11. Sonra (Zəkəriyyə) mehrabdan (məbəddən) öz camaatının qabağına çıxıb (əli ilə) onlara belə işarə etdi: “Səhər-axşam (Allahı) təqdis edib şəninə təriflər deyin! (Və ya namaz qılın!)”
12. (Yəhya dünyaya gəldikdən sonra ona dedik:) “Ey Yəhya! Kitabdan bərk yapış (Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl et!).Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik.
13. Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət (yaxud insanlara qarşı şəfqət) və (günahlardan) paklıq bəxş etdik. O, (çox) müttəqi idi.
14. (Yəhya) ata-anasına qarşı olduqca itaətkar (nəvazişkar) idi; zalım, asi (dikbaş) deyildi.
15. Ona doğulduğu gün də, öləcəyi gün də (Qiyamətdə) diriləcəyi (qəbirdən diri olaraq qaldırılacağı) gün də salam olsun! (Məryəm: 1-15).
Uca Allah başqa ayədə buyurur:
37. Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyə onu himayəyə götürdü. Zəkəriyyə hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. (Zəkəriyyə:) “Ey Məryəm, bunlar sənin üçün haradandır?”. dedikdə, o: “Allah tərəfindəndir!” – deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!