O. Əməkçilər özləri.
Birinci Mən. Bunu necə eləyə biləcəklər?
O. Öz nümayəndələrinin əli ilə.
Birinci Mən. Bəs bu nümayəndələrin əllərində olan imkanlardan sui-istifadə eləməyəcəklərinə kim təminat verə bilər? Kimsə ürəkdən gələn, açıq düşüncələrini dilə gətirəndə, onlar bu insanı məhv eləmək üçün əllərindəki imkanlardan istifadə etməyəcəklərmi?
O. Buna yol verilməyəcək. Hər bir insanın hüquqları qanunla qorunacaqdır. Eləcə də, hər bir kəsə, necə acı olsa belə, həqiqəti deməyə imkan yaradılacaqdır. Bu bizim inqilabımızın ən başlıca nailiyyətlərindən biri olacaqdır.
Leninin səsi. Xoşagəlməz həqiqəti gözəl sözlərlə pərdələyib gizlətməyə çalışmaq, proletariat üçün, əməkçi kütlələr üçün ən ziyanlı, ən qorxunc bir iş sayılmalıdr. Həqiqət nə qədər acı olsa da, onun gözünün içinə dik baxmaq lazımdır. Bu şəraiti yarada bilməyən siyasət məhvə məhkumdur...
Proletariatın inqilabi diktaturası, proletariatın gücə arxalanaraq, burjuaziyaya üstün gəlməsindən yaranan bir hakimiyyətdir, bu, heç bir qanuna bağlı olmayan bir hakimiyyətdir.
Əgər sənə zülüm edirlərsə, səni istismar edirlərsə və sən bu istismarçıların hakimiyyətini yıxmaq istəyirsənsə, sən onların hakimiyyətini büsbütün devirmək istəyirsənsə, onda gərək bunu da biləsən, bütün dünyanın istismarçıları sənin üstünə hücum edəcəkdir, sən bu hücuma qarşı dayanmağa hazırsansa, mübarizədə duruş gətirmək üçün yeni-yeni qurbanlar verməyi bacarırsansa, onda sən inqilabçısan, əks halda onlar səni basıb əzəcəklər...
O. Bizi qarşıda gözləyən bütün çətinlikləri görürük, ona da əminik ki, bizdən qabaq baş verən inqilabların buraxdığı səhvlərdən qaça biləcəyik: qələbə çalandan sonra liderlər arasında kimin birinci olması ilə bağlı mübarizə olmayacaqdır, kiməsə mütləq hakimiyyət verilməsinə yol verilməyəcəkdir, ümumi maraqlar şəxsi maraqlara qurban verilməyəcəkdir, əlbəttə ki, tutduğu vəzifədən, milliyətindən, sosial mənsubiyyətindən asılı olmayaraq, hamı üçün, ümumi bərabərlik prinsipləri qorunub saxlanacaqdır. Bütün bunların nəticəsində də, çox keçmədən, elə əmələ gələn sonrakı nəsilin içində, yaradıcı fəaliyyətlə məşğul olan, xoşbəxt yaşayan insanlar yetişəcəkdir. Elə yüksək əxlaqlı insanlar yetişəcəkdir ki, onlar üçün ictimai maraqlar həmişə şəxsi maraqlardan üstün olacaqdır. Onlar insanın əbədi yaramazlıqlarından—varlanmaq ehtirasından, azad olacaqlar, onlar bütün gücləri və bacarıqları ilə öz xalqlarına xidmət eləyəcəklər!
Onun nişanlısı gəlir və sevinc içində, gülümsəyərək, tələsik Ona yaxınlaşır.
Dostları ilə paylaş: |