Rövşən Fətişoğlu



Yüklə 84,5 Kb.
tarix10.01.2022
ölçüsü84,5 Kb.
#108898




Rövşən Fətişoğlu
İslam ümmətinin həmrəyliyi Ayətulllahul-üzma Seyyid Ruhullah əl-Musəvi əl-Xomeyrinin teoloji təhlillərində.

(“Səhifeyi Nur” risaləsi üzrə)


Qloballaşan və sivil təfəkkür meyarları ilə inkişaf edən XXI əsrdə dünyaya inteqrasiya, geniş spektrə malik informasiya mübadiləsi, beynəlxalq səviyyədə elmi, mədəni əməkdaşlıq, dini tolerantlıq və.s kimi həyat əhəmiyyətli məsələlər hər an belə aktual olaraq qalmaqdadır.

İkiqütblü dünyada ortaq ümumbəşəri dəyərləri qoruyub saxlamaq, özünəməxsus milli, dini mədəniyyəti hifz etməklə yanaşı, həm də inkişaf etdirmək kosmik sürətlə inkişaf etməkdə və müasirləşməkdə olan dünyanın tələblərindəndir.

Günümüz üçün aktual olaraq qalan, təəssüf ki, hələ də həllini tapmayan problemlərdən biri və tarixi prespektiv üçün ən vacibi İslami birlik və həmrəylik məsələsidir.

Mövzu ilə bağlı məsələnin həlli və digər problemlər əsrlər boyu qabaqcıl İslam alimlərini, ziyalıları, mütərəqqi düşüncəli dövlət və din xadimlərini düşündürmüşdür.

İslam peyğəmbəri Həzrət Məhəmməd (s) 1400 il öncəki zaman kəsiyindən günümüzün reallıqlarını görür və deyirdi: “ Tarixdə elə şəxsiyyətlər meydana gələcək ki, onlar İslam dəyərlərini diriltməklə dünyaya yeni bir təkan verəcəklər”.

Peyğəmbər (ə)-nin müjdələdiyi dahi şəxsiyyət XX əsrin dini və siyasi nəhəngi, İran İslam İnqilabının rəhbəri Ayətullah əl-Musəvi Xomeyni idi.

İmam Xomeyni sözün həqiqi mənasında düşüncələrə və qəlblərə hakim olan bir ideologiyanı dirçəltməklə gerçək İslam idarəçiliyi erasının əsasını qoydu.

O özünün zəngin elmi, mədəni dünyagörüşünə, politoloji təcrübəsinə əsaslanaraq İslam höküməti qurdu və onu dünya ictimaiyyətinə sivil, demokratik dövlət qurmaq, onu idarə etmək və qabaqcıl iqtisadi, siyasi kateqoriyalarla inkişaf etdirmək praktikası kimi model olaraq təqdim etdi.

İmamın siyasi təfəkkürünün məhsulu olan nəzəriyyə və gerçəkləşdirilmiş praktika özlüyündə konkret bir millətə, xalqa deyil, bütün müsəlman ümmətinə böyük insanın böyük töhfəsi idi.

Ayətullahul-üzma Xomeyninin böyük İslam tarixi qarşısındakı xidmətləri təkcə deyilənlərlə məhdudlaşmır.

İmam Xomeyni bəşəriyyətin ən yeni tarixində ilk dini-siyasi rəhbər idi ki, insanı insanın köləsi olmaqdan qurtarıb, ona Allahın azad qulu olmaq fəlsəfəsini izah edib çatdıra bildi. O, din fəlsəfəsinə istinadən öz görüşlər sistemini yaratdı və tövhid prinsipinə-Allahın vəhdaniyyətinə, yaradılışdakı nizamın məqsəd və hədəflərinə təqlidən bütün müsəlman ümmətini birliyə, həmfikir olmağa çağırdı.

“Qurani-Kərim buyurmuşdur: “Hamılıqla Allahın ipindən möhkəm yapışın və bir-birinizdən ayrılmayın”

Bu, bir göstərişdir, məcburi xarakterli göstərişdir. Əmrdir. Bir əmr və bir qadağadan ibarətdir. Bir-birinizlə birlikdə olun və İslama tapının. Hamınız bir yerdə İslama gəlin, təfriqələrdən uzaq olun” (“Səhifeyi-Nur”, c. 8, səh.84)

İmam birlik haqqında fikir söyləyərkən Qurani-Kərimdə təsbit olunmuş ayələrə müraciət etməklə insanı öz təkamül tarixinə, bu tarixin hərəkətverici qüvvəsinə nəzər salmağa istiqamətləndirir.

Din, onu qılıncları ilə qoruyanlar, əqidələrində, qəlblərində möhkəmləndirib gücə çevirənlər Allahın möhkəm ipidirlər. Dinin himayəçisi, hidayət çırağı Rəbbimiz, hidayətolunanı isə bütün varlıq aləmi, bu aləmin kiçik modeli, kainatın konspekti (kiçik kainat), onun yer üzərində canişin qərar verdiyi xəlifəsi-İnsandır.

Bildiyimiz kimi, xəlifə məqamı, Allah canışini olmaq müstəsnalıq təşkil edən məqamlardır.

İslamaqədərki dinlərin tarixində bütün peyğəmbərlər-əmr və risalət mükəlləfləri, İslam tarixində isə Həzrət Məhəmməd (s) və onun əhli-beyti xəlifə və canişin kimi çox ləyaqətli adları özlərində ehtiva edənlər, müqəddəs misiyanın məsuliyyət yükünü daşıyanlardır.

Qurani-Kərim dünyəvi və dini işlərə irsən məsul edilmiş bu zümrəni nəzərdə tutaraq buyurur:

“(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən, nicat tapmış şəxslərdir. (Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar”. (“Ali-İmran”, 104 və 105-ci ayələr)

Risalənin müəllifi imanlı, etiqadlı insan faktorunu ön plana çəkir, müqəddəs kəlamın dili ilə bütün müsəlmanlara müraciətən deyir:

“Hamınız bir yerdə Allahın ipindən (dinindən) möhkəm yapışın, bir-birinizdən ayrılmayın!

Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən o, sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan ibarət olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə haqq yola yönəlmiş olasınız!” (“Ali-İmran”, 103)

İmam icmaya əmr be mərufu və nəhy əz mukəri xatırlatmaqla onu ilahi göstərişlərə əməl etməyə çağırır. Təhlildən göründüyü kimi, əvvala, Allahın məcburiyyət xarakterli əmr və göstərişlərində şəri yaşayan insanın əzəməti canlanır.

İmam İslama dəvət edəndə sülhü və barışığı nəzərdə tuturdu. Kitabullahın fərmayişi belə idi!

“Ey iman gətirənlər! Hamınız bir yerdə İslama (sülhə və ya barışığa) gəlin!” (“Bəqəra”,208).

Çünki:


“Allah yanında (məqbul olan) din, əlbəttə, İslamdır...”

(“Ali-İmran”,19).

İlahi vəhyin elan etdiyi birlik-qardaşlıq və həmkarlıq dində həmfikirlik və qardaşlıq kimi başa düşülür.

“Həqiqətən möminlər (dində) qardaşdırlar. Ona görə də (aralarınızda mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız”. (”Hucurat”, 10)

Digər tərəfdən, İmam Allahın qırılmaz bağları deyəndə təkcə dini nəzərdə tutmur, dinin bəzəyi, zinəti olan möminliyi ön plana çəkir.

Üstünlüyün və qardaşlığın həqiqətən möminlikdə olması Peyqəmbər (ə)-ın Vida həcci zamanı söylədiyi tarixi xütbədə öz parlaq ifadəsini tapmışdır: “Bütün müsəlmanlar qardaşdırlar... Sizin Rəbbiniz birdir. Hamınız Adəm övladısınız... Sizin Allah yanında ən kəramətliniz ən müttəqinizdir. Ərəbin əcəm, əcəmin ərəb, qırmızının ağ, ağın qırmızı üzərində üstünlüyü ancaq möminlikdə ola bilər”.

