TƏDQİQATIN MATERİAL VƏ METODLARI Miomektomiyanın rastgəlmə tezliyinin, əməliyyata dair göstərişlərin, intra- və əməliyyatdan sonrakı ağırlaşmaların öyrənilməsi məqsədilə 2008-2014-cü illər ərzində Mərkəzi Neftçilər Xəstəxanasının, Naxçıvan MR Doğum Mərkəzinin ginekoloji şöbələrində, “Real ST Mərkəzi”, “Baku Medikal Plaza” özəl klinikalarda əməliyyat olunmuş stasionar xəstələrin 119 xəstəlik tarixinin təhlili aparılmışdır. Əməliyyatdan sonrakı dövrün gedişinin, uşaqlıqda çapıq nahiyəsində sağalma prosesi xüsusiyyətlərinin dəqiqləşdirilməsi məqsədi ilə miomektomiya tətbiq edilmiş 96 nəfər qadının bizim tərəfimizdən kompleks müayinəsi aparılmışdır. Bütün müayinə olunmuş qadınlar 2 qrupa ayrılmışdır: birinci qrupa histeroomentopeksiya aparılmış (tikiş nahiyəsinin böyük piyliyin sərbəst ucu ilə əlavə peritonizasiyası yerinə yetirilmiş) 54 pasiyent, ikinci qrupa uşaqlığında tikiş nahiyəsinin peritonizasiyası aparılmamış 42 nəfər pasiyent daxil edilmişdir.