Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mübariz şair- nazim Hikmət



Yüklə 35,87 Kb.
tarix03.12.2018
ölçüsü35,87 Kb.
#85460

Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Mübariz şair- Nazim Hikmət

Nazim Hikmətin 115 illiyinə həsr edilmiş

metodiki vəsait

Bakı 2017

XX əsr dünya ədəbiyyatının ən böyük şairlərindən biri olan Nazim Hikmət təkcə türk xalqının deyil, bütün Şərq xalqlarının poeziyasına misilsiz təsir göstərmiş, şeirdə yeni yollar açmış novator sənətkar, əsrin klassikidir. Nazim Hikmət qüdrətli şair, ustad, dramaturq həm də istedadlı nasirdir.

Nazim Hikmət Ran 1902-ci il yanvarın 15-də Selamik şəhərində anadan olmuşdur. Şeir yazmağı atası Hikmət Paşadan öyrənmişdir. Anası Cəlalə xanım dövrünün ziyalı qadınlarından olmuş-piano çalmağı bacarmış,Türkiyənin Avropa məktəbinə məxsus ilk qadın rəssamı idi.

1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olur. Həmvətənlərinin acınacaqlı həyatını kiçik yaşlarından hiss etmiş və Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeirlər yazdığı, inqilabi hərəkata qoşulduğu üçün 1919-cu ildə məktəbdən xaric edilmişdir. Bütün yaradıcılığını xalqının azadlığı, xoşbəxt həyatı uğrunda mübarizəyə həsr etdiyi Vətənini, xalqını sevdiyinə görə şair iztirablı, tufanlı, qasırğalı bir həyat yolu keçmiş, fasilərlə ömrünü məhbəslərdə keçirmiş, qürbətdə yaşamağa məcbur olmuşdur. Şair şeirlərinin birində bunu belə ifadə etmişdir.

Bağlısan deyə ölkənə,

Dünyaya, insana,

Ya boğazdan asılarsan

Ya atılarsan zindana.

Şairin elini, vətənini ürəkdən sevdiyi, onun “Səni düşünürəm” adlı şeirində daha yüksək sənətkarlıqla ifadə edilmişdir.

Şairin “Sərvlikdə” adlı ilk şeiri 1918-ci ildə “Yeni məcmuə” jurnalında dərc edilmişdir. 1920-ci ildə İstanbuldan Anadoluya, ordan da 1921-ci ildə Batumidən keçərək Moskvaya gəlmiş və 1922-1924-cü illərdə Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxumuşdur. 1924-cü ildə Vətənə-Ankaraya qayıdır və həbs edilir. Bir müddət sonra azadlığa çıxır və qəzet, jurnal studiyalarında çalışır. 1925-ci ildə qiyabi olaraq 15-il həbsə məhkum edilən Nazim Hikmət 1927-ci ildə yenidən gizli yolla Moskvaya gəlmişdir. 1926-cı ildə yazdığı ilk poeması “Neft dünyasına səyahət”- Bakı Neftçilərinə həsr olunub.

1927- ci ildə ilk dəfə Bakıya gəlir. Bakını, Xəzəri görəndə ona elə gəlir ki, mühacirliyi yarıb öz doğma diyarına düşə bilib. Özünə doğma bildiyi bu diyarın məhəbbətinə çəkilib və gözəl anlarını yaşayıb.

1928-ci ildə ikinci Vətəni saydığı Azərbaycanda onun ilk kitabı-“Günəşi içənlərin türküsü” nəşr olunmuşdur. Nazimin ilk məqaləni də Bakıda dövrün görkəmli tənqidçisi Əli Nazim yazmışdır. Məqalə “Günəşi içirik...günəşlənirik” adlanırdı. Əli Nazim böyük türk şairinin çağdaş Azərbaycan şerinə göstərdiyi təsiri xüsusi vurğulayırdı. Ümumiyyətlə Nazimi türk şairi adlandıranda, bu həm də Azərbaycan şairi demək idi.