“Birlik həftəsi”ndə həqiqətən birlik yaratsınlar. Bizim yalnız “Birlik həftəsi” tədbirlərinin keçirilməsinə deyil, uzun illər üçün, həmişəlik birliyə ehtiyacımız var. Qurani-Kərim bizə göstəriş verib, müsəlmanlara bir olmağı əmr edib. Bir il, on li və ya yüz il üçün deyil, bütün tarix boyunca bütün dünya üçündür. Biz əməldə birliyi həyata keçirməyə möhtacıq, bu mümkündür və bu vəhdəti qoruyub saxlayaq” (S.N., c.19, s.449). Göründüyü kimi, müəllif həm nəzəri arqumentlərində, həm də praktik fəaliyyətində bir qayda olaraq islahatçı təfəkkürə istinadən mühakimə yürüdür. Birliyin, vəhdətin təkcə müsəlman ümməti üçün deyil, dünya birliyi üçün tarixi zərurət olduğunu qeyd edir. Qurani-Kərimdə Mütəal Allah etnik mənsubiyyətindən asılı olmayaraq bütün insanlara sevimli Peyğəmbəri (s) vasitəsilə hökm edir:

“Ey insanlar! Sizi tək bir şəxsdən Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah Sizin üzərinizdə nəzarətçidir!” (“Ən-nisa”, 1) “Hamının bir nəfsdən (“Əraf, 189; “Ənam”, 98) yarandığını xatırlatmaqla, İmam vəhdətin əməldə həyata keçirilməsinin vacibliyini vurğulayır, bunu mümkün hesab edir, ən əsası isə, bu vəhdəti qoruyub saxlamağı vacib bilir.

“Birlik həftəsi” deyəndə İslam alimləri vasitəsi ilə müsəlman məzhəbləri arasında yaxınlaşma, həmrəylik ideyasını təbliğ edən “Təğrib” (Yaxınlaşma) cəmiyyətinin yaranması müsəlman alimlərinin birliyini təmin etməyə xidmət edir.

“Təğrib” cəmiyyəti “Böyük birlik” ideyasının tərkib hissəsidir və əsası İmam Xomeyni tərəfindən qoyulmuş və İslam inqilabının qələbəsindən sonra olduqca aktual bir məsələ kimi gündəmə gətirilmişdir.

Böyük birlik amalı ali məqsəd olmalı, bu vacib missiyanın zəruriliyi alimlər tərəfindən hər bir müsəlmana izah edilməli, İslam maarifinin coğrafiyası genişləndirilməlidir.

İmam Xomeyninin siyasi vəsiyyətlərində “Vəhdət həftəsi” ideyası strateji əhmiyyət kəsb edir və yerinə yetirilməsi vacib buyurulmuşdur. İmamın xidmətlərindən biri İslam Peyğəmbərinin mövludu münasibətilə “Birlik həftəsi” keçirmək idisə, digəri isə hər orucluq ayının son cüməsinin müsəlmanların birliyi naminə “Qüds günü” kimi qeyd olunmasıdır.

İmam: “Qüds günü” İslam günüdür. Qüds günü elə bir gündür ki, İslam dirçəldilməli və İslam qanunları İslam ölkələrində həyata keçirilməlidir. Qüds günü bir gündür ki, bütün fövqəlqüdrətlərə İslamın onların təsiri altına düşməyəcəyini bildirməkdir.

Qüds günü İslamın həyat və diriliyi günüdür. Müsəlmanlar ayılmalı, maddi və mənəvi qüdrətlərini başa düşməlidirlər”.

Bildiyimiz kimi, Həcc ziyarəti – Məkkeyi-müəzzəm müsəlmanların birlik məkanıdır. İmam müqəddəs Məkkədə həmrəylik naminə, ayrıseçkiçilik olmasın deyə şiə məzhəblərə Həcc ziyarətində möhürdən istifadəni qadağan etdi.

İbadətlə bağlı başqa bir fətvasında İmam buyurur: “Həccə gedəndə mənə təqlid edənlərə öz otaqlarında, hotellərində namaz qılmağa icazə vermirəm. Gedin dayanın Məscidül-həramda, əhli-sünnətin gözəl alimlərinə iqtida edin. Mən bir müctəhid kimi evdə tək namaz qılmağınıza icazə vermirəm. Mən müctəhid kimi sizin orada camaat namazını pozmağınıza da icazə vermirəm”.

Risalənin birlik ideyası ilə bağlı epizodları çoxdur. Məsələn: “Bizim sünni qardaşlarımız belə güman etməsinlər ki, İslamda bizimlə sizin aranızda fərq məsələsi var. Sünnilikdə dörd məzhəb olduğu kimi, bir məzhəb digərindən fərqləndiyi və düşmən olmadığı kimi, bu da ortada düşmənçilik məsələsinin olmadığı beşinci məzhəbdir. Hamımız qardaşıq, hamımız müsəlman, hamımız Quran əhli və hamımız Həzrət Peyğəmbərə tabeyik” (S.N., c.9, səh. 3).

