25. Göylərdə və yerdə pünhan olanı (yağışı, bitkiləri) aşkara çıxaran, onların gizlində və aşkarda etdikləri hər şeyi bilən Allaha səcdə etməsinlər deyə (Şeytan belə etmişdir).
26. O böyük Ərşin Rəbbi (sahibi) olan Allahdan başqa heç bir haqq ilah yoxdur!”
27. (Süleyman Hüd-hüdə) dedi: “Baxaq görək doğru deyirsən, yoxsa yalançısan?!
28. Mənim bu məktubumu aparıb (göydən) onlara at, sonra yaxın bir yerə çəkilib dur, bax gör nə cavab verəcəklər!”
29. (Səba hökmdarı Bəlqis Süleymanın məktubunu alıb oxuyandan sonra) dedi: “Ey əyanlar! Mənə çox hörmətli bir məktub göndərildi (atıldı).
30. O məktub Süleymandandır və o “bismillahir-rəhmanır-rəhim”lədir (bismillahla başlanır).
31. (Məzmunu belədir:) ”Mənə qarşı təkəbbür göstərməyin və yanıma müti (müsəlman) olaraq gəlin! (Mənim dəvətimə saymazlıqla yanaşmayın. Allaha təslim olaraq yanıma gəlin)”.