«“Ey Məryəm, həqiqətən, Allah səni seçmiş, təmizləmiş, (cəmi) aləmlərin qadınlarından üstün tutmuşdur.» – ayəsi ümumi mənada ola bilər. Yəni Məryəm dünyada həm özündən əvvəlki, həm də sonrakı qadınlardan üstündür.
Əgər onun peyğəmbər olduğunu desək, o zaman onun Saradan və Musanın anasından üstün olması ilə ziddiyyət təşkil etmir. Çünki «...aləmlərin qadınlarından üstün tutmuşdur.» – ayəsi ümumidir və başqa sübutlar da buna müxalif deyil489.
Daha doğrusunu Allah bilir.
Cumhur alimlərin rəyinə əsasən peyğəmbərlik kişilərə məxsusdur. Qadınlar arasında peyğəmbər olmamışdır490. Məryəmin ən yüksək məqamı Uca Allahın dediyi kimidir: «75. Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişdir. Onun anası isə siddiq (Allahın hökmlərini sidq-ürəkdən təsdiq edən) bir qadın idi.» (əl-Maidə: 75). Beləliklə Məryəmin özündən əvvəlki və sonrakı tanınmış siddiq qadınlardan üstün olması mümkündür. Daha doğrusunu Allah bilir.
Hədislərdə Məryəmin adı Muzahimin qızı Asiya, Xuveylidin qızı Xədicə və Muhəmmədin qızı Fatimənin adı ilə birlikdə çəkilmişdir. Allah onların hamısından razı olsun.
İmam Əhməd, Buxari, Muslim, Tirmizi və Nəsai Əli ibn Əbu Talibdən Peyğəmbərin belə dediyini rəvayət edirlər: "Dünyanın ən xeyirli qadınları İmranın qızı Məryəm və Xuveylidin qızı Xədicədir."491
İmam Əhməd, Ənəsdən Peyğəmbərin belə dediyini rəvayət edir: "Dünyanın ən üstün qadını dörd nəfərdir: İmranın qızı Məryəm, Fironun arvadı Asiya, Xuveylidin qızı Xədicə və Muhəmmədin qızı Fatimə."492
İmam Əhməd493 Əbu Hureyrədən Peyğəmbərin belə dediyini rəvayət edir: "Ən xeyirli qadınlar dəvəyə minən qadınlardır. Qureyşin ən yaxşı qadınları: körpə uşağına qarşı şəfqətli olanı (ərə getməyib uşaqlarına baxan) və malını əri üçün xərcləyənidir." Əbu Hureyrə deyir ki, Məryəm heç vaxt dəvəyə minməmişdir.
Eyni hədisi Muslim "Səhih"ində rəvayət etmişdir.494
Əbu Yalə əl-Musili495 İbn Abbasdan rəvayət edir ki, Peyğəmbər yerdə dörd xətt çəkib dedi: "Heç bilirsiniz bu nədir?" Onlar: Allah və Rəsulu daha yaxşı bilər! – deyə cavab verdilər. Peyğəmbər dedi: "Cənnətin ən üstün qadınları Xuveylidin qızı Xədicə, Muhəmmədin qızı Fatimə, İmranın qızı Məryəm, Fironun arvadı Muzahimin qızı Asiyadır." Nəsai496 rəvayət edir ki, Aişə Fatiməyə deyir: "Sən Peyğəmbəri qucaqlayan kimi ağlamağa başladın, amma sonra güldün. Nə üçün?" Fatimə dedi: "O mənə bu xəstəliyində öləcəyini dedi, mən də ağlayıb onu qucaqladım. Sonra özündən sonra ailəsindən ona qovuşacaq adamın mənim olacağımı və mənim İmranın qızı Məryəmdən başqa bütün Cənnət qadınlarının xanımı olduğumu dedi, mən də güldüm".497 Bu hədisin əsası "Səhih" əsərindədir. Hədis Muslimin şərtinə müvafiqdir. Orada dörd qadının içərisində Məryəm və Fatimənin daha üstün olduğu deyilir.
İmam Əhmədin498 Əbu Səid əl-Xudridən rəvayət etdiyi hədisdə Peyğəmbərin belə dediyi deyilir: "Fatimə, İmranın qızı Məryəmdən başqa bütün Cənnət qadınlarının xanımıdır."
Bu rəvayətlər bildirir ki, dörd qadının içərisindən ən üstünü Məryəm və Fatimədir. Amma Məryəmin Fatimədən üstün olması, yaxud eyni olmaları da ehtimal olunur. Bu haqda bir hədis rəvayət olunub. Əgər o səhihdirsə, birinci ehtimalı sübut edər. İbn Abbas Peyğəmbərin belə dediyini rəvayət edir: "Cənnət qadınlarının xanımı İmranın qızı Məryəmdir. Sonra Fatimə, sonra Xədicə, sonra isə Fironun arvadı Asiyadır."499
Ardıcıllığı ifadə edən "sonra" kəlməsi ilə işlədilən bu hədis səhih olsaydı, ("Fatimə, İmranın qızı Məryəmdən başqa bütün Cənnət qadınlarının xanımıdır." – hədisindəki) istisna səbəbi ilə yuxarıda deyilən iki ehtimaldan birini isbat etmiş olardı. Həmçinin ardıcıllıq mənasını verməyən, nə də ardıcıllığı inkar etməyən "və" bağlayıcısı ilə rəvayət olunan hədislərə də aydınlıq gətirərdi. Daha doğrusunu Allah bilir.
Əbu Hatim ər-Razi500 İbn Abbasdan bu hədisi mərfu* olaraq rəvayət etmişdir. Onun rəvayəti ardıcıllığı ifadə edən "sonra" sözü ilə deyil, "və" bağlayıcısı ilə verilmişdir. Həm sənədinə, həm də mətninə müxalif çıxmışdır. Daha doğrusunu Allah bilir.
İbn Mərdəveyh Muaviyə ibn Qurradan, o da atasından Peyğəmbərin belə dediyini rəvayət edir: "Kişilərdən kamillik dərəcəsinə çatanlar çoxdur. Qadınlardan isə üç nəfər kamillik dərəcəsinə çatmışdır: İmranın qızı Məryəm, Fironun arvadı Asiya və Xuveylidin qızı Xədicə. Sərid501 yeməyi digər yeməklərdən necə üstündürsə, Aişə də digər qadınlardan elə üstündür."
Əbu Davud istisna olunmaqla, camaatın502 rəvayət etdiyi hədisdə Əbu Musa əl-Əşari Peyğəmbərdən belə rəvayət edir: "Kişilərdən kamilliyə çatanlar çoxdur. Qadınlardan isə yalnız Fironun arvadı Asiya, İmranın qızı Məryəm kamilliyə çatmışdır. Aişənin üstünlüyünə gəlincə, "Sərid" yeməyi digər yeməklərdən necə üstündürsə, Aişə də digər qadınlardan elə üstündür."503 Bu hədis səhihdir. Hər iki şeyx (Buxari və Muslim) bu hədisi rəvayət ediblər. Hədisin mətni kamilliyin Məryəm və Asiyaya aid olunduğunu bildirir. Yəqin ki, burada deyilən kamillik onların yaşadıqları zamana aiddir. Onların hər ikisi peyğəmbərə himayədarlıq etmişlər. Asiya Musaya , Məryəm isə öz oğlu, Allahın qulu və elçisi İsaya himayədarlıq etmişdir. Bu üstünlük, ümmətimizin Xədicə və Fatimə kimi qadınlarının kamilliyini inkar etmir.
Belə ki Xədicə Peyğəmbərimizə peyğəmbərlik verilmədən öncə on beş, sonra isə on il xidmət etmişdir. O, Peyğəmbər üçün öz canından və malından keçən sədaqətli bir vəzir idi. Allah ondan razı olsun.
Peyğəmbərin qızı Fatimə isə bir xüsusiyyəti ilə öz bacılarından irəlidə idi. Demək bacıları Peyğəmbərin sağlığında vəfat etmiş, o isə atasının ölümünü görmüşdü.
Aişə isə Peyğəmbərin ən sevimli zövcəsi idi. Peyğəmbərin bakirə evləndiyi yeganə qadını idi. Ümmət qadınları arasında ondan çox elm və düşüncə sahibi olan qadın görülməmişdir. Onun namusuna böhtan atılanda, Uca Allah onun qeyrətini çəkmiş və yeddi qat səma üzərindən onun paklığını sübut edən ayələr nazil etmişdi. O, Peyğəmbərdən sonra əlli ilə yaxın yaşamışdı. O, Peyğəmbərdən öyrəndiyi Quranı və hədisləri insanlara öyrədir, fətva verir, fikir ayrılığına düşmüş insanları birləşdirirdi. Möminlərin anaları arasında ən şərəflisidir. Hətta bir çox elm adamları onu Peyğəmbərin qız və oğlan övladlarının anası Xuveylidin qızı Xədicədən üstün hesab edirlər. Amma yaxşı olardı ki, onları bir-birindən üstün tutmayaq. Çünki Peyğəmbərin : "Aişənin üstünlüyünə gəlincə, "Sərid" yeməyi digər yeməklərdən necə üstündürsə, Aişə də digər qadınlardan elə üstündür", – sözlərindən Aişənin adı çəkilən qadınlardan sonra ən üstün olması, yaxud bütün qadınlardan üstün olması mənası ehtimal olunur. Daha doğrusunu Allah bilir.
Məqsədimiz İmranın qızı Məryəm haqqında danışmaqdır. Uca Allah onu pak etmiş və öz zamanının qadınlarından üstün tutmuşdur. Yuxarıda dediyimiz kimi, o, bütün vaxtlarda yaşayan qadınlardan üstündür.
Deyilənə görə o və Muzahimin qızı Asiya Cənnətdə Peyğəmbərin zövcələrindən olacaqlar. Təfsir kitabımızda504 bu haqda danışarkən bəzi sələflərin belə fikir söylədiklərini və bu ayəni: «...dul qadınlar və bakirə qızlar versin!505» (ət-Təhrim: 5) – əsas tutduqlarını demişdik. Onlar deyirlər ki, ayədəki dul qadın Asiya, bakirələrdən biri isə İmranın qızı Məryəmdir. Ət-Təhrim surəsinin axırlarında bu haqda danışmışıq. Daha doğrusunu bilən Allahdır.
ALLAHIN QULU VƏ ELÇİSİ MƏRYƏM OĞLU İSANIN DÜNYAYA GƏLMƏSİ
Dostları ilə paylaş: |