Sadəcə, sualların siyahısını yaz. İstədiyindən başla. Birbaşa indi. Ağlına gələn sualların siyahısını yazmağa başla



Yüklə 86,44 Kb.
tarix09.06.2018
ölçüsü86,44 Kb.
#53157

3-cü fəsil
-Nə olar ki, mənim yüzlərlə sualım var. Minlərlə. Milyonlarla. Çətinlik bundadır ki, bəzən bilmirəm, nədən başlayım.
-Sadəcə, sualların siyahısını yaz. İstədiyindən başla. Birbaşa indi. Ağlına gələn sualların siyahısını yazmağa başla.
-Yaxşı. Onların bəzisi olduqca adi, hətta çobansayağı görünə bilər.
-Özünü danlamağı saxla. Sadəcə, onları sıra ilə bir-bir sadala.
-Yaxşı. Tutaq ki, budur, birbaşa indi gələnlər.

1. Nəhayət, güzəranım haçan mənə dinclik verəcək? “Hər şeyin əmələ gəlməsi” və hansısa uğura çata bilməyim üçün nə tələb olunur? Bu savaş nə vaxtsa bitə bilərmi?

2. İnsan münasibətləri barədə nə vaxt yetərincə biləcəyəm ki, onlar məndə səlis biçimlənsin? Münasibətlərdə xoşbəxt olmaq üçün ümumiyyətlə hansısa bir üsul varmı? Doğrudanmı, onlar həmişə problem olmalıdır?

3.Görünür, niyəsə kifayət qədər pulu öz həyatıma cəlb edə bilmirəm. Məgər ömrümün sonuna qədər qənaət etməyə və qənaətlə xərcləməyə məhkum edilmişəm? Bu barədə potensialımı gerçəkləşdirməyimə nə mane olur?

4. Niyə əslində həyatda məşğul olmaq istədiyim işlə məşğul ola və bununla normal şəkildə qazana bilmirəm?

5. Sağlamlığımla bağlı problemlərimi necə həll edim? Mən bütün ömrümə bəs edəcək xroniki xəstəliklər yığınının qurbanıyam. Bütün bu xəstəliklərə niyə tutulmuşam?

6. Plana görə, burada öyrənməli olduğum karmik dərs hansıdır? Nəyi dərindən öyrənməyə səy göstərirəm?

7. Reinkarnasiya (təkrar-təkrar doğuluş – tərc.) kimi bir şey varmı? Keçmişdə neçə həyatım olub? O zaman kim olmuşam? “Karmik borc” gerçəklikdir?

8. Bəzən özümü sensitiv (hissiyyatlı, yəni olacağı duyma qabiliyyəti – tərc.) hiss edirəm. Ümumiyyətlə, “sensitiv olmaq” kimi bir şey varmı? Hansısa bir psixi qabiliyyətə malikəmmi? Belə bir qabiliyyət “şeytandan” deyil ki?

9. Xeyirxah işlərə görə pul götürmək yaxşıdırmı? Dünyada şəfaçılığı –Allahın işini icra etməyi seçirəmsə, bununla məşğul olub həm də çoxlu pul əldə edə bilərəmmi? Yaxud bu ikisi bir-birini qarşılıqlı şəkildə istisna edir?

10. Seks yaxşı şeydir? Və ümumiyyətlə, insanın bu təcrübəsinin arxasında həqiqətən nə durur? Bəzi dinlərin təsdiq etdiyi kimi, seks, əslində, yalnız nəslin davamı üçün mövcuddurmu? Həqiqətənmi əsil müqəddəslik və aydınlanma seksual enerjinin inkarı və ya transmutasiyası ilə mümkündür? Sevgisiz seks yol verilə biləndirmi? Cismani duyumlar sekslə məşğul olmaq üçün yetərli səbəb ola bilərmi?

11. Əgər hamımız mümkün qədər nəfsimizi bundan saxlamalıyıqsa, nə üçün seksi bu qədər xoş, bu qədər gözəl, bu qədər qüdrətli insan təcrübəsi edibsən? Burada nə baş verir? Və ümumiyyətlə, niyə bütün xoş şeylər həmişə ya “əxlaqa ziddir”, ya “qeyri-qanunidir”, ya da “bədəni korlayır”?

12. Başqa planetlərdə həyat varmı? Oradan bizim yanımıza uçub gəliblərmi? Hazırda bizi müşahidə edirlərmi? Ölənə kimi yerdənkənar həyatın varlığının qəti sübutlarını görəcəyikmi? Həyatın hər bir formasının öz Allahı olduğu doğrudurmu? Sən Bütün Bunların Allahısanmı?

13.Yer kürəsində nə zamansa utopiya olacaqmı? Allah haçansa Öz-ünü Yer kürəsinin insanlarına vəd etdiyi kimi göstərəcəkmi? İkinci Zühur olacaqmı? Bibliyanın öncədən xəbər verdiyi kimi, Qiyamət Günü və yaxud apokalipsis olacaqmı? Yeganə həqiqi din varmı? Varsa, hansıdır?

Budur, suallarımın az bir qismi. Dediyim kimi, onlar məndə hələ yüzlərlədir.

Bəziləri məni pərt edir – o qədər sadəlövh görünür. Lakin, lütfən, onları sıra ilə cavablandır və gəl, onalrı “müzaklirə” edək.