İmam Xomeyninin teoloji düşüncəsinə görə, sünni və şiə məzhəbləri arasındakı fərqlər heç də dərin ixtilaflarla sonuclanmır, əksinə, həqiqəti aşkarlamaqda mühüm əhəmiyyətə malikdirlər.

Cəfəri məzhəbi, İmamın təbirincə, dörd məzhəbin heç biri ilə düşmənçilik etməyən beşinci məzhəbdir.

Cəfəri məzhəbi İslam məfkurəsi tarixində elmi bazası olan nüfuzlu dini institut, əsaslı və arqumentləşdirilmiş hüquq doktrinasıdır.

Bu məzhəbin hüquq doktrinası Qurani-Kərimin hökmləri, İslam Peyğəmbərinin (s) tarixi Qədri-Xum bəyəmnaməsi, “Səqəleyn” və digər sənədli hədislər əsasında formalaşdırılmışdır.

Dövrünün müxtəlif hüquq məktəblərindən əsaslandırılmış orientasiyası ilə fərqlənir.

Sünni məktəblərinin hüquq konsepsiyasına görə, hakimiyyət icmaya əsaslanır.

İcmaya əsaslanan siyasi və hüquqi görüşlərlə hökumət qurmaq, dini və dünyəvi işləri idarə etmək məqbul deyil, nəticə etibarilə ixtilaflara, ayrıseçkiliyə gətirib çıxarır.

Fərqli görüşlər sistemi təfriqə üçün zəmin yaradır, birlik ideyasının reallaşmasını praktik olaraq qeyri-mümkün edir.

Cəfəri məzhəbinin hüquq doktrinasına görə, siyasi və dini hakimiyyət prinsip etibarlə nüfuza əsaslanır. Dövlət və siyasi hakimiyyəti idarə etməyin bu forması legitimliyi ilə fərqlənir və bütün növ ixtilafların fövqündə dayanır.

Şiəməzhəblərin qeyd olunan məktəbi yeganə hüquq təsisatıdır ki, İslam ümmətinin vəhdətini təmin etməyə elmi nöqteyi-nəzərdən tam şəkildə qabildir və bu brliyi gerçəkləşdirmək üçün bütün real imkanlara malikdir.

Cəfəri məzhəbi yarandığı gündən İslam fiqhi ilə bağlı problemli məsələlərə münasibət bildirmiş, dinimizi radikal ixtilaflardan, təhdidlərdən, İslam düşmənlərinin təpgilərindən qorumuşdur.

Oxuculara bəlli olsun deyə, bir neçə kəlmə də İmam Cəfəri Sadiq (ə)-ın şəxsiyyəti haqqında!

O, Həzrət Əlinin nəslindən olan 6-cı şiə imamıdır. Sünniməzhəb dindaşlarımızın özlərinə müəllim, rəhbər bildikləri İmam Əbu Hənifə və İmam Malik Cəfər Sadiqin şagirdləri olmiş, ondan iki il dərs almışlar. İmam Cəfər Sadiqdən 4000 şəxs dərs almışdır. İmamın Peyğəmbər (ə)-dan söylədiyi hədisləri 4 min nəfər rəvayət etmişdir.

Cəfəri məktəbi olduqca böyük nüfuza malikdir. Onun yetirmələrinin isə din tariximizdə yetərli xidmətləri olmuşdur.

İmam Xomeyni qeyd olunan məktəbi yüksək qiymətləndirir, hamımızı onu öyrənməyə dəvət edir.

İmam həzrətləri hamımız qardaşıq deyəndə dində qardaşlığı, möminliyi, hamımız müsəlmanıq deyəndə Allah qarşısında könüllü təslimçiliyimizi, hamımız Quran əhliyik deyəndə Allahın qırılmaz ipini və əhli-kitab olmağımızı və hamımız Həzrət Peyğəmbər (ə)-a tabeyik deyəndə ümmətçiliyimizi xatırlatmaqla İslam dəyərləri fonunda müsəlman qardaşlığını elan edir.

“İslam məzhəblərinin arasına ixtilaf salınması planı müsəlmanlar arasında ixtilafın olmasından faydalanan güc sahibləri və onların Allahdan xəbəri olmayan əlaltıları, o cümlədən zülm padşahlarından üzü daha qara olan sultan vaizləri tərəfindən işlənilmiş cinayətlərdəndir və bunu hər gün daha da genişləndirirlər. Yaxalarını yırtır və hər zaman kəsiyində müsəlmanlar arasında birliyin əsasını kökündən viran qoyacaqlarına ümidlə, ixtilaf yaratmaq məqsədilə planlar irəli sürürlər” (S.N., c. 15, səh. 124)

Tarixin XXI əsr dönəmində dünyada cərəyan edən hadisələrin dünya müsəlmanlarının xeyrinə olacağını demək, heç şübhəsiz doğru olmazdı. Özünü mədəni toplum adlandıran bəzi dövlətlər, millətlər, atrı-ayrı təsisatlar İslam dəyərlərinə qarşı hücuma keçməkdə, hətta onun sevimli Peyəmbəri, Allahın yer üzərində sonuncu elçisi Həzrət Məhəmmədi (s) müxtəlif yollar və vasitələrlə təhqir etməkdədirlər. Siyasi emansipasiyalar, regional təhdidlər, güc mərkəzlərinin hakimiyyət, səltənət və siyasət qovğaları səngimək bilmir. Daha çox təbii enerji ehtiyatlarına və insan resurslarına malik müsəlman ölkələrini demokratiya və insan hüquqları pərdəsi altında işğal edib ələ keçirmək məlum güclərin məkrli planlarının üzdə olan görüntüləridir. Əsas hədəfləri müsəlman gənclərinin düşüncələrinə, həyat tərzlərinə təsir etmək, onları dini və milli dəyərlərindən ayrı salmaq, Qərb mədəniyyətini təbliğ etməklə onları kosmopolit və nihilist ruhun daşıyıcılarına çevirmək, bir sözlə, yetərincə avropalaşdırmaqdır.

Gənc və perspektivli müsəlman etnoslarının tarix səhnəsinə çıxmaları, İslam məmləkətlərindəki gündəlik və illik demoqrafik göstəricilər faktoroloji amil kimi Amerikanın və Avropanın xristian klublarının qısqanclığına səbəb olur, çıxış yolunu İslam birliyini parçalamaqla müsəlmanları zəif salmaqda görür və çox təəssüf ki, əski diplomatiyanın bu prinsipini gündəmdə saxlamaqla, bu gün də öz iyrənc, məkrli məqsədlərilə buna nail ola bilirlər. Qorxunc və hiyləgər siyasi təmayüllərin və təhdidlərin məğzini dərk edən İmam Xomeyni düşmənin müsəlmanların məzhəb ixtilaflarından yararlanacağını siyasi uzaqgörənliklə təhlil edir, dünya müsəlmanlarını imperialist və sionist güclərin və onların məddah ideoloqlarının cinayətlərini ifşa etməyə, onlar düşmənlərinin daim qorxub ehtiyat etdikləri İslami birliyi sözdə və əməldə nümayiş etdirməyə, hamılıqla İslamın həmrəylik bayrağını qaldırmadan qurtuluş yolu tapmağın qeyri-mümkünlüyünü izah etməyə çalışırdı.

İmam Xomeyni istilaçı güclərə qarşı İslam dövlətlərinin siyasi və hərbi birliyi ideyasının üzərində israrla dayanırdı: “İslam dövlətlərinin birliyini yaratmadan imperializmin zülm zəncirini qıra bilməyəcəyik. Əgər bütün müsəlman xalqları öz dirçəlişləri üçün çalışsalar, öz üsyankar səslərini ucaltsalar, onda heç bir dövlət onların qarşısını almağa qadir olmaz”.

“Müsəlmanların bir dəstəsi şiədir, digər dəstədi sünnidir, bir dəstəsi hənəfi, başqa bir dəstəsi hənbəli və bir dəstəsi də əxbaridir. Ümumiyyətlə, bu anlamın verilməsi əvvəldən düz olmamışdır. Hamının İslama xidmət etmək və İslam üçün olmaq istədiyi bir cəmiyyətdə belə məsələlər qaldırılmamalıdır. Biz hamımız qardaşıq və birik. Ancaq sizin alimləriniz bir sıra məsələlər barədə müəyyən fətvalar vermiş, siz onları təqlid etmiş və hənəfi olmuşsunuz. Bir dəstə də Şafeinin fətvalarına əməl etmiş və başqa bir dəstə isə İmam Sadiqin (ə) fətvalarına əməl etmiş və cəfəri olmuşdur. Bunlar ixtilaf üçün əsas deyil” (S.N., c. 12, səh. 259)

İmam Xomeyni İslam birliyinə, müsəlman qardaşlığına prinsipial mövqedən yanaşır, müsəlmanların firqə mənsubiyyətinə görə təsnif olunmalarını arzuedilməz sayır (lakin bu cür bölgünü ayrıseçkilik və ixtilaf hesab etmir – R.F.), bunun dinimizin əmrləri ilə bir araya sığmadığını deyir.

Qurani-Kərimin “Ənfal” surəsinin 46-cı ayəsində buyurulur: “Allaha və onun Peyğəmbərinə itaət edin, Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir”.

İmamın müsəlmanları təşviq etdiyi qardaşlıq Allahın biz müsəlmanlardan istədiyi qardaşlıqdır, həm də Allahın razılığına nail olmağın, rəhm olunmanın yollarındandır.

“Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın...

Həqiqətən möminlər (dində) qardaşdırlar. Buna görə də iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə sizə rəhm olunsun” (“Hucurat”, 9-10-cu ayələr)

Qeyd etdiyimiz kimi, İmam məzhəb faktorunu ayrıseçkilik və ixlilaf hesab etmir. Çünki məzhəb müxtəlifliyi birlik ideyasını əqaid (tövhid, ədl, nübüvvət, imamət və məad) məzmunundan təcrid etmir, yalnız fiqh məsələlərində fərqli əqidələrin meydana çıxması fikir müxtəlifliyi üçün şərait yaradır.

“İki qardaşın”, bir—biri ilə vuruşan iki dəstənin barışığa gəlməsi bir qayda olaraq, elmdə qüvvətli olanların - mütərəqqi alimlərin və qabaqcıl ziyalıların nüfuzu ilə bağlıdır. Ümumiyyətlə, istər bu gün, istərsə də gələcəkdə birlik ideyasının gerçəkləşdirilməsində əsas məsuliyyəti İslam ümmətinin alimləri daşıyırlar.

Qurani-Kərim birlik, həmrəylik və vəhdətdə müsəlmanları məsuliyyətli olmağa çağırır.

“Bu sizin ümmətinizdir ki, bütün bir ümmətdir və Mən sizin Rəbbinizəm. Məndən qorxun” (“Möminin”, 52) Mütəal Allah İslam Peyğəmbərinin ümməti ixtilafa sürükləyənlərlə heç bir əlaqəsi olmadığını ayəbə-ayə xatırladır:

“Dinlərini parçalayıb qrup-qrup olanlarla sənin heç bir əlaqən yoxdur, onların işi təkcə Allaha qalmışdır. Sonra nə etdiklərini (qiyamətdə) Allah onlara xəbər verəcəkdir! (“Ənam”, 159)

“Nəhayət dinlərni aralarında parçalayıb bölük-bölük oldular. Hər bölük öz yanındakına (öz dininə) tabe olurdu. Onları bir müddət öz azğınlıqları içində burax!” (“Mömin”, 53, 54)

Həzrət Xomeyni Peyğəmərimizin (s) dilindən: “Ümmətin ixtilafı rəhmətdir” – deyənlərlə razılaşmır, habelə ayrı-ayrı məzhəbləri Böyük İslam birliyi yaratmaq yolunda maneə də hesab etmir, qeyd etdiyimiz kimi, bi işi alimlərin öhdəsinə buraxır.

Elmi dairələrdə yüksək səviyyədə aparılacaq müzakirələr, diskussiyalar və polemik bəhsləri alimlərə həvalə etmək İmamın nəzərincə, səmərəli nəticələr verər, problemin həllini asanlaşdırar.

“Bəqəra” surəsinin 121-ci ayəsində buyurulur:

“Verdiyiniz kitabı layiqincə (təhrif etmədən) oxuyanlar həmin kitaba iman gətirənlərdir, onu inkar edənlər (dəyişdirənlər) isə (dünyada və axirətdə) özlərinə ziyan yetirənlərdir”.

Hədisi-şərifdə deyilir: “Alimlər Allahın yer üzərində yandırdığı çıraqlardır!”

Bu, o deməkdir ki, elm mənsubları sahib olduqları qüvvənin vasitəsilə insanları həm düzgün istiqamətləndirər, həm də düz yoldan sapdıra bilərlər.

Tarixə müraciət etsək, görərik ki, İslam alimlərinin səltənət və qüdrət sahibi olan qeyri-legitim hökumətlərin, saxta siyasətçilərin xeyrinə gördükləri qanunsuz və ədalətsiz işlər, yanlış əməllər İslam ümmətinin təfriqəyə düşməsinə rəvac vermiş, şərait yaratmışdır.

XXI əsr tarixinin müsəlmanlar üçün olduqca çətin və məsuliyyətli dövründə elə həmin alimlərin varisləri öz məzhəb və fiqh təlimlərində islahatlar aparıb onu yeniləşdirər, müsəlmanların həqiqi vəhdəti-tarixi birliyini bərpa edə bilərlər.

Bu gün İslam ümmətinin vəhdəti İslam alimlərinin vəhdəti, həmrəyliyi olmadan birmənalı şəkildə mümkün deyildir.

İslam ümmətinin birliyi üçün dünya müsəlman dövlətlərinin bir-birinə iqtisadi, siyasi, mənəvi inteqrasiyası, yeri gələrsə hərbi əməkdaşlığı olduqca vacibdir. Bunun üçün İslam maarifini genişləndirmək, İslamiyyətin tarixini dərindən, hərtərəfli öyrənmək, mətbu işlərini genişləndirərək məzhəblərarası konsensusa nail olmaqla dünya müsəlmanlarının konsolidasiya prosesini sürətləndirmək bu günün və gələcəyin həlli vacib olan məsələlərindən olmalıdır.

Yenilikçi ruh İmam həzrətlərinin varlığına hakim kəsilmişdi. O, şəxsiyyəti timsalında yenilikçiliyin, islahatçılığın, maarifçi düşüncənin, fəlsəfi görüşlərində islahatçı təfəkkürün, mənəvi təkamül ideyasının, cəmiyyət quruculuğunda və birgəyaşayışda böyük əxlaqın qatı tərəfdarlarından olmuşdur.

Allah-təala öz günahı ucbatından ayrılığa düçar olub gücdən düşənlərin, zəifləyənlərin nəzər-diqqətinə çatdırır ki:

“Hər hansı bir tayfa öz tövrünü dəyişməsə, Allah da onun tövrünü dəyişməz” (“Rəd”, 11)

İslam Peyğəmbəri (s) təkcə öz dövrünün deyil, hətta XXI əsrlə başlyan bütün bir eranın, qərinələrin mütəfəkkiridir.

Müsəlmanların birliyi naminə Kitabullahın çoxsaylı ayələrinə istinadən təfəkkür edir, ümməti özündən sonra azmasın deyə, onlar üçün hidayət çırağını yandırdı: “Mən sizin aranızda Allahın kitabı və öz itrətim olan əhli-beyti əmanət olaraq qoyub gedirəm. Əgər bu iki əmanətdən yapışsanız, məndən sonra heç vaxt zəlalətə düşməzsiniz”.

Qurani-Kərim də istər dini, istərsə də dünyəvi işlərin sahmanlanmasında müsəlmanlar ixtilafa düşməsin deyə, mübahisəli məsələlərin həllini Allaha, Peyğəmbərə (ə) və ixtiyar sahiblərinə həvalə etməyi buyurur.

“Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin. Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır”. (“Ən-Nisa”, 59)

İxtilafdan çıxmağın ən düzgün yolu Allahın və Peyğəmbər əfəndimizin tövsiyə etdiyi yoldur.

“Mənim əhli-beytim ixtilafdan amanda qalmaq vasitəsidir. Əgər ərəb qəbilələrindən biri onlara qarşı çıxsa, ixtilafa düşər və iblisin qoşununa çevrilər”.

“Bu gün bizim aramızda olan ixtilaf nə şiə məzhəbinə, nə hənəfi məzhəbinə, nə də digər sektalara etiqad bəsləməyənlərin xeyrinədir. Onlar nə bunun, hə də onun olmasını istəyirlər” (“S.N.”, c. 12, səh. 259)

İmam Xomeyni tarixi inkişafın dialektikasını görürdü. Baş verən hadisələr, dinimizə, maddi və mənəvi mədəniyyətimizə təcavüz edənlərin niyyətləri qarşısında strategiya yaratmağın, yekdil və monolit cəmiyyət qurmağın vacibliyini vurğulayırdı.

Bu gün bütün müsəlman aləmi məzhəblərindən, təriqətlərindən asılı olmayaraq bu və ya digər formada Qərbin imperialist güclərinin, xüsusilə də ABŞ və onun Şərqdəki əlaltılarının təcavüz və təhdidlərinə hədəf olmuşlar. Yeni səlibçilər demokratiya, insan hüquqlarının qorunması adı altında müsəlman Şərqinə qarşı ekspansionist siyasət yeridir, müsəlman dünyasının halal sərvətlərinə sahib çıxır, bu azmış kimi, müsəlmanların mədəniyyətinə, dini-mənəvi dəyərlər sisteminə qara yaxır, tariximizi ləkələməyə çalışırlar.

İslam ölkələrini az qala ağuşuna alan missioner təşkilatlar, xristian təmayülçüləri sosial-mədəni və iqtisadi faktorlardan, İslam maarifi təbliğatının zəifliyindən məharətlə yararlanaraq, böyük sərmayələr sərf etməklə müsəlman gənclərini öz dini, mədəni dəyərlərindən ayırır, bu işi məqsədyönlü şəkildə yorulmadan həyata keçirirlər.

Qərbin xristian mədəniyyəti birmənalı şəkildə dünyaya hakim kəsilmək iddiasındadır və hal-hazırda buna müvəffəqiyyətlə nail ola bilir. Bu, faktdır və bu gün daha təhlükəli həddə gəlib çatmışdır.

Qərbin xristian klubları böyük siyasətə nüfuz edir, Avropa Birliyinin timsalında mərkəzi gücə çevrilir, hakim mədəniyyət olaraq şüurlara siraət etməkdədirlər.

Qurani-Kərim bu təhlükəli tendensiya barəsində bizi xəbərdar edir, yeganə düzgün yolun Allahın göstərdiyi yol olduğunu öyrədir.

“Millətlərinə (həyat tərzlərinə, mədəniyyətlərinə, dinlərinə) tabe olmayınca yəhudilər və xristianlar əsla səndən razı olmayacaqlar. (Onlara) de ki: “Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!” Əgər sənə gələn elmdən sonra onların istədiklərinə uysan, o zaman səni Allahdan qoruyacaq nə bir dost, nə də bir köməkçi tapılar” (“Bəqəra” 120)

“(Ey möminlər, yəhudi və xaçpərəstlərin sizi öz dinlərinə dəvət etmələrinə cavab olaraq )belə deyin: “Biz Allaha, bizə nazil olan Qurana, ...Rəbbi tərəfindən bütün peyğəmbərlərə verilən şeylərə (möcüzələrə) inanmışıq. Onların heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!” (“Bəqəra”, 136)

Dinimizin təbiətinə, özündə ehtiva etdiyi humanizmə və bəşəri dəyərlərə görə, müsəlmanlar dünya mədəniyyəti xəzinəsindən təcrid olunmur, əksinə, bizi “bir kişi və bir qadın”dan yaradan, “bir-birimizi yaxından tanıyaq deyə, xalqlara, millətlərə və irqlərə” bölən, sonra isə bizi “aramızda bərqərar olan bir kəlməyə”: “Allahdan başqasına ibadət etməyək. Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” əqidəsinə sadiq qalaraq mənəvi mülkiyyətimiz olan dinimizi, əxlaqımızı və mədəniyyətimizi qorumağa mükəlləfdirlər.



Beləliklə, Ayətullah Xomeyni öz islahatçı görüşlərində tarixi-teoloji təhlillərində İslam ümmətinin qurtuluş yolunu təfəkkür edərək Allahın qırılmaz ipindən möhkəm yapışmaqda, birlik və vəhdət yaratmaqda israrlı olub möhkəm iradə nümayiş etdirməkdə, ictimai-siyasi həyatda fəal mövqe tutmaqda görür və dünya müsəlmanlarını Allahın dəstəyinə arxalanıb bu tarixi missiyanı praktik olaraq gerçəkləşdirməyə çağırır.
Yüklə 84,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin