunuzdan qovub çıxartmaq və sizin ən gözəl yolunuzu yox etmək istəyirlər".» (Taha: 63). Hakimiyyətinizi və var-dövlətinizi yox etmək istəyirlər. Onlar Musanın tələblərindən imtina etdilər və Firona dedilər: "Ölkəndəki bütün sehrbazları topla və öz sehrinlə onların ikisinə də qalib gəl. Axı sənin ölkəndə sehrbazların sayı çoxdur".

Firon vilayətlərə adam göndərib hər bir bacarıqlı sehrbazı gətizdirdi. Onlar Fironun hüzuruna gəlib dedilər: "Bu sehrbaz nə ilə sehr edir?" Fironun adamları dedilər: "O ilanla sehr edir". Sehrbazlar dedilər: "Allaha and olsun!344 Yer üzündə ilanla, iplə və əsa ilə bizdən yaxşı sehr edə bilən yoxdur. Əgər biz ona qalib gəlsək mükafatımız nə olacaq?" Firon dedi: "Siz mənə yaxın və zadəgan olacaqsınız. Mən sizin üçün istədiyinizi edəcəyəm". Onlar vədə üçün gün təyin etdilər. «“Sizə verilən vədə sizin bayram gününüz və camaatın (bir yerə) toplaşacağı günorta vaxtıdır!”» (Taha: 59). Səid ibn Cubeyr deyir ki, İbn Abbas  mənə belə demişdi: "Bayram günü Uca Allahın Musanı Firona və sehrbazlara qalib etdiyi gündür. Həmin gün Aşura günüdür".

Hamı çöllükdə toplaşmış və bu hadisənin şahidi olmaq üçün bir-birinə deyirdi: «40. "Əgər sehrbazlar (Musaya) üstün gəlsələr, güman ki, biz də onlara tabe olarıq!”» (əş-Şuəra: 40). Onlar bu sözləri ilə Musa və Harunu nəzərdə tutur, onlara istehza edirdilər. Sehrbazlar sehrə hazırlıq görəndən sonra dedilər: «115. Sehrbazlar dedilər: “Ey Musa! Ya sən (əvvəlcə əsanı yerə) at, ya da biz (əlimizdəkiləri) ataq!”» (əl-Əraf: 115). Musa : "Siz atın" – dedi. «44. Onlar iplərini və əsalarını yerə atıb: “Fironun şan-şövkətinə (qüdrətinə) and olsun ki, biz üstün gələcəyik!” – dedilər.» (əş-Şuəra: 44). Musa onların sehrini görəndə bir qədər qorxu hissi keçirdi. Uca Allah ona «“Əsanı tulla!”» – deyə vəhy etdi. Musa əsasını yerə atan kimi o, ağzını ayırmış nəhəng ilana döndü. Əsa iplərə dolaşıb topa-topa oldu. İlan bütün əsa və ipləri uddu. Bunu görən sehrbazlar dedilər: "Əgər bu sehr olsaydı, bizim sehrlərimizin hamısını bu kökə sala bilməzdi. Bu Allahın işidir. Biz Allaha və Musanın dediklərinə iman gətirdik. Etdiklərimizə görə də Allaha tövbə edirik". Bu məqamda Uca Allah Fironun və əyan-əşrəfinin belini qırdı. «118. Artıq haqq zahir, onların uydurub düzəltdikləri yalanlar isə batil oldu. 119. (Sehrbazlar) orada məğlub edildilər və xar olaraq geri döndülər.» (əl-Əraf: 118-119).

Fironun arvadı bəzək-düzəyinə etinasız halda kənarda dayanıb Musanın Firona və əyan-əşrəfini qalib gəlməsi üçün Allaha yalvarırdı. Amma Firon ailəsindən onu görən hər kəs, onun Firona və əyan-əşrəfinə yazığı gəldiyi üçün burada məyus halda dayandığını zənn edirdi. Əslində o, Musaya görə həyəcan hissi keçirir və dua edirdi.

Musa Fironun yalançı vədlərinə uzun müddət səbr edirdi. O, hər dəfə bir möcüzə gətirəndə Firon İsrail oğullarını onunla göndərəcəyinə dair söz verir, möcüzə bitəndən sonra vədinə xilaf çıxır və deyirdi: "Rəbbin bundan başqa nə isə edə bilərmi?!" Uca Allah da onun qövmünə ayrı-ayrılıqda tufan, çəyirtkə, həşərat, qurbağa və qan möcüzəsini göndərdi. Hər dəfə möcüzə gələndə Musaya yalvarır, İsrail oğullarını sərbəst buraxmaq əvəzində başlarına gələni götürməyi xahiş edirdi. Möcüzə qurtaran kimi Firon əhdinə xilaf çıxırdı.

Nəhayət Uca Allah Musaya öz qövmü ilə birlikdə şəhərdən çıxmağı əmr etdi. Musa gecə ikən yola düşdü. Səhər açılanda Firon onların getdiyini gördü və bütün əyalətlərə xəbər göndərib möhtəşəm bir ordu topladı. Uca Allah dənizə vəhy etdi ki, "Qulum, Musa əsası ilə sənə vurduqda on iki hissəyə ayrıl. Musa və onunla olanlar digər tərəfə keçsinlər. Sonra Firon və əyan-əşrəfini boğmaq üçün yerinə qayıt." Musa əsası ilə dənizə vurmağı unutmuşdu. Musa dənizə yaxınlaşdı. Dəniz Musanın ani bir anda zərbə endirməsindən ehtiyat edirdi. O qorxurdu ki, zərbə endiriləndə xəbəri olmadığı üçün Allahın əmrinə asi olar. Buna görə dəniz dəhşətli səs çıxarırdı. Qoşunlar qarşı-qarşıya dayanmışdı. «61. İki dəstə bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “(İşimiz bitdi!) Artıq yaxalandıq!”» (əş-Şuəra: 61). Rəbbinin sənə əmr etdiyini et, nə O, nə də sən yalan danışmamısınız. Musa dedi: "Rəbbim mənə vəd verib ki, dənizin yanına gələndə mən oradan keçənə qədər dəniz on iki qola ayrılacaq". Sonra Musa əsası ilə dənizə vurmalı olduğunu xatırladı və Fironun qoşununun birinci sırası onların sonuncu sırasına yaxınlaşanda o, əsası ilə dənizə vurdu. Rəbbinin əmr etdiyi və Musaya vəd verdiyi kimi dəniz aralandı. Musa və tərəfdarları dənizdən çıxdıqdan sonra, Firon və adamları hamılıqla dənizə daxil olduqda dəniz ona əmr olunduğu kimi yerinə qayıtdı. Musa dənizdən çıxdıqdan sonra tərəfdarları ona dedilər: "Biz Fironun öldüyünə inanmırıq". Musa Rəbbinə dua etdi və onun cəsədini onlara göstərdi. Bundan sonra onlar Fironun öldüyünə əmin oldular.

Bundan sonra bütlərə ibadət edən bir qövmün yanından keçdikdə dedilər: «“Ey Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!” (Musa belə) cavab verdi: “Siz, doğrudan da, cahil bir tayfasınız! 139. Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, etdikləri əməllər isə puçdur!”» (əl-Əraf: 138-139). Siz axı yetərincə ibrətamiz hadisələrin şahidi olmusunuz!

Bir müddət sonra Musa bir yerdə düşərgə saldı və camaata dedi: "Haruna itaət edin. Onu sizə Allah rəhbər təyin etmişdir. Mən isə Rəbbimin görüşünə gedirəm!" O, otuz gündən sonra qayıdacağını dedi.

Musa Rəbbinin hüzuruna gəlib gecə-gündüzünü oruc tutduğu otuz gün keçdikdən sonra Onunla danışmaq istəyirdi. Lakin ağzından, orucludan gələn qoxu gəldiyi üçün Rəbbi ilə danışmağa utandı. Yerdə bitən bəzi bitkilərdən ağzına atıb çeynədi. Rəbbinin hüzuruna gələndə Rəbbi – olanları yaxşı bildiyi halda – ona dedi: "Nə üçün orucunu açdın?" Musa dedi: "Ey Rəbbim! Mən ağzımdan yalnız yaxşı qoxu gəldiyi halda Səninlə danışmaq istəyirdim". Allah buyurdu: "Ey Musa! Məgər bilmirsənmi oruc tutanın ağzından gələn qoxu Mənim dərgahımda müşk-ənbər qoxusundan daha əzizdir! Qayıt on gün də oruc tut sonra yanıma gəl!" Musa Rəbbinin əmr etdiyini yerinə yetirdi.

Musanın qövmü onun deyilən vaxtda qayıtmadığını görüb məyus oldular. Harun onlara vəz edib deyirdi: "Siz Misirdən çıxmısınız. Fironluların da sizdə əmanətləri var. Sizin də onlarda o qədər haqqınız qalıb. Amma mən düşünürəm ki, siz öz haqqınızdan keçəsiniz. Mən götürdüyünüz heç bir əmanəti saxlamağa halallıq vermirəm. Biz bu əmanətləri nə özümüzə saxlamalı, nə də onlara qaytarmalıyıq. O, çuxur qazıtdırdı və kimdə nə əmanət vardısa hamısının oraya atılmasını əmr etdi. Sonra bu çuxurun üzərində od qaladı və hamısını yandırıb dedi: "Nə bizə, nə də onlara qalmasın"."

İsrail oğullarının qonşuluğunda yaşayan, inəyə ibadət edən tayfadan olan Samiri adlı bir nəfər onlarla idi. O, əslən İsrail oğullarından deyildi. Musa və İsrail oğulları şəhərdən çıxanda o da onlarla birlikdə çıxmışdı. Allahın qədəri ilə o, yolda bir iz görmüş və ondan bir ovuc götürmüşdü. O, Harun ilə qarşılaşdıqda Harun dedi: "Ey Samiri! Əlindəkini atmaq istəmirsən?" O, əlindəkini gizlədirdi deyə bu vaxta qədər heç kəs onu görməmişdi. Samiri dedi: "Bu sizi dənizdən keçirən elçinin ləpirinin izindən götürülən torpaqdır. Mən onu istənilən şeyin üstünə atarkən sən də Allaha dua etsən, mən nə istəsəm o da olar. O, əlindəkini atdı və Harun da onun üçün dua etdi. Samiri dedi: "Mən onun inək olmasını istəyirəm". Bunu deyəndən sonra çuxurdakı bütün zinət əşyaları birləşib içi boş bir inək formasını aldı. O, cansız idi, amma böyürürdü.

İbn Abbas  deyir: "Allaha and olsun, o özünün səsi deyildi. Hava onun arxa tərəfindən keçib ağzından çıxır və böyürtü səsi gəlirdi".

Bu hadisədən sonra İsrail oğulları bir neçə qrupa ayrıldılar. Bir dəstə deyirdi: "Ey Samiri! Bu nədir, sən yaxşı bilərsən?" Samiri dedi: "Bu sizin Rəbbinizdir. Musa onu tapa bilməyib yolunu azıb qalıb". Bir dəstə isə deyirdi: "Musa qayıdana qədər biz bu deyilənləri təkzib edən deyilik. Əgər o, həqiqətən də bizim Rəbbimizdirsə onu əldən çıxartmamış olarıq. Yox əgər Rəbbimiz deyilsə onda Musanın dediklərini dinləyərik". Digər bir dəstə isə belə deyirdi: "Bu şeytan əməlidir, Rəbbimiz deyil. Biz buna nə inanmır, nə də təsdiq etmirik". Bir dəstə də Samirinin inək barəsində dediklərini təsdiqləyib onu təkzib etmədiklərini dedilər. Harun onlara dedi: «“Ey ümmətim! Siz bununla yalnız imtahana çəkildiniz. Sizin Rəbbiniz, şübhəsiz ki, Rəhmandır...» (Taha: 90). "Bu sizin Rəbbiniz deyil!" Onlar isə dedilər: "Bəs elə isə nə üçün Musa bizə otuz gün vəd edib sonra vədinə xilaf çıxır?! Budur artıq qırx gün keçib". Onların səfehləri dedilər: "Rəbbi Musanı axtarır və onu istəyir, o isə Rəbbini səhv salıb".

Uca Allah Musa ilə danışanda ona deyəcəklərini dedi və onun yoxluğunda qövmünün başına gələnlərdən agah etdi. «86. Musa qəzəbli, kədərli halda camaatının yanına qayıtdı...» (Taha: 86). Qurani-Kərimdə eşitdiklərinizi Musa öz qövmünə dedi. «Qardaşı­nın başından (saç-saqqalından) yapışıb özünə tərəf çəkməyə başladı.» (əl-Əraf: 150). Qəzəbindən əlindəki lövhələri atdı. Daha sonra qardaşını üzürlü sayıb onun üçün bağışlanma dilədi. Sonra Samiriyə tərəf getdi və dedi: "Nə üçün belə etmisən?" O dedi: «"Mən o Rəsulun ləpirindən bir ovuc torpaq götürdüm..."» (Taha: 96). Mən gözüaçıq olub onu gördüm, siz isə bundan qafil qaldınız. «"Onu (çaladakı od içində əriyən bəzək şeylərinə) atdım. Beləcə, öz nəfsim məni bu işə sövq etdi”. 97. (Musa) dedi: “Çıx get burdan. Həyatın boyu: “Bir kəs mənə toxunmasın (mən də bir kəsə toxunmayım)!” – deməli olacaqsan. Hələ səni əsla qaçıb canını qurtara bilməyəcəyin daha bir vədə gözləyir. İndi tapınıb durduğun ilahına bax. Biz onu yandıracaq, sonra da (külünü) dənizə atacağıq!» Əgər o, həqiqi Rəbb olsaydı o zaman özünə qarşı belə hərəkətlərə yol verməzdi.

İsrail oğulları imtahana çəkildiklərinə əmin oldular. Harunun fikrini dəstəkləyənlər sevinib dedilər: "Ey Musa! Rəbbindən bizim üçün tövbə qapılarını açmasını istə. Qoy nə edəcəyimizi desin biz də onu edək ki, günahımızı bağışlasın".

Musa bu iş üçün qövmündən yetmiş nəfər seçdi. Onlar İsrail oğullarının ən xeyirxah, Allaha şərik qoşmayanları idilər. Musa onları özü ilə aparıb qövmü üçün tövbə istəyirdi. Bu zaman yer onları bərk silkələdi. Allahın peyğəmbəri qövmündən və özü ilə gətiridiyi bir dəstə adamdan həya edib dedi: «“Ey Rəbbim! Əgər istəsəydin, bundan qabaq onları da, məni də məhv edərdin. Aramızdakı səfehlərin törətdiyi günahlar üzündən bizi məhvmi edəcəksən?...» (əl-Əraf: 155). Onların arasında qəlbi inəyə bağlanan və ona iman gətirən var idi deyə, yer onları sirkələmişdi. Uca Allah buyurdu: «“İstədiyimi əzabıma düçar edərəm. Mərhəmətim hər şeyi ehtiva etmişdir. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam! 157. O kəslər ki, əllərindəki Tövratda və İncildə yazılmış gördükləri rəsula-ümmi peyğəmbərə tabe olurlar...» (əl-Əraf: 156-157).

Musa dedi: "Ey Rəbbim! Mən qövmüm üçün tövbə istədim, Sən isə dedin ki, rəhmətimi sənin qövmündən başqalarına aid edirəm. Kaş ki, sən məni saxlayıb o mərhəmət olunan kişinin ümmətinə göndərərdin". Uca Allah dedi: "Qövmündən günah edənlərin tövbəsi, ata, oğul demədən qarşılaşdıqları hər adamı öldürmələridir. Onlar kimi öldürdüklərinə baxmadan, bir-birlərini qılınc ilə öldürməlidirlər". Musa və Harunun günahlarından bixəbər olduqları insanların günahını Allah aşkara çıxartdı. Onlar günahlarını etiraf edib tövbə etdilər və əmri yerinə yetirdilər. Allah qatili də, qətlə yetiriləni də bağışladı.

Sonra Musa qövmünü müqəddəs torpaqlara tərəf apardı. Qəzəbi sönəndən sonra lövhələri götürdü və ona tapşırılan vəzifələrin icrasını onlara əmr etdi (lövhələrdə yazılan əhkamları onlara açıqladı. Tərc.) Bu onlara ağır gəldi və onlar bu işə boyun əyməkdən imtina etdilər. Uca Allah dağı yerindən qoparıb onların başı üstünə kölgəlik kimi qaldırdı. Dağ o qədər yaxınlaşdı ki, üzərilərinə düşəcək deyə qorxdular. Onlar dağa baxa-baxa Tövratı qəbul etdilər. Bir yandan dağın üzərilərinə düşəcəyindən qorxdular, digər tərəfdən də kitabı qəbul etdilər.

Onlar yollarına davam edib müqəddəs torpaqlara çatdılar. Şəhərdə nəhəng insanların hökmranlıq etdiklərini gördülər. Onlar fitrətən böyük bədənli idilər. Hətta onların qidalandıqları meyvələrin də qeyri adi olduğu deyilir. İsrail oğulları dedilər: «“Ey Musa, orada nəhəng adamlar vardır.» (əl-Maidə: 22). Bizim onlara gücümüz çatmaz. Onlar şəhərdə olduqca biz oraya girməyəcəyik. «Əgər onlar oradan çıxsalar, biz ora daxil olarıq. 23. (Allahdan) qorxanlardan Allahın nemət verdiyi iki nəfər dedi...» (əl-Maidə: 22-23). Yezid ibn Harundan soruşurlar: "O ayəni belə (yəni, qorxanlardan) oxudu?" O dedi: "Bəli". Onlar nəhənglərdən olan iki nəfər idilər. Onlar Musaya iman gətirib onun yanına gələrək dedilər: "Biz öz qövmümüzə yaxşı bələdik. Əgər siz onların nəhəng bədənlərindən və saylarından qorxursunuzsa bilin ki, onlar qorxaq və zəifdilər. Siz şəhərin qapısından daxil olun. Əgər siz qapıdan daxil ola bilsəniz qalib gələcəksiniz". Bəziləri isə deyirlər ki, həmin iki nəfər Musanın öz qövmündən idi.

İsrail oğullarının qorxaq adamları dedilər: «“Ey Musa, nə qədər ki, onlar oradadırlar, biz ora girməyəcəyik. Sən və Rəbbin gedib onlarla vuruşun. Biz isə burada oturacağıq”.» (əl-Maidə: 24). Onlar Musanı qəzəbləndirdilər və o da onlara bəd dua edib fasiq adalandırdı. Bundan əvvəl etdikləri asiliklərə və pisliklərə görə onlar üçün bəd dua etməmişdi. Amma bu gün onlar üçün bəd dua etdi və Allah da onun duasını qəbul etdi. Musanın adlandırdığı kimi onları fasiq adlandırdı. Qırx il şəhərə daxil olmağı onlara haram etdi. Onlar yer üzündə qərar tuta bilmir, hər gün yol gedirdilər. Onlar azıb qalanda onlara buludla kölgə saldı, qida olaraq manna və bildirçin göndərdi. Onlara islanmayan və çirklənməyən libaslar verdi. Onlara dördkünc bir daş göndərdi və Musaya əsası ilə ona vurmağı əmr etdi. Bu zərbədən sonra daşın hər tərəfindən üç çeşmə olmaqla cəmi on iki çeşmə açıldı. Hər nəsilə özlərinə aid olan çeşməni tanıtdırdı ki, yalnız ondan su içsinlər. Onlar hara gedirdilərsə həmin daşı orada görürdülər.

İbn Abbas  bu hədisi Peyğəmbərə  nisbət etmiş və bunu mənim yanımda isbat etmişdir. Bir dəfə Müaviyə  İbn Abbasın  bu hədisi danışdığını eşitdi. O, Musanın qətl sirrinin Fironun adamı tərəfindən ifşa edilməsinə etiraz edərək dedi: "Orada yalnız İsrailli olduğu halda, Fironun adamı sirri necə aça bilərdi?!" İbn Abbas  bunu eşidib əsəbləşdi. Müaviyənin  əlindən tutub Səd ibn Malik əz-Zuhrinin  yanına apardı və dedi: "Ey Əbu İshaq! Sən Peyğəmbərin  Musanın Fironun adamlarından birini qətlə yetirməsi haqqında danışdığı hədisi xatırlayırsan? Musanın sirrini israilli açdı, yoxsa Fironun adamı?" O dedi: "Onun sirrini orada israillinin danışığını eşidən Fironun adamı aşkar etdi".

İmam Nəsai hədisi belə rəvayət etmişdir. Eynilə İbn Cərir və İbn Əbu Hatim "Təfsir" kitablarında Yezid ibn Harundan rəvayət ediblər. Daha doğrusunu Allah bilir, rəvayət İbn Abbasın  öz sözləridir (movqufdur)345. Hədisin mərfu olması (yəni, Peyğəmbərə  nisbət edilməsi) müəmmalıdır. Çoxu israiliyyatdan götürülmüşdür. Rəvayət zamanı çox az məqamlar Peyğəmbərə  nisbət edilmişdir. Rəvayətin bəzi yerləri müəmmalı və qəribədir. Çox güman ki, o Kəəb əl-Əhbarın sözüdür. Mən şeyximiz Hafiz Əbu əl-Həccac əl-Mizzinin belə dediyini eşitmişəm. Daha doğrusunu bilən Allahdır.346

SƏYYAR MƏBƏDİN TİKİLMƏSİ
Kitab əhli deyir347: Allah Musaya əbrişim taxtasından, heyvanların dərisindən, qoyun yunundan qübbə inşa etməyi və onu kitab əhlinin təfsilatını verdiyi şəkildə rənglənmiş ipək, qızıl və gümüş ilə bəzəməyi əmr etdi. Onun hərəsinin uzunluğu iyirmi səkkiz, eni isə dörd dirsək olan on pərdəsi var idi. Onun dörd qapısı, ipək sicimləri və boyanmış xamnaları, qızıl və gümüşdən rəfləri var idi. Hər küncdə iki qapı və digər böyük qapılar, boyanmış ipək pərdələr və sairə bər-bəzək əşyaları var idi.

Əbrişim ağacından düzəldilmiş sandığın uzunluğu iki dirsək yarım, eni bir dirsək yarım, hündürlüyü də bir dirsək yarım idi. Onun içərisi və çölü xalis qızıldan işlənmişdi. Onun dörd küncündə dörd halqa var idi. İki kənarında qızıldan düzəldilmiş qarşı-qarşıya dayanan qanadlı iki mələk təsviri var idi. Onu Bəsleil adlı bir kişi düzəltmişdi.

Həmçinin ona əbrişim ağacından uzunluğu iki, eni və hündürlüyü bir dirsək yarım olan yemək masası düzəltməyi əmr etmişdi. Onun qızıl siyirmələri və tacı var idi. Kənarlarında dörd ədəd qızıl halqa düzəldilmişdi. Ağacdan düzəldilib qızıl ilə örtülmüş şüvüllər (masanı daşımaq üçün) halqalara keçirilirdi. Masanın üzərinə sinilər, nimçələr, dolçalar və piyalələr qoyulmuşdu.

Qızıl çıraqdan da düzəldilmişdi. Çıraqdanın altı qızıl budağı var idi. Üçü bir, üçü də bir tərəfdə idi. Hər budaqda üç kasacıq var idi. Çıraqdanın gövdəsində isə dörd çıraq var idi. Çıraqdan və bütün qablar bir talant qızıldan düzəldilməli idi.

Bu qübbə və şəhidlik sandığı onların il başlanğıcının, yaz fəslinin ilk günündə inşa edilmişdi. (Doğrusunu Allah bilir.) Uca Allahın bu ayəsində deyilən sandıq elə həmin sandıqdır. Uca Allah buyurur: «“(Talutun) padşahlıq əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində Rəbbinizdən bir arxayınlıq, rahatlıq, həmçinin Musa və Harun nəslindən qalan şeylər vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, onda sizin üçün qəti dəlil vardır”.» (əl-Bəqərə: 248).

Onların kitabında bu haqda uzun-uzadı danışılır. Orada onların şəriət əhkamları, qurbanlarının kəsilmə keyfiyyəti də açıqlanır. Deyilir ki, onlar buzova ibadət etmədən öncə "Səyyar Məbəd" artıq inşa edilmişdi. Yəni, Beytülmüqəddəsə gəlmədən öncə inşa edilmişdi. Bu ev onlar üçün Kəbə kimi idi. Onlar orada namaz qılır, Allaha yaxınlaşır və oranı qiblə tuturdular. Deyilənə görə Musa oraya daxil olanda hamı məbədin qarşısında dayanır və onun qapısı önünə bulud dirəyi enirdi. Bu zaman hamı Allaha səcdə edir, Allah təala nurdan ibarət bulud dirəyi vasitəsi ilə Musa ilə danışırdı. Musa sandığın önündə iki mələyin təsvir edildiyi hissəsinə tərəf dayanır, Allah onunla danışır, əmr və qadağalarını söyləyirdi. Danışıq qurtardıqdan sonra Allahın ona vəhy etdiyi əmr və qadağaları İsrail oğullarına çatdırırdı. Allahın ona öyrətmədiyi bir şey haqqında soruşanda səyyar məbədin yanına gəlib sandığın önündə dayanır və üzünü iki mələk təsvirinə tərəf tuturdu. Beləliklə haqqında soruşulan məsələnin hökmü nazil olurdu.

Onların vaxtında məbədlərin və ibadət məkanlarının qızıl, boyanmış ipək və ləl-cəvahirat kimi zinət əşyaları ilə bəzədilməsi icazəli idi. Bizim şəriətimizdə isə bunlar icazəli deyil. Namaz qılanların fikri yayınmasın deyə məscidləri bəzəmək bizə qadağan edilmişdir348. Ömər ibn əl-Xəttab349  Peyğəmbərin  məscidini genişləndirərkən oranın memarına belə demişdi: "İnsanlar üçün onları rahat edəcək bir bina tik. Nə badə insanların fikrini dağıdan sarı və ya qırmızı rənglərdən istifadə edəsən!" İbn Abbas  deyir350: "Biz də məscidlərimizi yəhudi və xaçpərəstlər kilsələrini bəzətdikləri kimi bəzətməməliyik! Onlar üçün bu şərəf, hörmət və lütf sayılırdı. Ancaq bu ümmət özündən əvvəlki ümmətlərə oxşamır. Uca Allah bu ümmətin həvəsini namazda Ona tərəf yönəlməyə, hüzurunda durmağa yönəltmişdir. Gözlərini və fikirlərini ibadətdən yayındırmalarına icazə verməmişdir. Həmd olunmaq da, minnət qoymaq da Allaha məxsusdur".

İsrail oğulları səhrada azıb qaldıqları vaxt "Səyyar Məbəd" inşa edilmişdi. Ora onların qibləsi və kəbəsi idi. Onlar namazlarını həmin istiqamətə qılırdılar. İmamları da Kəlimullah Musa olurdu. Qurbanları təqdim edən isə qardaşı Harun idi. Harun , sonra isə Musa vəfat etdikdə Harunun övladları atalarının gördüyü Qurban işini görürdülər. Bu iş bu günə qədər də onların əlindədir.

Musadan sonra peyğəmbərlik işləri və rəhbərlik onun köməkçisi Yuşa ibn Nuna həvalə edildi. Onlarla Beytülmüqəddəsə daxil olan o oldu.

Bunları deməkdə məqsəd odur ki, Yuşa Beytülmüqəddəsə daxil olub orada qərar tutandan sonra həmin qübbəni Beytülmüqəddəsin daşı üzərinə bərkitti. Onlar o tərəfə namaz qılırdılar. Qübbə yox olduqdan sonra onun yerinə, yəni daşa tərəf namaz qılırdılar. Bura Peyğəmbərimiz Muhəmmədin  vaxtına qədər bütün peyğəmbərlərin qibləsi olmuşdur.

Peyğəmbər  Hicrət etmədən öncə oraya tərəf namaz qılırdı. O namazda elə dayanırdı ki, Kəbə özü ilə Beytülmüqəddəs arasında olsun. Hicrət etdikdən sonra da Beytülmüqəddəsə tərəf namaz qılmaq əmr olundu və Peyğəmbərimiz  on altı (bəzi rəvayətlərə görə on yeddi) ay oraya tərəf namaz qıldı. Sonra hicrətin ikinci ili, Şaban ayında əsr namazı vaxtı qiblə İbrahimin qibləsinə, Kəbəyə yönəldildi. Bəzi rəvayətlərdə zöhr namazı deyilir351. Biz "Təfsir" kitabımızda352 aşağıdakı ayəni şərh edərkən bu haqda ətraflı məlumat vermişik. «142. Ağılsız adamlar deyəcəklər: “(Müsəlmanları əvvəlcə) üz tutduqları qiblədən döndərən nədir?” De: “Şərq də, Qərb də Allahındır. O, istədiyi şəxsi doğru yola yönəldər”. 143. (Ey müsəlmanlar!) Beləliklə də, sizi orta bir ümmət etdik ki, insanların əməllərinə şahid olasınız, peyğəmbər də sizə şahid olsun. (Ey Rəsulum!) İndi yönəldiyin qibləni (Kəbəni) yalnız peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayırd etmək üçün (qiblə) təyin etdik. Bu, ağır görünsə də, ancaq Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin imanınızı əvəzsiz buraxmaz. Allah insanlara qarşı, əlbəttə, mehribandır, mərhəmətlidir. 144. (Ey Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir.» (əl-Bəqərə: 142-144).

QARUN İLƏ MUSANIN  HEKAYƏSİ



Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   403   404   405   406   407   408   409   410   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin