«17. Elə isə (ey Peyğəmbər!) kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver!» (ət-Tariq: 17).
MƏRYƏM OĞLU İSANIN İNKİŞAFI KÖRPƏLİK VƏ UŞAQLIQ DÖVRÜ ALLAHDAN GƏLƏN VƏHYİN BAŞLANĞICI
İsa Beytülmüqəddəsin yaxınlığında yerləşən "Beytləhm" (Bet-Lexem) adlı yerdə dünyaya gəlmişdi. Vahb ibn Munəbbih onun Misirdə dünyaya gəldiyini, sonra Məryəmin dülgər Yəqubun oğlu Yusuf ilə ulağa minib bir yəhərin üstündə Qüdsə gəldiyini iddia etmişdir. Amma onun dedikləri doğru deyil. Əvvəldə qeyd etdiyimiz hədis542 İsanın "Beytu-Ləhm"də dünyaya gəldiyini isbat edir. Bundan başqa nə deyilibsə hamısı əsassızdır.
Uca Allah buyurur: «50. Məryəm oğlunu (İsanı) və (bakirə) anasını (qüdrətimizdən yaranmış) bir möcüzə etdik. Onları abad (rahat) və axar sulu uca bir yerdə yerləşdirdik.» (əl-Muminun: 50).
Sələf alimləri və təfsirçilər Uca Allahın ayədə «abad (rahat) və axar sulu...» – sözləri ilə vəsf etdiyi uca yerin necə olması barədə müxtəlif fikirlər söyləyiblər. Bu çox maraqlı vəsfdir. Həmin yer uca, üzəri isə hamar və genişdir. Uca olmaqla yanaşı orada axar sular da vardır. Bəziləri isə deyirlər ki, burada məqsəd Məsihin dünyaya gəldiyi yer haqqında, Beytülmüqəddəsin xurma ağaclarından danışılır. Ona görə də digər ayədə belə deyilir: «24. Dərhal (Məryəmin, yaxud xurma ağacının) alt tərəfindən ona belə bir nida gəldi: “Kədərlənmə, Rəbbin sənin üçün (ayağının) altından bir irmaq axıtdı.» (Məryəm: 24). Cumhur sələflərin fikrinə əsasən bu irmaq kiçik bir çay idi. İbn Abbasdan yaxşı sənədlə nəql olunan rəvayətdə burada Dəməşq çaylarının nəzərdə tutulduğu deyilir. Ola bilər o həmin yeri Dəməşq çaylarına oxşadırdı.
Dostları ilə paylaş: |