-Yaxşı. Başlayırıq. Həm də bu suallara görə üzr istəmə. Bunlar kişi və qadınların yüz illər boyunca verdikləri suallardır. Və bu suallar ağılsızlıq olsaydı, hər bir nəsil onları təkrar-təkrar verməzdi. Beləiklə, gəl, bir nömrəli sualdan başlayaq.

Mən Kainatda sənə eynilə seçəcəyinə sahiblənmək, onu yaratmaq imkanı verən Qanunlar təsis etmişəm. Bu qanunları nə pozmaq mümkündür, nə də onlara etinasız yanaşmaq. Sən indi birbaşa bunu oxuyanda bu qanunlara əməl edirsən. Qanuna əməl etməyə bilməzsən, çünki hər şey belə qaydaya salınıb. Bundan uzaqlaşa, bundan kənarda hərəkət edə bilməzsən.

Həyatının hər bir dəqiqəsində bunun hüdudlarında hərəkət edibsən və haçansa başına gələnlərin hamısını bu qayda ilə özün törətdin.

Sən Allahla tərəfdaşlıqdasan. Aramızda əbədi saziş bağlanıb. Mən sənə söz vermişəm ki, xahiş etdiyini həmişə verim. Sən söz verdin ki, xahiş edəsən və istək-cavab prosesini anlayasan. Bu prosesi artıq bir dəfə sənə izah etmişəm. Bunu bir daha edirəm ki, aydın başa düşəsən.

Sən üçlü varlıqsan. Bədən, ağıl və ruhdan ibarətsən. Sən onları cismani, qeyri-cismani və metafizik adlandıra bilərsən. Bu, Müqəddəs Üçlükdür və ona xeyli cürbəcür adlar qoyublar.

Sən nəsənsə, Mən oyam. Mən Birdə-Üç kimi təzahür etmişəm. Bəzi ilahiyyatçılarınız buna Ata, Oğul və Müqəddəs Ruh deyirlər.

Psixoloqlarınız bu triumviratı qəbul etdilər və ona şüurlu, şüuraltı və şüurüstü dedilər.

Filosoflarınız bunu şəxsiyyət, eqo və fövqəleqo adlandırırlar.

Elm buna enerji, materiya və antimateriya deyir.

Şairlər ağıl, qəlb və candan danışırlar. Nyu Eycin mütəfəkkirləri bunu bədən, ağıl və ruh kimi müəyyən edirlər.

Zamanınız keçmiş, indiki və gələcəyə bölünür.

Məgər bu, eynilə şüualtı, şüurlu və şüurüstü ola bilməzmi?

Məkan da bu şəkildəcə üç hissəyə bölünüb: “burada”, “orada” və “aralıq sahə”.

Çətinliklər bu “aralıq sahə”nin müəyyən edilməsi və təsvirindən başlanır.

Sən müəyyən etməyə və yaxud təsvir etməyə başlayan kimi, təsvir etdiyin məkan “burada” və “orada” şəkillənir. Üstəlik, bilirik ki, “aralıq sahə” mövcuddur. Bu, “burada” və “orada”nı öz yerlərində saxlayandır. Eynilə əbədi “indi”nin “qədər” və “sonra”nı öz yerlərində saxladığı kimi.

Sənin bu üç aspektin, faktiki olaraq, üç enerjidir. Sən onları düşüncə, söz və əməl adlandıra bilərdin. Birikləşdirilmiş hər üçü birlikdə dilinizdə və anlayışınızda “hiss” və ya “təcrübə” deyilən nəticəni doğurur.

Sənin canın (şüuraltı, “O”, ruh, keçmiş və s.) nə vaxtsa duyduğun (yaratdığın) bütün hisslərin ümumi yekunudur. Onlardan bəzilərini dərk etməyin sizdə “yaddaş” adlanır. Yada salaraq yenidən yaradır, ayrı-ayrı hissələri yenidən bir yerə toplayırsan.

Özünün bütün hissələrini toplayıb yenidən birləşdirməklə Əslində Kim Olduğunu xatırlayırsan.

Yaranış prosesi düşüncədən – ideya, anlayış və görüntüləməkdən başlanır. Gördüklərinin hamısı nə vaxtsa kiminsə ideyası idi. Dünyanızda var olanların hamısı əvvəldən xalis düşüncə biçimində mövcud idi.

Bu, Kainata münasibətdə də qanunauyğundur. Düşüncə - yaradılışın ilk səviyyəsidir.

Ardınca söz gəlir. Söylədiklərinin hamısı ifadə edilən düşüncədir. Söz yaradıcıdır, o, Kainata yaradıcı enerji göndərir. Sözlər düşüncədən daha dinamikdir (yaxud “daha da yaradıcıdır” demək olar), çünki söz düşüncədəkindən başqa bir titrəşim ifadə edir. Sözlər Kainata daha artıq dərəcədə təsir edir (onu dəyişdirir).

Sözlər – yaradılışın ikinci səviyyəsidir. Sonra əməl gəlir.

Əməllər – fəaliyyətdə olan sözlərdir. Sözlər – ifadə olunmuş fikirlərdir. Fikirlər – biçimlənmiş ideyalardır. İdeyalar – toplanmış enerjilərdir. Enerjilər – azad edilmiş güclərdir. Güclər – mövcud olan elementlərdir. Elementlər isə Allahın zərrələri, Tamın hissələri, hər şeyin təşkil olunduğudur.

Başlanğıc – Allahdır. Son - əməldir. Əməl – yaradıcı və yaxud yaşanan Allahdır.

Özün barədə fikrin bu cürdür: Allahın bir hissəsi, Allahla tərəfdaşlıqda olmaqdan ötrü yetərincə yaxşı, çox gözəl, günahsız deyilsən. Kimliyini o qədər uzun müddət inkar edibsən ki, Kim Olduğunu artıq unudubsan. Və bu təsadüf üzündən, yaxud uyğunluqdan baş verməyib. Bunların hamısı İlahi planın tərkib hissəsidir. Çünki sən artıq Kim İdinsə, bunu elan edib, yaradıb, yaşamağı bacarmazdın.

Başlanğıcda Mən-imlə əlaqəni qırmağın (inkar etməyin, unutmağın) lazım idi ki, onu tamamilə yenidən yaradıb və yaxud onu yenidən arzulayıb bütün dolğunluğu ilə yaşayasan. Axı sənin və Mən-im ən böyük arzumuz idi ki, özünü Mən olduğun həmin hissə kimi yaşaya biləsən. Beləliklə, hər bir ayrıca anda özünü yenidən yaratmaq vasitəsilə özünü yaşama prosesindəsən.

Eynilə Mən-im kimicə. Sənin vasitənlə.

Bu tərəfdaşlığın nədən ibarət olduğunu görürsənmi? Onun mənasını anladın?

Bu, müqəddəs əməkdaşlıqdır, həqiqətən də, müqəddəs ayindir.

Sən bu əməkdaşlığı seçmək qərarına gələndə həyatın “sənə dinclik verər”. Hələ ki indiyədək onu seçməyibsən. Həmişə yubatdın, uzatdın, qəti etiraz etdin. Sənə vəd ediləni elan və icra etməkdən ötrü vaxt, nəhayət, gəlib çatıb. Bunun üçün vədə inamağın və onunla yaşamağın lazımdır. Sən Allahın vədini yaşamalısan.

Allahın vədi səni O-nun övladı olmağa yaxınlaşdırır. O-nun törəməsi. O-nun bənzəri. O-na bərabər.

Aha... bax, sən burada ilişibsən. “Onun övladı”nı, “törəməsi”ni, “bənzəri”ni qəbul edə bilərsən, lakin “O-na bərabər” səni geri oturdur. Bu, qəbul etmək üçün xeyli çoxdur. Böyüklük son dərəcə çoxdur, bu, həddindən artıq fövqəladədir – məsuliyyəti dedikcə artıqdır. Axı sən, doğrudan da, Allaha tay olsaydın, bu o demək idi ki, sənə heç nə edilmir, hər şeyi sən edirsən. Daha qurban və yaramazlar ola bilməz, yalnız sənin düşüncələrinin nəticəsi ola bilər.

Sənə deyirəm: dünyada gördüklərinin hamısı sənin onun haqqındakı təsəvvülərinin nəticəsidir.

İstəyirsən ki, həyatın “sənə dinclik versin?” O zaman onun haqqındakı təsəvvürlərini dəyişdir. Özün haqqında. Olduğun Allah Kimi düşün, danış və hərəkət et.

Söz yox, bu səni tanışlarının çoxundan, əksərindən ayıracaq. Onlar sənə “dəli” deyəcəklər. Deyəcəklər ki, küfr danışırsan. Ən sonda onları o qədər boğaza yığacaqsan ki, səni çarmıxa çəkməyə çalışacaqlar.

Həm də bunu ona görə etməzlər ki, əsil ilğımlar aləmində yaşadığını qət edərlər (sənə “özbaşına dəli olmaq” imkanı verməkdən ötrü insanların çoxusu özlüyündə yetərincə alicənabdır), ona görə ki, sənin onlara vədlər ehtiva edən həqiqətin gec-tez başqalarını cəlb etməyə başlayacaq.

Yaxınların da məhz bu vaxt işə qarışacaqlar, çünki məhz bu zaman onlar üçün təhlükə təşkil etməyə başlayacaqsan.

Axı sənin asan yaşamaq üçün sadə həqiqətin yerüzündəki qonşularının uydura biləcəyinin hamısından daha çox gözəllik, rahatlq, sülh, fərəh, özünə və başqlarına sevgi təklif edə bilər. Həm də qəbul etsələr, bu həqiqət onların yolunun sonunu bildirəcək. Həm də kin və qorxuya, fanatizm və müharibəyə son qoyacaq. Mən-im adımla edilən ittiham və qətllərə. Güclünün hüququna. Vahiməyə söykənən loyallıq və sayğıya. Onların tanıdıqları və sənin indiyədək yaratdığın dünyaya.

Beləliklə, xeyirxah qəlb, hazır ol. Çünki öz müqəddəs işini - “Mən”ini qəbul edib gerçəkləşdirməyə başlayanda hər kəs özü bildiyi kimi səni də yamanlayacaq və ləkələyəcək, söyəcək və qovacaq, ititham edib hökm çıxardacaq.

Soruşursan ki, onda bunu ümumiyyətlə niyə edim?

Lakin dünyanın səni bəyənib-bəyənməməyi, qəbul edib-etməməyi səni daha rahatsız etmir axı. Bundan sonra onun verdiyi səni təmin etmir. Onun başqalarına verdiyi daha səni rahatsız etmir. İstəyirsən ki, ağrı yox olsun, iztirablar kəsilsin, ilğımların sonu çatsın.

