Bağlanmış müqavilələrin şərtlərinə əsasən hər il istehsal olunması planlaşdırılan neftin orta hesabla həcmi 55-65 milyon ton olmalı idi.
Məlum olduğu kimi OPEC də bu illər ərzində neft bazarında qiymətləri yüksək tutmağa çalışmışdır. Dünyanın ən çox neft hasil və ixrac edən ölkələrinin üzv olduğu təşkilat heç bir halda qiymətlərin aşağı düşməsində maraqlı ola bilməz. Buna görə də OPEC neftin qiymətini yüksəkdə saxlamaq və baş verə biləcək azalmanın qarşısını almaq üçün təşkilata üzv olmayan neft ixracatçısı ölkələri ilə müəyyən danışıqlar aparır. Çünki müxtəlif ölkələr tərəfindən hasil edilən neftin həcmi artdıqca bu amil bazarda neft təklifinə də təsir göstərir və qiymətlərin aşağı düşməsi ilə nəticələnir. Ölkəmizin dünya neft ixracatında əhəmiyyətinin az olmamasını nəzərə alsaq OPEC’in danışıqlar aparmaq üçün maraq dairəsində olduğu ölkələrdən biri də Azərbaycandır. Bildiyimiz kimi Xəzər hövzəsində çıxarılan neftin tərkibində kükürdün miqdarının az olması, bu səbəbdən də keyfiyyətli hesab olunması və bu neft sortuna idxalatçı ölkələr tərəfindən tələbatın çox olması bu regionun əhəmiyyətini artırır. Bu səbəbdən Xəzəryanı ölkələrin, xüsusilə Azərbaycanın təşkilatın üzvlərindən biri olması OPEC’in maraq dairəsindədir. Belə ki, “Bakı-Tbilisi-Ceyhan” neft boru kəməri fəaliyyətə başlamazdan (2006) öncə təşkilatın üzv ölkələri Azərbaycan, Gürcüstan və Türkiyənin birgə lahiyəsi olan bu neft kəmərinin dünya neft bazarına, xüsusilə Aralıq dənizi regionuna təsirini qiymətləndirirdi. Bu mövzu ətrafında hələ 2003-cü ildə OPEC və Azərbaycan arasında danışıqlar baş tutmuşdu. Bakıda keçirilən görüşdə təşkilatın aparıcı üzvlərindən biri olan Səudiyyə Ərəbistanını təmsil edən əsmi şəxsi bildirmişdi ki, əgər OPEC ilə Azərbaycan arasında sözügedən mövzu ətrafında əməkdaşlıq baş tutmazsa bu neft bazarında qiymətlərə ciddi təsir edəcək. Ehtimal olunurdu ki, əməkdaşlığın baş tutmadığı təqdirdə neftin 1 barrelinin qiyməti 10 dollara qədər enə bilər. Əks halda qiymətləri müəyyən səviyyədə saxlamaq mümkün olacaq. O, həmin konfransda ölkəmiz haqqında bəhs edərkən Azərbaycanın OPEC’in strateji tərəfdaşı olduğunu dilə gətirmişdir.Bütün bunlar onu göstərirdi ki, Səudiyyə Ərəbistanı Azərbaycanı OPEC’in üzvü kimi görməkdə maraqlıdır və bunun üçün səy göstərir. Lakin təşkilata üzv olmaq ölkəmizin milli maraqlarına uyğun gəlmirdi. Çünki Azərbaycan təşkilata üzv olacağı təqdirdə bazarda neftin qiymətini yüksəkdə saxlamaq və maksimum səviyyəyə çatdırmaq məqsədi ilə OPEC’ə üzv ölkələrin qəbul etdiyi standartla uyğun hərəkət etməli olacaqdı. Bu isə o deməkdir ki, Bakı istehsal etdiyi neft hasilatının həcmini ciddi şəkildə azaltmalı idi. Neft hasilatının azaldılması prosesi heç bir halda Azərbaycanın milli maraqları ilə üst-üstə düşmürdü. Dövlət büdcəsinin böyük hissəsinin neftdən əldə edilən gəlirlər hesabına formalaşdığını nəzərə alsaq neft ixracatının azaldılması ölkənin iqtisadi inkişafına zərbə vurmaqla yanaşı hərbi xərclərinin azalmasına, əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə dövlət tərəfindən həyata keçirilən sosial islahatların azalmasına və digər problemlərə səbəb olacaqdı. Müharibə şəraitində yaşayan bir ölkə üçün hərbi xərclərin azaldılması ölkənin təhlükəsizliyini şübhə altında qoya bilər. Bu və digər amillər Azərbaycanın bu təşkilata üzv olmaqdan imtina etməsinə gətirib çıxartdı. Lakin gələcəkdə Azərbaycanın OPEC’ə üzv olmaq məsələsinə yenidən baxacağı istisna olunmur.