Kolombina. Çox gözəl! Ancaq bunu mənə deyəndə inanmamışdım.
O. Sənə bunları kim deyib?
Kolombina. Çoxları danışırdı. Deyirlər sən burada, vətənində, indi çox məhşur adam olmusan. İlahi, kimin ağlına gələrdi?.. Yaxşı iş-gücün, pulun, əlaqələrin, gözəl dolanışığın. Mənimsə qulağımda, hələ indiyədək də, sənin o zamanlar dediyin sözlər səslənir: “İnsanların azadlığı ilə bərabərliyi—mənim bütün həyatım bu məqsədə qulluq eləmək üstündə qurulubdur. Son nəfəsimə qədər ancaq bu məqsəd üçün döyüşəcəyəm!” Dediyin bu sözləri xatırlayırsanmı?