Daha onu axtarmağa ehtiyac yoxdur. İndi, sadəcə, onu çağır.
-Bunu necə etməyi daha yaxşı anlamaqda mənə kömək edə bilməzdinmi?
-Bəli. Özün barədə Ən Uca Fikrindən başla. Təsəvvür et ki, hər gün bu düşüncə ilə yaşasaydın, necə ola bilərdin. Təsəvvür et ki, başqalarının nə etdiyinə və dediklərinə necə reaksiya verərdin, nə düşünər, nə edər və nə deyərdin.

Bu anlayışla hazırda düşündüyün, dediyin və etdiklərin arasında hansısa bir fərq görürsənmi?
-Bəli, görürəm. Fərq böyükdür.
-Gözəldir. Belə də olmalıdır, çünki bilirik ki, birbaşa indi özünü ən uca xəyalın kimi yaşamırsan. İndi harada olduğunla “harada olmalıydın” istəyin arasındakı fərqi görüb dəyişimlərə başla. Ən böyük xəyalına uyğun gələcək düşüncə, söz və hərəkətlərini şüurlu şəkildə dəyişdir.

Bu, ağlasığmaz mental və fiziki səylər tələb edir. Bu, həmişə, hər bir anda özünün hər bir düşüncəni, sözünü və hərəkətini izləməyinlə nəticələnəcək. Zamanın hər bir yeni anında şüurlu hərəkətlər etmək lazımdır. Bütün bu proses özlüyündə dərrakəliliyə böyük bir dönüşdür. Bu çağırışı qəbul edib aşkarlayacaqsan ki, ömrünün yarısını şüursuzcasına yaşayıbsan. Yəni özündə onların nəticələrini hiss etməyincə düşüncəndə, sözlərində, hərəkətlərində nələri seçdiyini şüur səviyyəsində bilmədən... Bu nəticələri isə özündə hiss edib sənin düşüncə, söz və hərəkətlərinin bunlarla heç olmasa hansısa bir əlaqəsi olduğunu inkar etdin.

Şüursuz yaşamağa son qoymağın vaxtıdır. Bu, zamanın başlanğıcından ruhunun sənə təklif etdiyi həmin çağırışdır.
-Belə daimi özünümüşahidə həddən artıq üzücü olmalıdır...
-Bu, ikinci naturaya çevrilənə qədər ola bilər. Əslində, ikinci naturan elə budur. Birinci naturan şərtsiz sevgidir. İkinci naturan sənin birinci, həqiqi naturanın şüurlu seçiminin təzahürüdür.
-Üzr istəyirəm, amma axı düşündüyüm, dediyim və etdiklərimin hamısını belə durmadan redaktə etsəm, çox pis zəhlətökən olaram!
-Qətiyyən. Dəyişilmək - bəli. Zəhlətökən olmaq – xeyr. Niyə İsa zəhlətökən idi? Düşünmürəm. Budda ilə necə, darıxdırıcıydı? Adamlar axın-axın gəlir və yalvarırdılar ki, onların yanında olsunlar. Ustadlığa yetişənlərdən heç biri darıxdırıcı deyildi. Qeyri-adi, ekstraordinar – bəli. Lakin darıxdırıcı – heç vaxt.

Beləliklə, istəyirsən ki, həyatın “sənə dinclik versin”? Onu necə görmək istəyəridinsə, dərhal elə təsəvvür etməyə başla və buna dal. Bununla harmoniyada olmayan hər bir fikri, sözü, hərəkəti aşkarla. Onlardan xilas ol.

Ən ali xəyalınla uzlaşmayan fikirlər gələndə onu elə oradaca və o andaca yeni fikirlə əvəzlə. Ən böyük ideyana uyğun gəlməyən nəsə söyləyəndə özün üçün gələcəyə qeyd et: bir daha bu cür danışmamaq. Ən yaxşı niyyətinə şərik olmayan nəsə edəndə qət et ki, bu, axırıncı dəfə olsun. Həm də imkan daxilində buna dəxli olanların hər biri üçün anlaşıqlı şəkildə et.
-Mən bunu artıq əvvəllər də eşitmişəm və hər dəfə əleyhinə çıxmışam, çünki bu mənə şərəfsizcəsinə görünür. Yəni xəstəsənsə, bunu etiraf etmək olmaz. Müflisləşibsənsə, bundan danışmaq olmaz. Son dərəcə bədbəxtsənsə, bunu üzə vermək olmaz. Bu mənə cəhənnəmə göndərilmiş üç adam barəsindəki lətifəni xatırladır. Biri katolik, digəri yəhudi, üçüncüsü isə “Nyu-Eyc” hərəkatının adıcılı idi. İblis acı-acı katolikdən soruşdu: “Hə, cəhənnəm necədir?” Katolik donquldandı: “Mən onu itaətkarlıqla qəbul edirəm”. Sonra İblis yəhudidən soruşdu: “Hə, cəhənnəm necədir?” Yəhudi cavab verdi: “Axı mən daha bir cəhənnəmdən savayı nə gözləyə bilərəm?” Nəhayət, Iblis nyu-eycerə müraciət etdi. “Cəhənnəm? – nyu-eycer tər içində təkrar soruşdu.- Hansı cəhənnəm?”
-Bu, yaxşı zarafatdır. Amma Mən demirəm ki, çətinliyə məhəl qoymamaq lazımdır və yaxud özünü elə göstər ki, o, mövcud deyil. Mən şəraitlərin qeyd edilməsindən, sonra isə onlarda öz ali həqiqətini görə bilməkdən danışıram.

Əgər müflisləşibsənsə, onda müflisləşibsən. Bu barədə yalan deməyin heç bir mənası yoxdur və əgər bu faktı boynuna almağa yol verməyən əhvalat uydurmağa çalışırsansa, özünü daha da cılızlaşdırırsan. Məhz bu barədə düşüncələrin – “Müflislik pisdir”, “Bu, dəhşətdir”, “Mən pis adamam, çünki inadla işləyib həqiqətən də cəhd göstərən yaxşı insanlar heç vaxt müflisləşmirlər” və b. k. – “müflislik” durumunu necə yaşadığını müəyyən edir. Məhz bu barədə sözlərin – “Mən müflisləşmişəm”, “Heç kor qəpiyim də yoxdur”, “Başdan-ayağa borc içindəyəm” – nə qədər uzun müddət müflis qalacağını müəyyən edir. Məhz bununla bağlı fəaliyyətin (və fəaliyyətsizliyin) – özünə yazığın gələndə, müti ümidsizliklə vaxt keçirəndə, bir halda ki xeyri yoxmuş, hansısa çıxış yolu tapmağa səy göstərməyəndə,– məhz elə bu sənin uzunmüddətli gerçəkliyini yaradır.

Kainat barədə özün üçün aydınlaşdırmağına dəyən budur ki, heç bir şərait “yaxşı” və ya “pis” deyil. O, sadəcə, var. Buna görə də qiymətləndirməyi dayandır.

İkinci bilməyə dəyən – bütün şəraitlərin keçici olmasıdır. Heç nə dəyişilməz qalmır, heç nə sabit deyil. Şərait hansı yönə dəyişiləcək – bu səndən asılıdır.
-Bağışla, amma yenə də Sən-in sözünü kəsməliyəm. Bəs xəstə, lakin dağları yerindən oynatmaq inamına malik olan insan barəsində necə? Bax, budur, o düşünür, deyir və inanır ki, sağalar ... və üç həftədən sonra ölür. Belə bir şey bütün bu müsbət düşüncə və müsbət hərəkətlərlə necə uzlaşır?
-Bu, gözəldir. Sərt suallar verirsən. Bu, yaxşıdır. Sözlərimi kor-koranə inamla qəbul etmirsən. Məqam gələr ki, bu məsələdə Mən-ə inanmalı olarsan, çünki aşkarlayarsan ki, yalnız “özünün qət etməyini sınamaq və yaxud bütünlüklə rədd etmək” qalınca sən və Mən bu barədə əbədi mübahisə edə bilərik. Lakin bu məqama hələ yaxınlaşmamışıq. Belə ki gəl, bu dialoqu, söhbətləşməyi davam etdirək.

Dağı yerindən tərpətmək inamı” olan, lakin üç həftədən sonra ölən insan üç həftəyə dağı yerindən tərpədib. Bu, yəqin ki, onun üçün kifayət idi. Ola bilsin, o, son günün son saatında qərara gəlib: “Vəssalam, bəsimdir. İndi yeni sərgüzəştə hazıram”. Sən onun bu qərarı barədə, sadəcə, bilməyə bilərdin, çünki o bu barədə çatdırıb sənə deyə bilməyib, ya da istəməyib.



Həm də həqiqət bundan ibarətdir ki, o bu qərarı bir qədər əvvəl – bir neçə gün, yaxud bir neçə həftə öncə qəbul edə və bu barədə sənə də, başqa kimsəyə deməyə də bilərdi.

Siz ölmək istəyinin son dərəcə “qeyri-normal” olduğu bir cəmiyyət yaradıbsınız. Nə vaxt kiminsə ölməklə hər şeyi “normaldırsa”, bu olduqca “qeyri-normaldır”. Bir halda ki ölmək istəmirsiniz, təsəvvür edə bilmirsiniz ki, şərait və şərtlərindən asılı olmayaraq hətta kimsə bunu arzulayar. Lakin çoxlu situasiyalar var ki, ölüm həyatdan daha yaxşıdır və bilirəm ki, bu barədə, heç olmasa, azacıq dərindən düşünsən, onu təsəvvür edə bilərsən. Lakin ölməyi seçən kiminsə sifətinə baxanda bütün bu həqiqətlər – onlar o qədər də göz qabağında deyil - ağlına gəlmir. Və ölən insan bu barədə bilir. Onu əhatə edənlərin onun qərarını qəbul etmək səviyyəsini duya bilər. Nə zamansa müşahidə edibsənmi ki, adamların çoxu ölməzdən əvvəl otaq boşalınca gözləyir? Hətta bəziləri öz əzizlərinə deməli olurlar: “Yox, qulaq as, sən get. Bir az yemək ye”. Yaxud: “Get, bir az yat. Məndə hər şey qaydasındadır. Sabah görüşərik”. Və sonra vəfalı gözətçi uzaqlaşanda ruh da qorunan bədəndən çıxıb gedir.

Ölən yığılmış qohum və dostlarına desəydi ki, “Mən sadəcə ölmək istəyirəm”, cavabında nə eşidərdi? “Ah, yox, elə demə!” yaxud “Di, lütfən, qal!”, ya da “Bizi kimin ümidinə qoyub gedirsən?”. Bütün təbib həmkarlar insanların ləyaqətlə ölə bilməsinə şərait yaratmağa deyil, adamları diri saxlamağa öyrədiliblər.

Görürsənmi, ölüm həkim, ya da tibb bacısı üçün uğusuzluğu bildirir. Ölüm dost və ya qohum üçün bədbəxtlikdir. Ölüm yalnız ruh üçün rahatlıq, qurtuluşdur.

Ölənə verə biləcəyin ən böyük hədiyyə onun “qalmalı”, əzab çəkməyə davam etməli və onun həyatının bu vacib məqamında sənin barəndə narahat olmalı olduğunu fikirləşmədən ona rahatlıqla ölməyə imkanı verməkdir.

Ölən adam deyəndə ki yaşayacaq, yaşayacağına inanır, hətta yaşamaqdan ötrü dua edir, məhz tez-tez elə bu, baş verir: o, ruh səviyyəsində artıq “fikrindən daşınıb”. Bədəni atmaq və sonrakı cəhdləri üçün ruhu azad etmək lazım gəlir. Ruh belə bir qərar qəbul edəndə artıq bədənin etdiklərindən heç nə onu tərəddüdə sala blməz. Ağlın qət etdiyi heç nə bu qərarı dəyişdirə bilməz. Üçlü “bədən-ağıl-ruh” uzlaşmasından kimin prosesi geçəkdən idarə etdiyini ölümün məhz bu anında bilirik.

Bütün ömrün boyu fikirləşirsən ki, sən – bədəninsən. Bəzən düşünürsən ki, sən – ağlınsan. Və yalnız ölüm anında Əslində Kim Olduğunu bilirsən.

Və əlbəttə, elə olur ki, bədən və ağıl sadəcə ruhu dinləmək istəmir. Bu da sənin təsvir etdiyin həmin ssenarini hazırlayır. İnsanlar üçün ən çətini öz ruhunu dinləməkdir. (Bunun nə qədər az adama müyəssər olduğuna diqqət yetir). Sonra. Tez-tez belə olur: ruh qət edir ki, onun bədəni tərk etmək vaxtıdır.

Ruhun daimi xidmətçiləri – bədən və ağıl buna qulaq asır və azad edilmə prosesi başlanır. Lakin ağıl (eqo) bunu qəbul etmək istəmir. Axı bu ən nəhayətdə onun varlığının sonunu bildirir. Buna görə də o, bədənə əmr edir: ölümə müqavimət göstərmək. Ki bədən də məmnuniyyətlə yerinə yetirir, çünki bədən də ölmək istəmir. Bədən və ağıl (eqo) zahiri dünyadan - onların yaradıcılığının məhsulu olan aləmdən böyük ruhlanma və böyük dəstək alır. Beləliklə, onların taktikası təqdir əldə edir.

Bu mərhələdə hər şey ruhun bədəni tərk etmək istəyinin nə qədər güclü olmasından asılıdır. Bu o qədər də təcili deyilsə, ruh deyə bilər: “Yaxşı, siz qalıb gəldiniz. Mən bir qədər də sizinlə olacağam”. Lakin bu bədəndə olmağın ruhun ali məqsədlərinə xidmət etmədiyi, bu bədənin köməyi ilə inkişafa daha imkan olmadığı ruha tamamilə aydındırsa, ruh onu tərk edəcək və heç nə onu dayandıra bilməz. Heç kim buna hətta cəhd də etməməlidir.

Ruha onun təkamülünün məqsədi son dərəcə aydındır. Həm də bu onun yeganə hədəfidir. Bədənin uğurları və ağlın inkişafı onu narahat etmir. Ruh üçün bütün bunlarda heç bir məna yoxdur.

Ruha həmçinin aydındır ki, bədəni tərk etməkdə heç bir böyük faciə yoxdur. Bir çox mənalarda faciə - bədəndə olmaqdır. Beləliklə, anlamağın lazımdır ki, ruh bütün bu ölüm prosesini başqa cür görür. Və əlbəttə, o, bütün bu həyat prosesini də başqa cür görür və hər kəsin öz həyatında sınadığı bir çox sarsıntı və təşvişin qaynağı bundadır. Sarsıntılar və həyəcanlar ona görə başlayır ki, biz öz ruhumuzu dinləmirik.
-Bəs öz ruhumu ən yaxşı necə dinləyə bilərəm? Baş rəis ruhdursa, onun kabinetilə əlaqəni necə yoluna qoyum?
-Edə biləcəyin ilk şey ruhuna nəyin lazım olduğunu aydınlaşdırmaq və onu pisləməyi dayandırmaqdır.
-Mən öz ruhumu pisləyirəm?
-Həmişə. Burada ancaq ölmək istəyinə görə özünü necə pislədiyini sənə göstərdim. Eyni zamanda yaşamaq arzuna görə, sözün tam mənasında yaşamağa görə özünü qınayırsan. Gülmək, ağlamaq, udmaq, uduzmaq, fərəh və sevgini duymaq istəyinə (xüsusən buna görə) özünü qınayırsan.
-Həqiqətən də?
-Haçansa haradasa bu fikrə gəldin ki, fərəhdən imtina etməyin Allaha lazımdır, həyata fərəhlənməmək ilahilikdir. Özünə dedin ki, inkar – gözəldir.
-Bəs Sən deyirsən ki, bu, pisdir?
-Bu nə yaxşıdır, nə də pis, sadəcə, inkardır. Özünü inkar edəndən sonra özünü yaxşı hiss edirsənsə, deməli, sənin aləmində bu yaxşıdır. Özünü pis hiss edirsənsə, onda bu, pisdir. Əksər hallarda hey yerini müəyyən edə bilmirsən. Sonra da deyirsən ki, düzgün hərəkət etdin və təəccüblənirsən ki, bəs niyə özünü yaxşı hiss etmirsən.

Bax, etməkdə faydası olan ilk şey – özünü qınamağı dayandırmaqdır. Ruhun istəyini öyrən və ona əməl et. Öz ruhunla bir yerdə ol.

Ruh üçün nə önəmlidir? Yalnız təsəvvür edə biləcəyin sevginin ən ali duyumu. Ruhun istəyi də budur. Onun məqsədi və niyyəti də budur. Ruha hisslər lazımdır. Bilik yox, hisslər. Onun artıq biliyi var, lakin bilik - anlayışdır. Hisslər isə təcrübədir.

Ruh özünü dərindən duymaq və bu qayda ilə özünü şəxsi təcrübəsində dərk etmək istəyir.

Ən uca hiss Bütün Varlıqla vəhdətin təcrübəsidir. Bu, ruhun həsrətində olduğu Həqiqətə böyük qayıdışdır. Bu, kamil sevgi hissidir.

Hissə nisbətdə mükəmməl sevgi mütləq ağın rəngə nisbəti ilə eynicədir.

Çoxları fkirləşir ki, ağ – rəngin olmamasıdır. Bu, belə deyil. Ağ – mövcud bütün rənglərin uyuşmasıdır.

Bu qayda iləcə sevgi də hisslərin (nifrət, kin, ehtiras, qısqanclıq, şövq) olmaması yox, bütün duyula biləcəklərin cəmidir. Yekun miqdardır. Sadəcə, hər şeydir.

Buna görə də ruh mükəmməl sevgini təcrübədə duymaq üçün hər bir insani hissi sınaqda hiss etməlidir.

Başa düşmədiyinə necə ürəyin yana bilər? Özünün heç vaxt acısını çəkmədiyini başqasında necə bağışlaya bilərsən? Beləliklə, ruhun səyahətinin sadəliyi və valehedici əzəmətini eyni zamanda görürük. Nəhayət, anlayırıq ki, ona nə lazımdır.

İnsan ruhunun məqsədi onun ola biləcəyi hər bir şeyin hamısını duymaqdır.

O, aşağıda heç vaxt olmayıbsa, yuxarıda necə ola bilər? Sağda heç vaxt olmayıbsa, solda necə ola bilər? Soyuğu tanımayıbsa, ona necə isti ola bilər? O, şəri inkar edirsə, yaxşı necə ola bilər? Tamamilə aydındır ki, ruhun seçiminə nəsə yoxdursa, o, nəsə olmağı seçə bilməz. Axı ruh öz əzəmətini dərk edə bilmək üçün əzəmətin nə olduğunu bilməlidir. Lakin əzəmətdən başqa heç nə yoxdursa, o bunu bilə bilməz. Və ruh başa düşür ki, əzəmət yalnız əzəmətsizin məkanında var ola bilər. Buna görə də ruh əzəmətli olmayanı heç vaxt rədd etmir, lakin onun digər hissəsinin meydana çıxa bilməsindən ötrü bunda özünün var olmalı hissəsini görüb xeyir-dua edir.

Əlbəttə, ruhun vəzifəsi elə etməkdir ki, seçmədiyini rədd etmədən Sənin Kim Olduğunun ən yaxşısnı - əzəməti seçəsən.

Bu, çoxlu həyatlar üçün böyük bir işdir, çünki seçmədiyinizə xeyir-dua etməyin əvəzinə nəyisə dərhal “pis”, “yanlış” və ya “qeyri-kafi” adlandırmaq, pisləmək adətinə maliksiniz. Və hətta sadəcə rədd etmirsiniz, daha pis rəftar edirsiniz: seçmədiyinizə ziyan vurmağa can atırsınız. Bunu məhv etməyə çalışırsınız. Razılaşmadığınız insan, məkan və ya cismə hücum edirsiniz. Dininizlə uzlaşmayan din varsa, onu yanlış elan edirsiniz. Sizinkinə zidd olan fikir varsa, onu lağa qoyursunuz. Sizinkindən fərqlənən ideya varsa, onu rədd edirsiniz. Səhviniz bundadır, çünki bu şəkildə Kainatın yalnız yarısını yaradırsınız. Yarısını asanlıqla rədd edəndə hətta öz yarınızı da anlamaq halında deyilsiniz.
-Bunların hamısı olduqca dərin və müdrikdir, həm də Sən-ə minnətdaram. Hələ heç kim heç vaxt mənə belə şeylər deməyib. Ən azından, bu cür sadə şəkildə deməyib. Və mən anlamağa cəhd edirəm. Doğrudan da, cəhd edirəm. Amma yenə də nəyisə qavramaq çətindir. Bax, məsələn, bunu: Sən deyirsən ki, “yanlış”ı sevməyimiz lazımdır ki, “düzgün”ü dərk edə bilək. Axı bu nədir, deməli, biz şeytanı da bağrımıza basmalıyıq?
-Bəs sən ona necə şəfa verə bilərsən? Əlbəttə, həqiqi şeytan mövcud deyil, lakin sənə seçdiyin metaforanın kontekstində cavab verirəm. Şəfalanma hər şeyin qəbul edilməsi, sonra isə ən yaxşının seçilməsi prosesidir. Bunu başa düşürsənmi? Daha seçməyə heç nə yoxdursa, Allah olmağı seçə bilməzsən.
-Oho! Bəs məgər burada kimsə belə bir seçimdən – Allah olmaq barədə danışdı?
-Ən ali hiss mükəmməl sevgidir, elə deyilmi?
-Bəli, düşünürəm ki, elədir.
-Bəs Allahın ən yaxşı təsvirini tapa bilərsənmi?
-Yox, bacamaram.

-Görürsənmi, qəlbin ən ali hissi arayır. O, ən kamil sevgini yaşamağa, yəni o olmağa can atır.

Kamil sevgi də odur, o da bunu bilir. Lakin o, sadəcə bilməkdənsə daha çox şey istəyir. O öz duyğularında belə olmağı arzulayır.

Əlbəttə ki, sən Allah olmağa cəhd edirsən. Necə fikirləşirsən, daha nəyi arzulaya bilərdin?
-Bilmirəm. Əmin deyiləm. Yəqin ki, bu barədə heç vaxt, bax, bu tərzdə düşünməmişəm. Sadəcə, mənə elə gəlir ki, bütün bunlarda nəsə sezilməz bir küfr var.
-Maraqlıdır, düz deyilmi ki, şeytan olmaq arzusunda heç bir küfr görmürsünüz, amma Allah olmaq istəyi səni alçaldır.
-Xeyr, bir dəqiqə dayan! Axı kim şeytan olmağı arzulayır?
-Sən! Hamınız! Hətta günahla doğulduğunuza, doğuluşdan günahkar olduğunuza öyrədən din yaradıbsınız. Və bütün bunlar ona görədir ki, pis olduğunuza özünüzü inandırasınız. Bəs sizə desəm ki, hamınız Allahdan törəyibsiniz, hamınız əsil Allahlar və İlahələrsiniz, Mən-i rədd edərsiniz.

Bütün ömrünüzü özünüzü pis oldmağınıza inandırmaqla keşirirsiniz. Və təkcə pis deyilsiniz, arzuladığınız da pisdir. Seks – pisdir, pul – pisdir, fərəh – pisdir, güc – pisdir, çoxa sahib olmaq – pisdir, nə olursa-olsun, çoxa sahib olmaq pisdir. Hətta dinlərinizdən bəziləri sizi rəqs etməyin, musiqi dinləməyin, həyata fərəhlənməyin pis olduğu inancına təhrik edir. Tezliklə razılaşacaqsınız ki, ürəyə yatmaq pisdir, gülmək pisdir, sevmək pisdir.

Yox, yox, dostum, çox məsələ sənə aydın olmaya bilər, lakin bir şey dəqiqliklə aydındır: sən və arzuladıqlarının əksər hissəsi pisdir. Özün haqda belə bir hökm çıxardıb qət etdin ki, sənin vəzifən daha yaxşı olmaqdır.

Nəzərə al, bu, normaldır. Bu istənilən halda elə həmin təyinat nöqtəsidir. Sadəcə daha sürətli üsul, daha qısa marşrut, daha düz çığır var.
-Hansı?
-Kim və Nə olduğunu birbaşa indi qəbul etmək və bunu sərgiləmək.

İsanın etdiyi budur. Bu, Buddanın, Krişnanın, nə vaxtsa bu planetə gəlmiş hər bir Ustadın yoludur.

Və hər bir Ustadın eyni ismarıcı var idi: Mən kiməmsə, siz də osunuz. Nə bacarıramsa, siz də bacararsınız. Bütün bunları və digər şoxlu şeyləri.

Lakin qulaq asmadınız. Bunun əvəzinə daha da çətin yol seçdiniz - şeytan olduğunu düşünənlərin, özünü pis təsəvvür edənlərin yolunu.

Deyirsiniz ki, İsanın yoluyla getmək, Buddanın təliminə əməl etmək, Krişnanın işığını daşımaq, Ustad olmaq çətindir. Lakin, bax, deyirəm: bunu qəbul etməkdənsə Kim Olduğunu inkar etmək daha çətindir.

Sən xeyirxahlıq və mərhəmətsən, şəfqət və dərksən. Barışıq, fərəh və işıqsan. Bağışlama və səbirsən, qüvvə və cəsarətsən. Ehtiyac anında yardımçı, fəlakət anında ovudan, yaralananda şəfaçı, hərc-mərclik zamanı müəllimsən. Ən dərin müdriklik və ən ali həiqət, ən böyük dünya və ən gözəl sevgisən. Bütün bunlar sənsən. Və həyatında Özünü bu cür tanıdığın vaxtlar var idi.

İndi özünü həmişə belə tanımağı seç.
Rus dilindən Şahid çevirdi.
Seyidbeyli@mail.ru
Yüklə 86,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin