46. O, (həm)beşikdə ikən, (həm də) yaşa dolduqdan sonra insanlarla danışacaq və salehlərdən (xeyirli iş görən şəxslərdən) olacaqdır”.
47. (Məryəm:) “Ey Rəbbim! Mənə bir insan əli toxunmadığı halda necə uşağım ola bilər?” – dedikdə, (Allah) buyurdu: “(Bəli) elədir, (lakin) Allah istədiyini yaradır. O, bir işin əmələ gəlməsini qərara aldıqda, ona ancaq “Ol!” deyər, o da (dərhal) olar.
48. (Allah) ona (İsaya) yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək.
49. Və onu İsrail övladına (yəhudilərə) peyğəmbər göndərəcək. (İsa onlara deyəcək:) “Mən, həqiqətən, Rəbbinizdən sizə möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzlədib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda (söylədiklərimdə peyğəmbər olduğuma) bir dəlil vardır.