XIDIRIN PEYĞƏMBƏR VƏ YA ÖVLİYA OLMASI HAQQINDA YARANMIŞ FİKİR AYRILIĞI
Biz əvvəldə demişdik ki, Musa və Yuşa ləpirlərin izi ilə gəlib onu yaşıl xalçanın üzərində paltarına bürünüb oturmuş halda gördülər. Musa ona salam verdi. Xıdır üzünü açıb dedi: "Heç belə yerdə salamat olmaq olar?!" Musa: "Mən Musayam". Xıdır: "İsrail oğullarının peyğəmbəri?" Musa: "Bəli..." Bundan sonra Uca Allahın Öz kitabında onlar haqqında hekayə etdiyi hadisələr baş verdi.
Bu hadisə bir neçə baxımdan Xıdırın peyğəmbər olmasına dəlalət edir.
Birinci: Uca Allah buyurur: «65. Öz dərgahımızdan mərhəmət əta etdiyimiz və Öz tərəfimizdən elm öyrətdiyimiz bəndələrimizdən birini tapdılar.» (əl-Kəhf: 65).
İkinci: «66. Musa ondan soruşdu: “Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?” 67. (Xıdır) belə cavab verdi: “Sən mənimlə bir yerdə olsan (görəcəyim işlərə) əsla dözə bilməzsən. 68. Axı sən bilmədiyin bir şeyə necə dözə bilərsən? 69. (Musa) dedi: “İnşallah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam!” 70. (Xıdır:) “Əgər mənə tabe olacaqsansa, səbəbini sənə izah etməyincə məndən heç bir şey haqqında soruşma!” – dedi.» (əl-Kəhf: 66-70). Əgər o, peyğəmbər deyil, övliya olsaydı Musa onunla belə danışmaz, o da Musaya belə cavab verməzdi. Musa onunla yol yoldaşı olmaq istədi ki, Allahın ona məxsus etdiyi elmindən öyrənsin. Əgər o, peyğəmbər olmasaydı məsum olmazdı. Musa kimi hörmətli peyğəmbərin qeyri məsum övliyadan elm öyrənməsinə bərk həvəsi də olmazdı. Musa uzun müddət vaxt sərf edəcəyini bilə-bilə, onun yanına getməkdə və onu axtarıb tapmaqda israrlı idi. Onunla görüşəndə özünü təvazökar aparıb ona böyük hörmət göstərdi. Öyrənən tələbə kimi ona tabe oldu. Bu bir daha göstərir ki, o da onun kimi peyğəmbər idi. Onun kimi ona da vəhy nazil olurdu. Hətta Uca Allah İsrail oğullarının peyğəmbəri Musa Kəlimullaha öyrətmədiyi qeybi elmi və peyğəmbərlik sirlərini Xıdıra öyrətmişdi.
Ər-Rummani adlı alim Xıdırın peyğəmbər olduğunu eynilə belə bir sübutla əsaslandırmışdır.
Üçüncü: Xıdır oğlan uşağını öldürdü. Bu yalnız ona qeybi bilən Uca Allah tərəfindən vəhy nazil olduğuna görə mümkün olmuşdu. Bu isə onun peyğəmbərliyini və məsumluğunu isbat edən müstəqil bir sübutdur. Çünki övliya ağlına gələn mücərrəd fikir əsasında heç bir cana qəsd edə bilməz. Ona görə ki, onun fikri məsum deyil. Bütün elm adamları yekdilliklə deyirlər ki, övliya səhv edə bilər. Xıdırın yetginlik yaşına çatmamış uşağı qətlə yetirməsi onun peyğəmbər olmasını, Allah tərəfindən məsum olunduğunu sübut edir. Belə ki, Xıdır əvvəlcədən bilirdi ki, həmin uşaq yetginlik yaşına çatanda kafir olacaq. Onu çox sevən valideynlərini də bu sevgi ilə öz ardınca küfrə aparacaqdır. Ata anasının küfrə və bu əməlin cəzasına məhkum olmaması üçün onun qətlə yetirilməsi daha məsləhətli idi.
Şeyx Əbu-l-Fərəc ibn əl-Covzinin eyni üsulla Xıdırın peyğəmbər olmasını isbat etdiyini və bu fikri doğru saydığını görmüşəm. Ər-Rummani də bu sübutu əsas gətirmişdir.
Dördüncü: Xıdır etdiyi əməllərin sirrini Musaya açıqlayıb işin həqiqətini aşkar edəndən sonra dedi: «Rəbbindən bir mərhəmət olaraq... Mən bunları öz-özümdən etmədim!» (əl-Kəhf: 82). Bunları öz ixtiyarıma etməmişəm, bunlar mənə vəhylə əmr olunan əmrlərdir.
Bu sübutlar onun peyğəmbər olduğunu isbat edir. Bu onun övliya, hətta rəsul ola bilməsini mümkünsüz etmir. Bəzi elm adamları məhz belə fikirdədirlər. Amma onun mələk olmasını demək çox qəribə bir fikirdir.
Onun peyğəmbər olması isbat olunduqdan sonra övliya olduğunu deməyə heç bir əsas qalmır. (Əslində onun övliya olduğunu isbat etməyə cəhd edənlər demək istəyirlər ki,) bəzən övliyalar peyğəmbərlərin bilmədikləri həqiqətləri bilirlər. Amma onların bu fikri dəstəkləmək üçün tutarlı heç bir subutları yoxdur.
Dostları ilə paylaş: |