33. (Sonra) O: “Ey Adəm, bunların (kainatda mövcud olan əşyaların) adlarını onlara bildir!" – dedi. (Adəm) onlara (mələklərə) bunların adlarını xəbər verdikdə (Allah): “Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində – aşkarda nə etdiyinizi bilirəm, söyləmədimmi?” – buyurdu.
34. (Ey Peyğəmbər!) Biz mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu.
35. (Sonra) Biz (Adəmə) dedik: “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol–bol yeyin, yalnız bu ağaca yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız”.