XIDIR HƏLƏ DƏ SAĞDIRMI?
Xıdırın günümüzə qədər sağ olması məsələsinə gəlincə, Cumhur alimlər onun bu günə qədər sağ olduğunu deyirlər. Onun bu günə qədər sağ olmasını isbat edən bəzi rəvayətləri də əsas gətiriblər. Biz başqa rəvayətlərlə birlikdə bu rəvayətləri də qeyd edəcəyik.
Bu rəvayət və hekayələr onun sağ olmasını deyənlərin yeganə sübutlarıdır. Bu məzmunda Peyğəmbərə nisbət edilən hər bir hədis çox zəifdir. Belə zəif hədisləri şəriət məsələləri üçün əsla dəlil götürmək olmaz. Hekayələrin əksəriyyətinin sənədləri zəif, sənədləri dürüst olanlar isə qeyri məsum adamların – səhabələrin və ya başqa rəvayətçilərin sözlərindən ibarətdir. Çünki belə adamların səhv etmələri mümkündür. Daha doğrusunu Allah bilir.
Əbdü-r-Rəzzaq400 Əbu Səiddən rəvayət edir: "Peyğəmbər bizə Dəccal haqqında uzun bir hekayə danışdı. Dediklərinin arasında belə bir məlumat da var idi: "Dəccal gələcək. Ona Mədinə şəhərinin hüdudlarından içəri keçmək qadağan edilmişdir. O gün insanların ən xeyirlisi hesab olunan bir nəfər onun qarşısına çıxacaq və deyəcəkdir: "Mən şəhadət verirəm ki, sən, Peyğəmbərin bizə haqqında danışdığı dəccalın özüsən". Dəccal deyəcək: "Əgər mən bu adamı öldürüb sonra diriltsəm barəmdə şübhəniz qalarmı?!" Onlar: "Xeyr, qalmaz". Dəccal onu öldürüb sonra diriltəcək. Adam dirilən kimi deyəcək: "Allaha and olsun ki, mən indi səni daha yaxşı tanıdım". Dəccal onu yenidən öldürmək istəyəcək amma bunu bacarmayacaq"."
Məmar401 deyir: "Mənə çatan məlumata görə onun boynuna misdən bir halqa taxılacaq. Həmçinin mənə çatıb ki, Dəccalın öldürüb sonra diriltdiyi adam Xıdırdır".402
İmam Muslimin "əs-Səhih" əsərinin rəvayətçisi və fiqh alimi Əbu İshaq İbrahim ibn Muhəmməd ibn Sufyan deyir: "Deyirlər ki, həmin adam Xıdırdır. Məmarın "Mənə çatan məlumata görə" sözləri heç nəyi sübut etmir".
Hədisin mətnlərinin bəzisində isə belə deyilir: "Onun hüzuruna bir nəfər gəncliyə dolmuş bir gənc gətirəcəklər və o da onu öldürəcək".
Şeyx Əbu-l-Fərəc ibn əl-Covzi "Ucalətu-l-Muntazir Fi Şarhi Haləti-l-Xıdr" adlı kitabında bu mövzuda deyilən hədislərə toxunmuşdur. Bu məzmunda Peyğəmbərə nisbət olunan hədislərin uydurma olduğunu qeyd etmişdir. Səhabələrə, tabiinlərə və onlardan sonra yaşayan elm adamlarına nisbət edilən rəvayətlərin sənədinin zəif olduğunu bir-bir açıqlamışdır. O, bu işi çox mükəmməl və əsaslı şəkildə etmişdir.
Buxari, İbrahim əl-Hərbi, Əbu-l-Hüseyn ibn əl-Munədi kimi alimlər Xıdırın öldüyünü deyirlər. Əbu-l-Fərəc ibn əl-Covzi də bu fikiri dəstəkləmiş və bu haqda "Ucalətu-l-Muntazir Fi Şarhi Haləti-l-Xıdr" adlı kitab yazmışdır. O, bu fikri dəstəkləmək üçün çox sübutlar qeyd etmişdir. Onlardan aşağıdakıları qeyd etmək olar:
Birinci: Uca Allah buyurur: «34. (Ey Rəsulum!) Səndən əvvəl də (dünyada) heç bir bəşərə əbədiyyat (ölməzlik) vermədik. Belə olduğu təqdirdə, sən ölsən, onlar dirimi qalacaqlar?!» (əl-Ənbiya: 34). Əgər Xıdır bəşərdirsə o da ayənin bu ümumi məzmununa aiddir. Heç bir doğru sübut olmadan onu bu ümumi mənadan istisna etmək olmaz. Onun sağ olmasını isbat edən səhih rəvayət yoxdursa, bu qəbuledilməzdir. Bu haqda Peyğəmbərdən rəvayət olunan heç bir mötəbər dəlil yoxdur.
İkinci: Uca Allah buyurur: «81. (Ey kitab əhli!) O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: “Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”, – deyə əhd almış və onlara: “Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? – demişdi. Onlar da: “Təsdiq etdik!” – deyə cavab vermişdilər. (Bu zaman) Allah: “Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm”, – deyə buyurmuşdu!» (Ali İmran: 81).
İbn Abbas deyir: "Uca Allah göndərdiyi hər peyğəmbərdən əhd alıb demişdir: "Əgər sən sağ ikən Muhəmmədə peyğəmbərlik verilsə sən ona iman gətirib, kömək edəcəksən". Həmin peyğəmbərə də öz ümmətinə: "Əgər siz sağ ikən Muhəmmədə peyğəmbərlik verilsə siz də ona iman gətirib kömək edin!" – deyə əhd almağı əmr etmişdir.
Xıdır peyğəmbər də olsa, övliya da olsa bu əhdə daxildir. Əgər o Peyğəmbərin vaxtında sağ olsaydı ona itaət etmək və Allahın ona verdiyi şəriətə iman gətirmək Xıdır üçün şərəf olardı. Düşmənlərinə qarşı ona kömək edərdi. Əgər o övliyadırsa, (Əbu Bəkr) Siddiq ondan üstündür. Yox əgər peyğəmbərdirsə, o zaman Musa ondan üstündür.
İmam Əhməd əl-Müsnəd kitabında Cabir ibn Abdullahdan rəvayət edir ki, Peyğəmbər demişdir: "Nəfsim əlində olana and olsun! Əgər Musa sağ olsaydı onun qarşısında mənə itaət etməkdən başqa seçimi olmazdı."403
Bu tam əminliklə deyilən və şəriətin tələblərinə cavab verən bir fikirdir.
Yuxarıda qeyd olunan ayə də bu mənaya dəlalət edir. Əgər bütün peyğəmbərlər (Onlara Allahın salamı olsun!) Peyğəmbərimiz Muhəmmədin vaxtında yaşasaydılar, hamısı ona tabe olar, əmrlərinə itaət edər və şəriətini qəbul edərdilər. O , İsra gecəsi peyğəmbərlərlə görüşəndə onu hamıdan yüksək məqama qaldırdılar. Onunla birlikdə Beytülmüqəddəsə nazil olduqda namaz vaxtı başlamışdı. Cəbrail Rəbbinin əmri ilə onlara imamlıq etməyi ona tapşırdı. O da onlara imamlıq etdi. Bu onun ən hörmətli imam, sonuncu peyğəmbər olmasına dəlalət edir. Ona və onların hamısına Allahın salavatı və salamı olsun.
Bütün bunlara aydınlıq gətirildikdən sonra belə qənaətə gəlmək olar ki, əgər Xıdır sağ olsaydı, o da Muhəmməd ümmətindən olar, onun şəriətini qəbul edər və qarşısında başqa yol olmazdı... Budur axır zamanda nazil olan İsa da bu müqəddəs şəriətlə hökm edəcək, bu şəriətdən kənara çıxmayacaqdır. O, əzm sahibi olan beş elçidən404 biri, İsrail oğullarına göndərilən peyğəmbərlərin sonuncusudur... İnsanın ürəyinə yatan heç bir səhih sənədli rəvayətdə bir dəfə də olsun Xıdırın Peyğəmbərlə birlikdə olması haqqında yazılmır. Heç bir döyüşdə də onunla iştirak etməmişdir. Budur, Bədr döyüşünə nəzər salın. Rəbbi tərəfindən sadiq adlanan Peyğəmbər Rəbbinə dua edir, kafirlərə qarşı imdad diləyir və deyirdi: "Ey Allahım! Əgər bu toplumu məhv etsən, bundan sonra yer üzündə sənə ibadət edən qalmayacaq!"405
O gün həmin toplumda zamanlarının ən şərəfli müsəlmanları, mələklər, o cümlədən Cəbrail də var idi. Həssan ibn Sabit öz qəsidəsində bir misrada bu mənzərəni təsvir edib deyir:
Dostları ilə paylaş: |