«Sən İsrail oğullarına açıq-aşkar möcüzələr gətirdiyin zaman Mən (onların bəlasını) səndən dəf etmişdim (səni öldürmək istədikdə onlara mane olmuşdum). Onlardan küfrə batanlar isə belə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!”» Onlar İsanı çarmıxa çəkmək istədikdə Uca Allah onu onların əziyyətindən xilas edib Öz dərgahına qaldırdı. Bu İsanın hörmətinin və şərəfinin qorunması üçündür.
«111. Xatırla ki, o zaman həvarilərə (İsanın on iki əshabəsinə): “Mənə və peyğəmbərimə iman gətirin!” – deyə əmr etmişdim. Onlar isə: “Bizim (Sənə və peyğəmbərinə) itaətkar kəslər olmağımıza şahid ol!” – deyə cavab vermişdilər.» (əl-Maidə: 111). Deyilənə görə bu vəhy ilham vəhyidir. Yəni Allah onları bu işə yönəltmiş, istiqamət vermişdir. Başqa ayədə bu mənada belə deyilir: «68. Rəbbin bal arısına belə vəhy etdi...» (ən-Nəhl: 68). «7. Biz Musanın anasına (ilham yolu ilə, yaxud röyada): “Onu (Musanı) əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at! (Uşağın suda boğulacağından) qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də (şəriət sahibi olan) peyğəmbərlərdən edəcəyik!” – deyə vəhy etdik.» (əl-Qasas: 7). Bəziləri bu vəhyin elçi vasitəsi ilə çatdırıldığını və qəlblərində haqqa meyillənmək hissinin oyadılması ilə baş tutduğunu deyirlər. Onlar da qəbul edib belə cavab verdilər: «“Bizim (Sənə və peyğəmbərinə) itaətkar kəslər olmağımıza şahid ol!”» Uca Allahın qulu və elçisi Məryəm oğlu İsaya köməkçi və yardımçı insanları verməsi, ona bəxş etdiyi nemətlərdəndir. Onlar İsa ilə birlikdə tək və heç bir şəriki olmayan Allaha ibadət etməyə dəvət edirdilər. Uca Allah peyğəmbəri və qulu Muhəmmədə də belə demişdir: «62... sənə təkcə Allah kifayətdir. (O Allah ki) səni Öz köməyilə və möminlərlə müdafiə edib möhkəmlətdi. 63. Və onların (birini düşmən Ovs və Xəzrəc qəbilələrindən olan ənsarın) ürəklərini (ülfətlə, dostluqla) birləşdirdi. Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, çünki O, yenilməz Qüvvət sahibi, Hikmət sahibidir.» (əl-Ənfal: 62-63).
Uca Allah başqa ayədə belə buyurur: «48. (Allah) ona (İsaya) yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək. 49. Və onu İsrail övladlarına (yəhudilərə) peyğəmbər göndərəcək. (İsa onlara deyəcək:) “Mən, həqiqətən, Rəbbinizdən sizə möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzlədib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda (söylədiklərimdə peyğəmbər olduğuma) bir dəlil vardır. 50. Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək (eyni zamanda orada) sizə haram edilmiş bəzi şeyləri (dəvə əti, qarın və bağırsaq piyi yemək, şənbə günü işləmək və s.) halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən (peyğəmbərliyimin doğru olduğunu sübut edən) bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin! 51. Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur doğru yol! 52. İsa onların (yəhudilərin) küfrünü (inanmadıqlarını) hiss etdikdə: “Allah yolunda kim mənim köməkçlərim olacaqdır?”. deyə soruşdu. (O zaman) həvarilər dedilər: “Bizik Allahın (Onun dininin) köməkçiləri! Biz Allaha inandıq. Sən də (Allaha) təslim olduğumuza şahid ol!” 53. (Həvarilər dedilər:) “Ey Rəbbimiz, (bizə) nazil etdiyinə (İncilə) iman gətirdik və peyğəmbərinə (İsaya) tabe olduq. Artıq bizləri (haqqa) şahid olanlarla bir yerdə yaz!” 54. Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən güclüsüdür.» (Ali İmran: 48-54).
Hər peyğəmbərin möcüzəsi yaşadığı vaxtın əhalisinə uyğun olmuşdur. Elm adamları deyirlər ki, Musanın möcüzəsi zəmanəsinin adamlarına uyğun möcüzə idi. Onlar ağıllı sehrbaz olduqları üçün Uca Allah da Musaya gözləri və cüssələri aciz qoyan möcüzələr vermişdi. Sehrbazlar sehr işini və sehrin hansı təsirə malik olduğunu yaxşı bildikləri üçün Musanın göstərdiklərini görən kimi dərhal təslim oldular. Çünki onlar baş verən möhtəşəm hadisənin yalnız Allah tərəfindən dəstək alan adamın işi olduğunu dərk edirdilər.
İsanın da möcüzəsi belə idi. Onun peyğəmbərliyi elmi təbabətin yayıldığı vaxtda başlamışdı deyə ona heç kəsin bacarmadığı möcüzələr verilmişdi. Təbib anadan gəlmə kor insanı necə müalicə etsin?! Cüzəm kimi daimi xəstəliyə nə əlac etsin?! Hansı məxluq ölmüş insanı qəbirdən dirildib çıxarta bilər?! Bütün bunlar onun sadiqliyini və onu göndərənin qüdrətini əks etdirən möcüzələrdir.
Eləcə də Muhəmməd fəsahətli və bəlağətli insanların çoxluq təşkil etdiyi bir vaxtda göndərilmişdi. Uca Allah əzəmətli Quranı ona nazil etdi. Batil, bu kitaba nə önündən, nə də arxasından heç bir zərər toxundura bilməz. Bu kitab Hikmətli və Həmd-sənaya layiqli Allah tərəfindən göndərilmişdir. Onun sözləri möcüzəvidir. Uca Allah insanları və cinləri Quran kimi bir kitab, yaxud on və ya bir surəsi qədər eyni kəlam gətirməyə aciz etmişdir. Uca Allah onların bunu nə indi, nə də gələcəkdə edə bilməyəcəklərini tam qətiyyətlə bildirmişdir. «24. Madam ki, bele bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz...» (əl-Bəqərə: 24). Çünki bu, Xaliq Allahın kəlamıdır. Heç bir şey nə zatında, nə sifətində, nə də əməllərində Allaha oxşaya bilməz.
Məqsəd budur ki, İsa öz möcüzələrini və sübutlarını onlara göstərdikdə onlar küfrlərindən, azğınlıqlarından, inadkarlıqlarından və tüğyanlarından əl çəkmədilər. Camaatdan bir dəstə könüllü ona köməkçi və yardımçı oldular. Onlar ona kömək edir, dediklərini yerinə yetirirdilər. İsrail oğulları İsaya əziyyət vermək və ondan padşahlara şikayət etmək qərarına gəldikdə həmin könüllü dəstə ortaya çıxmışdı. İsrail oğulları onu çarmıxa çəkib qətlə yetirmək istəyirdilər. Amma Allah onu xilas etdi və Öz dərgahına qaldırdı. Onun simasını ətrafındakılardan birinə verdi. Onlar onun İsa olduğunu düşünüb çarmıxa çəkib öldürdülər. Amma əslində yəhudilər səhv edir, haqqın üzünə ağ olurdular. Əksər xaçpərəstlər də onların bu iddiasını qəbul edirlər. Hər iki dəstə: həm yəhudilər, həm də xaçpərəstlər bu fikirdə səhvdirlər. Uca Allah buyurur: «54. Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən güclüsüdür.» (Ali İmran: 54).
Dostları ilə paylaş: |