Onun şeirləri içərisində xüsusi yer tutan “Bayram oğlu”, “Arpa çayının iki yanı”, “Xəzər”, “Neftə doğru” əsərlərinin mövzusu Bakı və Azərbaycanla əlaqədardır.

1929-1932-ci illərdə yazdığı “835 misra”, “Baron-3”, “1+1=1”, “Səsini itirmiş şəhər” kitabları, “Jakonda” və “Şi- Ya-ıı” poeması, “Berinci özünü niyə öldürdü” mənzum romanı ilə imperializmin müstəmləkə siyasətinə qarşı çıxırdı.

1930-cu ildə İstanbulda qəribə adla 1+1=1 kitabı nəşr olundu. Bu kitab nə riyaziyyat haqqında əsər, nə də riyazi məsələlər məcmuəsi idi. Bu şeir kitabı idi. Bu kitabda iki şairin Nazim Hikmətlə Vəli Nailin şeirlərinə eyni ölçüdə yer vermişdir. Nazimin fikrincə kitabın adından belə bir fikir doğmalı idi. O özünü başqa şairlərə qarşı qoymur. Məqsəd eyniliyi müxtəlif dəstxətli şairləri birləşdirə bilərdi.

1932-ci ildə xalqı yekdil mübarizəyə səsləyən “Gecə gələn teleqram” şeir toplusuna görə 5 il həbs cəzasına məhkum olunmuş ancaq bir il sonra əfv olunmuşdur.

1935-ci ildə satirik “Portretlər” kitabı və “Unudulmuş adam” pyesini çap etdirirdi. Bu əsərlərdə meşşanlıq ifşa edilirdi.

1936-cı ildə yazmış olduğu “Alman faşizmi və iraq nəzəriyyəsi” adlı məqaləsində şair faşizmin dünya azadlığı iddialarını ifşa edir, bütün mütərəqqi bəşəriyyəti insanlığın bu qəddar düşmənlərinə qarşı mübarizəyə çağırırdı. 1936-cı ildə şairin Türkiyədə sonuncu şeirlər kitabı nəşr olunur. Bu “Şeyx Bədrəddin haqqında dastan” idi. Dastanda orta əsərlərdə türk tarixində baş vermiş kəndli hərəkatından bəhs olunur.

1938-ci ildə saxta bir ittihamla yenidən həbs edilir və 28 illik məhbəs cəzasına məhkum edilir. Əvvəl Ankara həbsxanasına sonra İstanbula köçürülür. Həbsxanada məşhur “İnsan mənzərələri” epopeyasını, “Həbsxanadan məktublar” silsiləsini, “Məhəbbət əfsanəsi”, “Yusiflə Züleyxa” pyeslərini və başqa dəyərli əsərlərini yazmışdır.

1950-ci ildə əfv edilərək azadlığa buraxılan Nazim həyatına qəsd olunacağından qorxaraq Türkiyədən qaçır, Moskvaya köçür. Bu dövrlərdə “Türkiyədə”, “Qərib adam”, “İvan İvanoviç vardımı, yoxdumu” bir çox şeir və poemalarını, dramaturgiyaya dair məqalələrini qələmə almışdır.

Nazim Hikmət həm də istedadlı nasirdir. Lakin onun nasir olması oxucu kütləsinə məlum deyil. Bunun da bir səbəbi var. Nazimin parlaq şairlik istedadının təsiri görünür. Poeziya onun yaradıcılığının əsas mehvəri idi.

“Yaşamaq gözəl şeydir, qardaşım” romanı Nazimin çox qüvvətli nəsr əsəridir. Roman əsasən tərcümeyi-hal mövzusundadır. Romanda Nazim Hikmətin inqilabi fəaliyyəti, Moskvada təhsil alması, yaşamağın gözəl şey olduğunu bilən və onun gözəlləşməsinə can atan insanların mübarizəsini əks etdirən realist bir əsərdir. Əsərin Azərbaycan dilində nəşr olunması oxuculara gözəl bir hədiyyə olmuşdu.

Nazim Hikmət həm də dramaturq idi. Onun pyesləri dəfələrlə Azərbaycan teatr səhnəsində tamaşaya qoyulmuşdur.

Nazim Hikmət əski ədəbiyyatı, onun ruhunu və şəklini qəbul etmədi, özünün yaratdığı yeni formaya, məzmuna əsaslanaraq söz sənətində yeni səhifə açdı-sərbəst vəzində yazıb-yaratdı.

Nazim Hikmət ömrünü mübarizələrdə keçirmiş, dəfələrlə həbs olunmuş, həyatını uzun illər zindanlarda keçirməyə vadar edilmişdir. Lakin həbslər, təqiblər şairin iradəsini qıra bilməmiş, əksinə onu zülmə, istibdada qarşı amansız olmağa təhrik etmişdir.

Nazim əzab-əziyyətli bir ömür sürsə də, ancaq dünyaya gəldiyindən məmnun idi. Həbsxanadan yazdığı məktubların birində yaşamaq barədə demişdir- üç cür yaşamaq var. Yaşadığını dərk etmədən yaşamaq, yaşamağın səadət olduğunu düşünmək, yaşamağa bir vəzifə kimi baxmaq. Nazim Hikmət demişdir-harada oluramsa olum yaşamaq mənim üçün səadətdir. Çünki dünyaya sənətkar kimi gəlmişdi, şair kimi doğulmuşdu. Şair hətta zindanda olarkən üsyankar şeirlərilə xalqı mübarizəyə səsləyirdi. Ömrünün sonuna qədər qəlbində bu mücadilənin atəşi sönmədi. Bu mövzunu vəsf edən şeirlər yazdı, Mustafa Kamal Paşanın Qurtuluş savaşını tərənnüm edən ən kamil bədii əsərlərini yaratdı.

Nazimin Atatürkü vəsf edən şeiri yoxdu, ancaq heç bir şair Atatürkün məqsədinə, amalına Nazim Hikmət qədər yaxın olmamışdır. Atatürkün tarixdə bacardığı işi-Türkiyəni çağdaşlaşdırmaq, dünyaya açmaq və dünyanı Türkiyəyə açmaq, orta əsrlərin cəhalət mühitini dağıtmaq yerində yenisini qurmaq işini Nazim Hikmət şeirdə, sənətdə gördü. Nazimin düşmənləri onun tərcümeyi-halına əl atıb şairi ləkələməyə çalışdılar. Belə cahil iradlardan biri onun səcərəsinə aiddir. Nazimin ulu babalarından birinin polyak mənşəli, başqasının qaqauz olduğu şairin günahlarından sayılırdı.

Nazim Hikmət həyatını qurtarmaq üçün Türkiyədən qaçdığı üçün onun düşmənləri iddia edirdilər ki, o, Vətənə xəyanət etmişdir. Əslində şair Vətəndən, türk xalqından deyil, onu məhbəslərdə çürüdən, ona ölüm tələsi quran bir rejimdən qaçmışdır. Ancaq məmləkət həsrəti, ailəsindən, oğlu-Mehmet Fuaddan ayrı yaşamaq məcburiyyəti, əsərlərinin öz ana dilində, ana Vətənində nəşr olunmaması, adının yasaq edilməsi Vətən xaini kimi çəkilməsi Nazim Hikmətin son illərini acı bir işgəncəyə çevirmişdi.

Şair ikinci dəfə Bakıya 30 il sonra gəlmişdi və gəlişinin şərəfinə şeirdə həsr etmişdi.

Öz məmləkətindən sonra heç bir torpaq ona Azərbaycan qədər doğma olmamışdı. Azərbaycan həm də ona görə doğma idi ki, Türkiyədə Nazimin adı yasaq olanda ona Azərbaycan sahib çıxmışdı. Nazim Türkiyənin ətrini bizə yetirən, canımız qədər doğma olan türk dilini ölümsüz şeirlərilə bizə çatdıran milli ruhlu, qüdrətli bir şairdir.

Azərbaycanda heç kəs türklük ruhunu Nazim qədər yüksəldə bilməyib.

Türk sözü Azərbaycanda yasaq olanda, Türkiyəylə tarix, ədəbiyyat, kök adət-ənənə birliyimiz haqqında hər hansı fikir yasaq sayılanda, Türkiyə sevgisinə görə yüzlərlə azərbaycanlı ziyalı qətl və sürgün ediləndə, Nazim Hikmət ən yüksək kürsülərdədir. “Mən türkəm, sizdə türksünüz, ruhumuz, dilimiz, xalqımız birdir”-deyərdi.

Şair Bakını İzmirə bənzədirdi. Ona görə də Bakı, Xəzər haqqında təsirli şeirlər yazardı. Azərbaycanda özünü doğma mühitdə hiss edirdi. Bakı həm də şairə ona görə doğma gəlirdi ki, Bakıda onun böyük salonları dolduracaq və şeirlərini saatlarla doymadan dinləyəcək geniş dinləyici kütləsi, şeirlərinə qiymət verə biləcək şair, yazıçı, bəstəkar, alim dostları, bütün Azərbaycan xalqı vardı.

Azərbaycan şair və yazıçılarının bir çoxu ilə-S.Vurğun, R.Rza, M.Hüseyn, İ.Qasımovla şəxsən tanış olmuş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdı.

Əsərlərinin Azərbaycanda nəşr edilməsi şairi çox sevindirirdi. O, təvazökarlıqla demişdir: “Şeirlərin azəricə türkcədən gözəl səslənir.

Azərbaycanda Nazim Hikmətin əsərləri dövrü mətbuatda və ayrıca kitab şəklində dəfələrlə nəşr edilmiş, pyesləri səhnələrimizdə oynanmışdır. Nazimin əsərlərinin motivi əsasında Əjdər İbrahimov, Ramiz Əsgərov filmlər çəkmişdir.

Bəstəkar Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında yaratdığı “Məhəbbət əfsanəsi” baleti dünyanın bir çox ölkələrində tamaşaya qoyulmuşdu.

Heykəltaraş Münəvvər Rzayeva şairin büstünü, Toğrul Nərimanbəyov və başqa rəssamlar şəklini yaratmışlar.

Əkbər Babayev, Qədir İsmayılov, Aqşin Babayev kimi alimlər Nazimin yaradıcılığına dair dəyərli tədqiqatlar aparmış, monoqrafiyalar, kitablar, xatirələr yazmışlar.

Nazim Hikmətin də Azərbaycan ədəbiyyatına, mədəniyyətinə aid məqalələr-Mikayıl Rəfilinin vəfatına yazdığı “Ağı”sı, S.Vurğuna həsr olunmuş şeiri, R.Rzaya həsr olunmuş məqalələri vardır. Bütün bunları mərhum araşdırmaçımız Qədir İsmayıl kitab şəklində tərtib etmişdir.

Türkiyənin mümtaz simaları, türk xalqı Nazim Hikmətin ədəbi qiymətini belə vermişlər.

Nazim Hikmətin şeirləri azadlıqdan başqa bir qanun tanımırdı. O, əsil demokratiyanı şeir dilində səsləndirən yeganə şair idi.

Nazim Hikmət türk şeirinin əzəmətini sübut edib, onun bayrağını ən uca zirvələrə sancdı.

Nazim Hikmət türk dilini təkmilləşdirdi, zənginləşdirdi.

Nazim Hikmət XX əsrin söz nəhəngi idi.

Sağlığında Vətənində onun adına, yaradıcılığına yasaq qoyulsa da, ancaq ölümündən sonra ən çox kitabları nəşr olunan, səhnələrdə pyesləri göstərilən, sözlərinə mahnılar bəstələnən, haqqında məqalələr dərc olunan sənətçidir.

Şair həyatının son günlərində Vətəndə olmaq, öləndə Anadolu məzarlığında-məzar daşı da istəməm, uca bir çinarın altında uyumaq arzulamışdı. Ancaq şair doğulduğu torpaqdan çox uzaqlarda, qürbət bir diyarda Vətən həsrətilə əbədi dünyasına qovuşdu. 1963-cü ildə Moskva şəhərində ürək tutmasından vəfat etmiş və Novodeviçye məzarlığında dəfn olunmuşdur.

Nazim Hikmət 1951-ci ildə türk vətəndaşlığından çıxarılmışdı. Ölümündən 46 il sonra-2009-cu ildə Türk hökümətinin qərarı ilə yenidən vətəndaşlıq qazandı. Yəni şairin arzuları tam olmasa da həyata keçdi. Cismən olmasa da ruhən o, öz doğma yurduna qayıtdı. Bu da şairin mənəvi ömrünü uzadır, adını ucaldır. Bəli indi Nazim Hikmət mənən öz doğma yurdundadır. Onu millətinin ürəyindən heç nə, heç kim qopara bilməz.

Xalqın Nazim Hikmətə olan sevgisindən həzin bir musiqi də yaranıb.

Nazim Hikmət məmləkət.

Məmləkət Nazim Hikmət,

Qafiyə üçün yazmadıq.

Həsrət sənə məmləkət,

Kitabların özgür artıq.

Müjdələr olsun Nazim,

Sən yazmağı davam et.

Həsrəti yazma Nazim,

Barna öndərindəydi,

Sən artıq döndün Nazim,

Qara dəniz köpürdü.

Məmləkətdəsən Nazim.

Nazim Hikmət çətinliklərə baxmayaraq heç vaxt əqidəsindən dönmədi, bir insan, bir şair kimi nikbin, məğrur yaşadı.

Tarix boyu olduğu kimi, XX əsrdə də türk xalqı dünyaya, dünya mədəniyyətinə bir çox dəyərli insanlar-siyasi xadimlər, hərbçilər, şair və yazıçılar, sənət və elm adamları vermişdir. Ancaq XX əsrdə türk xalqını iki böyük şəxsiyyətlə-M.K.Atatürk və Nazim Hikmətlə tanıyırlar.

Dədə Qorqudsuz, Yunis Əmrəsiz, Nəvaisiz, Nizamisiz, Füzulisiz türk dünyası olmadığı kimi Nazim Hikmətsiz də türk dünyası yoxdur.

Məşəqqətli, qasırğalı bir həyat yolu keçmiş Nazim Hikmət insan dünaysının zənginliyini, duyğular aləminin incəliklərini, həyatın mürəkkəbliyini, dünyanın təzadlarını bütün dolğunluğu ilə əks etdirə bilən və türk şeiri tarixində əbədiyaşar qalacaq korifey bir sənətkar kimi ucalacaqdır.

Vəsaitin məzmunlu olması üçün aşağıdakı ədəbiyyat siyahısından istifadə olunmuşdur:

1.Cəfər Xəndan. Ədəbi qeydlər Azərbaycan Dövlət nəşriyyatı. Bakı-1996.

2.Nazim Hikmət. Yaşamaq gözəl şeydir, qardaşım. Bakı-Yazıçı-1983.

3.R.Fiş. Nazim Hikmət. Gənclik. Bakı-1985.

4.N.Hikmət. Seçilmiş əsərləri. Şərq-Qərb. Bakı-2006.



5.N.Hikmət. Seçilmiş əsərləri. Şərq-Qərb. Bakı-2009.
Yüklə 35,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin