İstismarçı. Bu sənsənmi, ay fahişə?.. Demək bunları sən yoldan çıxarmısan!
Kolombina (təntənə ilə). Bəli, mən! Axır ki, qisas zamanı gəlib çıxdı. Yüzillər boyu sən onları əzmisən, özün üçün işləməyə məcbur eləmisən! Ona görə də, sənə rəhm olunmayacaq! Çəkin onu gilyotinə!
İstismarçının müqavimətini qıran Məzlumlar onu gilyotinin bıçağının altına atırlar, gilyotin özünün ənənəvi taqqıltısı ilə işə düşüb onun başını bədənindən ayırır.
Yenə “Marselyoza” səslənir, onun sədaları altında Kolombina hansısa ayini icra edirmiş kimi rəqs eləyir, hərəkətləri ilə, onun iradəsini yerinə yetirənləri bəyəndiyini bildirən işarələr verir. Kolombina. Daha bizə heç kim qalib gələ bilməz. İrəli! Arxamca! (Bayrağı yellədrək furqona sarı yönəlir.) İkinci Məzlum gilyotini Kolombinanın arxasınca sürüyüb aparır, ancaq Birinci Məzlumun ona kömək eləmək istədiyini görüb dayanır. İkinci Məzlum (hədə ilə). Haydı, əlini çək görüm.