«18. Biz dağları ona ram etmişdik. Onlar axşam-səhər onunla birlikdə (Allahı) təqdis edib şəninə təriflər deyərdilər. 19. Biz quşları da toplu halda (onun ixtiyarına vermişdik), hamısı ona tərəf yönəlməkdə idi.» (Sad: 18). Başqa ayədə isə belə deyilir: «“Siz ey dağlar, siz ey quşlar! Onunla (Davudla) birlikdə Allahı təqdis edib şəninə təriflər deyin!”» (Səba: 10). Yəni onunla birlikdə zikr edin.
«Biz dağları ona ram etmişdik. Onlar axşam-səhər onunla birlikdə (Allahı) təqdis edib şəninə təriflər deyərdilər.» Günün əvvəlində və sonunda zikr edərdilər. Çünki Uca Allah ona heç bir bəndəsinə bəxş etmədiyi gözəl bir səs vermişdi. O, Kitabı oxuyanda quş göydə dayanıb onun oxuduqlarını təkrarlayır, onun zikri ilə zikr edirdi. O, hər səhər və axşam zikr edəndə dağlar da onunla birlikdə zikr edərdilər. Ona Allahın salavatı və salamı olsun.
Ubeyd ibn Ömər deyir: "Davud alət ilə səs çıxarar və bəzi şeylər oxuyardı. Alət də onun səsini təkrar çıxarardı. O bununla həm ağlamaq, həm də ağlatmaq istəyirdi".427
Aişə rəvayət edir ki, Peyğəmbər Quran oxuyan Əbu Musa əl-Əşarinin səsini eşitdi və dedi: "Əbu Musaya Davudun ailəsinə bəxş edilən gözəl səsdən verilmişdir."428
Əbu Hureyrə Peyğəmbərin belə dediyini rəvayət edir: "Əbu Musaya Davuda bəxş edilən gözəl səsdən verilmişdir."429
Əbu Osman ən-Nəhdi: "Mən bəzi alətlərin səsini eşitmişəm, amma Əbu Musa əl-Əşarinin səsi kimi gözəl səs eşitməmişəm", – deyirdi.
Davuda bu gözəl səslə yanaşı, Zəbur kitabını tez oxumaq bacarığı da verilmişdi. İmam Əhməd Əbu Hureyrədən rəvayət edir ki, Peyğəmbər demişdir: "Davuda tez oxumaq bacarığı verilmişdi. O, miniyinin yəhərlənməsini əmr edir və miniyi yəhərlənməmiş artıq Quranı (öz kitabını) oxuyub qurtarırdı. O, əlinin qazancından başqa heç nə yemirdi."430
Rəvayətdə deyilən Quran sözü, Uca Allahın Davuda vəhylə nazil etdiyi Zəbur kitabıdır. Rəvayətdə deyilən miniyi sözünün əvəzində "miniklərinin" deyilməsi daha uyğundur. Çünki o hökmdar idisə onun köməkçiləri də var idi. Heyvanlar yəhərlənənə qədər o da Zəburu oxuyub qurtarırdı. Düşünə-düşünə, aram-aram, avaz və mütiliklə oxuduğunu nəzərə alsaq o, bu işi çox tez bir zamanda tamamlayırdı.
Uca Allah buyurur: «Biz Davuda da Zəburu verdik.» (ən-Nisa: 163). Zəbur məşhur kitabdır. Təfsir kitabında İmam Əhmədin və digər alimlərin rəvayət etdiyi hədisi qeyd etmişik. Orada deyilir ki, bu kitab Ramazan ayında431 nazil olmuşdu. Kitabda moizələr, hikmətli sözlər yazılmışdır. Bu gün bu kitabın tərcüməsini oxuyanlar bunun şahidi ola bilərlər.
Dostları ilə paylaş: |