Cərrahi müalicə taktikasının optimallaşdırılması üçün pasiyentlərin qeyri-invaziv yolla miomanın böyümə tempini, düyünlərdə destruktiv dəyişikliklərin inkişafı ehtimalını proqnozlaşdırmağa, eləcə də şişin quruluşunun morfoloji xüsusiyyətlərini qiymətləndirməyə imkan verən dopplerometriya ilə birlikdə transvaginal ultrasəs müayinəsindən ibarət kompleks əməliyyatönü müayinəni aparmaq məqsədəuyğundur.
Uşaqlıq mioması olan xəstələrdə orqansaxlayıcı müalicənin ikinci mərhələsi kimi QnRH aqonistləri və ya gestrinonla qısa (3 aylıq) müalicə kursunun istifadə olunması hamiləliyin başvermə ehtimalını artırmağa və aparılmış cərrahi müdaxilədən sonra residivlərin sayını azaltmağa imkan verir.
Əməliyyatdan sonrakı dövrdə dinamik ultrasəs nəzarətinin aparılması çapıq nahiyəsində miometriyanın bərpaolunma dərəcəsini qiymətləndirməyə imkan verir ki, bu da hamiləliyin davam etdirilməsi və başa çatdırılması üsulunun müəyyənləşdirilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Miomektomiyadan sonra uşaqlığında çapıq olan qadınlarda cərrahi doğuşun aparılmasına göstərişlər bunlardır: böyük interstisial komponentləri olan böyük mioma düyünləri kəsildikdən və uşaqlıq boşluğunun açılması ilə nəticələnən miomektomiya əməliyyatından sonra uşaqlıqda çapıq; çapığın uşaqlığın arxa divarında və ciftin əməliyyatdan sonrakı çapıq üzərində yerləşməsi.