«və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər.» Ayənin bu mənada olmasını İkrimə, Mucahid və digərləri söyləyiblər. Bütün bu nemətlər insanlara və cinlərə yaxşılıq edib yemək paylamaq üçün idi. Ona görə Uca Allah belə buyurur: «Siz, ey Davud ailəsi! (Allaha) şükrlə itaət edin! (Bu nemətə şükür edin!) Bəndələrimdən (nemətlərimə) şükür edəni azdır!»
Başqa ayədə deyilir: «37. (Biz) şeytanlardan olan hər bir bənnanı və dalğıcı, 38. eləcə də başqalarını (digər şeytanları) zəncirlənmiş halda (onun ixtiyarına verdik)» (Sad: 37-38). Onların bəzisini tikintidə işlədir, bəzilərinə isə suya dalıb oradan ləl-cəvahirat və digər qiymətli əşyaları çıxartmağı əmr edirdi. «38. eləcə də başqalarını (digər şeytanları) zəncirlənmiş halda (onun ixtiyarına verdik)» Onlar əmrə itaət etmədikləri üçün iki-iki zəncirə bağlanmışdılar. Bunlar Allahın onun üçün ram etdiyi işlərdən bəzisidir. Bütün bunlar ondan başqa heç kəsə, nə ondan əvvəlkilərə, nə də ondan sonrakılara verilməyən bir hökmranlığın tamamıdır.
Buxari454 : Əbu Hureyrədən rəvayət edir ki, Peyğəmbər demişdir: "Dünən ifrit cinlərdən biri mənim namazımı pozmaq istəyirdi. Allah onu tutmağa imkan yaratdı və mən onu tutdum. Hər biriniz onu görə bilsin deyə, onu məscidin sütunlarından birinə bağlamaq istədim. Sonra qardaşım Süleymanın: «Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk ver ki, məndən sonra eləsinə heç kəs nail ola bilməsin...» (Sad: 35) – duasını xatırlayıb onu zəif hala salıb sərbəst buraxdım".
Muslim455 Əbu Dərdadan rəvayət edir ki, Peyğəmbər qalxıb namaz qılırdı. Birdən onun: "Səndən Allaha sığınır, Allahın lənəti ilə səni lənətləyirəm", – dediyini eşitdik. Bu sözləri üç dəfə təkrarladı və nə isə götürürmüş kimi əlini açdı. Namazı bitirdikdən sonra biz dedik: "Ey Allahın elçisi! Namazda olarkən əvvəllər demədiyin sözlər dediyini eşitdik və əlini açdığını gördük". Peyğəmbər dedi: "Allahın düşməni İblis üzümə atmaq üçün oddan mərmi gətirmişdi. Bu zaman mən üç dəfə: "Səndən Allaha sığınıram!" – dedim. Sonra yenidən üç dəfə: "Allahın lənəti ilə səni lənətləyirəm" – dedim. Amma o geri çəkilmirdi. Mən onu tutmaq istədim. Allaha and olsun əgər qardaşımız Süleymanın duası olmasaydı, Mədinənin uşaqları ələ salsınlar deyə onu bağlayardım."
Əhməd rəvayət edir ki, (Əbdülməlikin oğlu) Süleymanın dostu Əbu Ubeyd deyir: "Mən Əta ibn Yəzid əl-Leysini ayaq üstə namaz qılarkən gördüm. Onun qarşısından keçmək istəyəndə mənə mane oldu və (namazdan) sonra dedi: "Əbu Səid əl-Xudri mənə danışıb ki, Peyğəmbər ayağa qalxıb sübh namazını qıldı. Mən də onun arxasında dayandım. O, Quran oxuyarkən qiraətini qarışdırdı. Namazı bitirəndən sonra dedi: "Siz bircə mənimlə İblisi görərdiniz. Mən onu tutub boğurdum. Hətta baş barmağımla şəhadət barmağımda onun soyuq ağız suyunu da hiss etdim. Əgər qardaşım Süleymanın duası olmasaydı, o məscidin sütunlarından birinə bağlanmış halda olardı və Mədinənin uşaqları onu ələ salardılar. Sizdən kim bacarırsa özü ilə qiblə arasından bir adamın keçməsinə imkan verməsin"."
Əbu Davud ondan (hədisin son cümləsini): "Sizdən kim bacarırsa özü ilə qiblə arasından bir adamın keçməsinə imkan verməsin." – rəvayət etmişdir456.
Əksər sələf alimləri deyirlər ki, Süleymanın minə yaxın qadını olub. Onun qadınlarla münasibətdə çox böyük şəhvəti var idi.
Buxari457 Əbu Hureyrədən rəvayət edir ki, Peyğəmbər demişdir: "Süleyman ibn Davud demişdi: "Bu gecə yetmiş qadınla yaxınlıq edəcəm və onların hər biri Allah yolunda cihad edəcək mücahid dünyaya gətirəcək". Dostu ona: "İnşallah de!" – deyir. Amma Süleyman demir. Qadınlardan heç bir hamilə qalmır. Yalnız bir qadın yarımçıq bir uşaq dünyaya gətirir." Peyğəmbər deyir: "Əgər o, "İnşallah" desəydi, onlar Allah yolunda döyüşərdilər".
Əbu Yəla458 Əbu Hureyrədən rəvayət edir ki, Peyğəmbər demişdir: "Süleyman ibn Davud demişdi: "Bu gecə yüz qadınla yaxınlıq edəcəm və onların hər biri Allah yolunda qılınc oynadan uşaq dünyaya gətirəcək". Amma o, "İnşallah" deməmişdi. Həmin gecə yüz nəfər qadınına yaxınlıq etdi, amma onların heç biri hamilə qalmadı. Yalnız bir arvadı yarımçıq bir uşaq dünyaya gətirdi." Peyğəmbər dedi: "Əgər "İnşallah" desəydi, qadınların hər biri Allah yolunda qılınc oynadan uşaq dünyaya gətirərdi"."
İmam Əhməd459 Əbu Hureyrədən rəvayət edir ki, "Süleyman ibn Davud belə demişdi: "Bu gecə yüz qadınla yaxınlıq edəcəm və onların hər biri Allah yolunda döyüşən uşaq dünyaya gətirəcək". Amma o "İnşallah" deməmişdi. Onların heç biri hamilə qalmadı. Yalnız bir arvadı yarımçıq bir uşaq dünyaya gətirdi." Peyğəmbər dedi: "Əgər "İnşallah" desəydi, onun yüz uşağı da dünyaya gələrdi və hər biri Allah yolunda döyüşərdi"."
İmam Əhməd460 Əbu Hureyrədən Peyğəmbərin belə dediyini rəvayət edir: "Süleyman ibn Davud belə demişdi: "Bu gecə yüz qadına yaxınlıq edəcəm və onların hər biri Allah yolunda döyüşən uşaq dünyaya gətirəcək". Amma o, "İnşallah" deməyi unutmuşdu. Onların hamısı ilə yaxınlıq etdi. Heç bir arvadı hamilə qalmadı. Yalnız bir arvadı yarımçıq bir uşaq dünyaya gətirdi." Peyğəmbər dedi: "Əgər "İnşallah" desəydi, andını pozmaz və istədiyini əldə edərdi."
Süleymanın əvvəllər heç kimdə olmayan və ondan sonra da Allahın heç kəsə verməyəcəyi qədər mülkü, geniş dövləti, çoxlu və müxtəlif növlü qoşunu var idi. Uca Allah buyurur: «16. Süleyman Davuda vərəsə oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və (peyğəmbərlərə, padşahlara nəsib olan) hər şeydən verildi. Bu, həqiqətən açıq-aşkar bir lütfdür!”» (Nəml: 16). «35. (Süleyman dua edib) dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk (səltənət) ver ki, məndən sonra (eləsinə) heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan (kərəm) sahibisən!» (Sad: 35). Doğru danışan Peyğəmbər Uca Allahın bunları ona verdiyini təsdiqləmişdir.
Uca Allah ona verdiyi və tamamladığı əzəmətli nemətlərini xatırladır və deyir: «Bu Bizim ehsanımızdır, (ondan kimə istəsən) ver, yaxud (saxlayıb) vermə! O, saysız-hesabsızdır.» (Sad: 39). Kimə istəyirsən ver, istəmədiyinə də vermə. Buna görə səndən heç bir haqq-hesab tələb olunmayacaq. Mal-dövləti istədiyin kimi xərclə. Uca Allah bu mal-dövləti sərf etmək işində ona sərbəstlik vermişdir deyə, haqq-hesab edən deyil. Padşahlıq edən peyğəmbər belə də etməlidir. Amma Allahın qulu və elçisi olan peyğəmbər isə kimə nə verəcəyi barədə Allahın icazəsi olmadan heç kəsə heş nə verməməlidir.
Peyğəmbərimiz Muhəmmədə bu iki məqamdan birini seçmək ixtiyarı verilmişdi. O, Allahın qulu və elçisi olmaq seçimini etmişdi.
Bəzi rəvayətlərdə deyilir ki, O, bu təklif barədə Cəbrail ilə məsləhətləşmişdi. Cəbrail isə ona təvazökarlıq seçimini etməyi məsləhət görmüşdü. O da, qul və elçi olmaq seçimini etmişdi.461
Uca Allah da Qiyamətə qədər xilafəti və krallığı Muhəmmədin ümmətinə verdi. Onun ümmətində Qiyamətə qədər haqq ilə qüvvətli olan dəstə qalacaqdır462. Həmd olunmaq da, minnət qoymaq da yalnız Allaha məxsusdur.
Uca Allah peyğəmbəri Süleymana bəxş etdiyi dünya nemətlərini xatırlatdıqdan sonra onun üçün axirətdə, qayıdış və haqq-hesab günündə hazırladığı böyük və əvəzsiz savabları, möhtəşəm uğura və misilsiz hörmətə layiq olacağını xatırladaraq buyurur: «40. Həqiqətən, o, (Qiyamət günü) dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır.» (Sad: 40).
Dostları ilə paylaş: |