“Daşınmaz əmlakın dövlət reyestri haqqında”
Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, №8, maddə 603; 2006, №6, maddə 482; 2007, №8, maddə 745; 2008, №3, maddə 154; 2009, №12, maddə 948) aşağıdakı məzmunda 6.3-cü maddə əlavə edilsin:
“6.3. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30 faizi qeydiyyat orqanı işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülür. Qeydiyyat orqanı işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatı yaxşılaşdırmaq məqsədi ilə qeydiyyat orqanının xüsusi hesabına köçürülən vəsaitdən istifadə haqqında hesabatın dərc edilməsi barədə müvafiq forma, habelə həmin hesabatın dərc olunması qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti