«36. Onu (bətnindəkini) doğduğu zaman: “Ey Rəbbim! Mən qız doğdum”, – söylədi. Halbuki, Allah onun nə doğduğunu və» Beytülmüqəddəsə xidmət etmək üçün «oğlanın qız kimi olmadığını yaxşı bilirdi.» Bəzi qiraətlərdə483: «Allah onun nə doğduğunu yaxşı bilir...» ayəsi, «Allah mənim nə doğduğumu yaxşı bilir...» – kimi oxunur. O zaman onlar dünyaya gətirəcəkləri övladlarından bəzilərini Beytülmüqəddəsə xidmətçi edəcəklərinə dair nəzir edirdilər.
«(Anası) “Mən onun adını Məryəm qoydum,» Bəziləri uşağa doğulduğu gündə ad qoymaq üçün bu ayəni əsas götürürlər. İki səhih kitabda Ənəsin Peyğəmbərlə birlikdə onların evinə gedib təzə doğulmuş qardaşının ağzına xurma sürtüb adını Abdullah qoyması haqqında hədis rəvayət olunur.484
Həsənin Səmurədən mərfu rəvayət etdiyi hədisdə deyilir: "Hər uşaq "əqiq qurbanına" bağlıdır. Doğumunun yeddinci günündə qurbanı kəsilir, adı qoyulur və saçı qırxılır." Əhməd və "Sünən əhli" rəvayət ediblər. Tirmizi hədisin səhih olduğunu demişdir485.
Məryəmin anasının nəziri qəbula keçdiyi kimi: «Mən onu və onun nəslini məlun (daşqalaq olunmuş) Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram!» – sözləri ilə etdiyi duası da qəbul edildi.
İmam Əhməd Əbu Hureyrədən Peyğəmbərin belə dediyini rəvayət edir: "Hər bir uşaq dünyaya gələndə şeytan ona toxunur. Şeytan ona toxunan kimi uşaq qışqırıb ağlamağa başlayır. Bunu yalnız Məryəmə və oğluna edə bilməmişdir." Əbu Hureyrə deyirdi: "Əgər bunu bilmək istəyirsinizsə onda bu ayəni oxuyun: «Mən onu və onun nəslini məlun (daşqalaq olunmuş) Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram!»"
İmam Əhməd başqa rəvayətdə486 Əbu Hureyrədən Peyğəmbərin belə dediyini rəvayət edir: "Şeytan öz barmağı ilə yeni doğulmuş hər bir Adəm övladına toxunur. Yalnız İmranın qızı Məryəm və onun oğlu İsadan başqa."
Əhmədin başqa rəvayətində487 Peyğəmbərin belə dediyi rəvayət olunur: "Ana uşağı dünyaya gətirən kimi şeytan onun sinəsinə vurar. Yalnız Məryəmi və oğlunu vurmamışdır. Görmürsünüz, uşaq dünyaya gələn kimi ağlayır?" Əshabələr: "Bəli, ey Allahın elçisi, elədir" – deyə cavab verdilər. Peyğəmbər dedi: "Bax, şeytan onun sinəsinə vuran kimi o, ağlayır."
İmam Əhməd488 Əbu Hureyrədən rəvayət edir ki, Peyğəmbər belə demişdir: "Adəm övladı dünyaya gələndə şeytan onun böyürünə vurur. Yalnız Məryəm oğlu İsadan başqa. O ona vurmaq istəyəndə maneəyə dəydi."
Dostları ilə paylaş: |