Mövzunun işlənmə dərəcəsi. Mövzunun aktuallığı həm də onun işlənmə dərəcəsi ilə müəyyən edilir. Abşeronun dini abidələri haqqında mətbuatda kütləvi sayda elmi əsərlər mövcuddur. Bununla yanaşı aparılmış tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, Abşeronun qədim dini abidələri xüsusən də xristian dini memarlıq nümunələri haqqında yetərincə məlumat verilməmişdir. Lakin Abşeronda yerləşən dini memarlıq nümunələrindən olan islam dini abidələri barədə hər tərəfli elmi tədqiqat işi aparıldığının da şahidi oluruq. Abşeron memarlıq məktəbinin nümunələri haqqında R. Əfəndi “Azərbaycan İncəsənəti” kitabında, S. Aşurbəyli “Bakı şəhərinin tarixi” əsərində, C. Qiyasi “Abşeron abidələri” məqaləsində, M. Nemətova “Azərbaycanda pirlər” kitabında və s. mənbələrdə dini memarlıq nümunələrinin mövcudluğu haqqında elmi məlumat öz əksini tapmışdır.