Kolombina. Sənin üçün bunun əhəmiyyəti varmı, yəni?
O. Mən axı səni sevirdim.
Kolombina. Bu bir az da pis. (Acıqla.) Bəli, mənim başıma çox işlər gəldi! Elə günlərə qaldım, həyatda ondan da aşağısı olmur. Ancaq bütün bunların günahı mənim prinsiplərimdə deyildi, bunun günahkarı sən idin. Sən əvvəlcə sevginin təmizliyindən danışıb mənim qulağımı doldurdun, sonra da mənim adımı ləkələdin.
O. Mən niyə?
Kolombina. Ona görə ki, sən öz ömrünü hamının xoşbəxtliyə çatması uğrunda müqəddəs mübarizəyə həsr eləmək adıyla, məni atanda, məni araxasız, dayaqsız qoymuş oldun. Sən yanımda olanda dəf eləyə bildiyim axmaqlıqlar, sən gedəndən sonra mənə üstün gəldilər. Sən məni atanda bütün bunların elə belə də olacağını çox gözəl bilirdin...
O nəsə etiraz eləmək istəyir, ancaq bu zaman İkinci Mən Ona yaxınlaşıb narazılıqla başını bulayır, Onu bundan çəkindirir. O (saatına baxır, sonra üzrxahlıq duyulan bir səslə). Bəlkə, biz bütün bunlardan danışmağı sonraya saxlayaq. Sən buralarda çoxmu qalacaqsan?
Kolombina. Yox. Bir də bizim danışmağımızın daha heç bir mənası yoxdur. Mən sənə də, sənin bu inqilabına da nifrət eləyirəm, sən buna görə məni satdın, sonra da elə onun özünü də satdın! (Furqona sarı, onun gözləyən aktyorların yanına gedir.)