On altıncı dərs: Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
İmam Sadiq (ə) buyurur: «İman qardaşına cəfa etməkdən başqa hər bir günah bağışlanar». Qur᾽ani-Kərimdə isə belə buyurulur: «Şübhəsiz ki, Allah özünə şərik qoşanları əfv etməz. Bundan başqa istədiyi günahı bağışlar»1. Ayədən göründüyü kimi şirk istisna olmaqla bütün günahlar bağışlana bilər. Əlbəttə ki, insan tövbə etmədən dünyadan müşrik gedərsə bağışlanmaz.
Bəs başqa günahlar necədir? İnsan dünya həyatında bu günahlara tövbə etməzsə bağışlana bilərmi? «Nisa» surəsinin 31-ci ayəsində kiçik günahlar haqqında buyurulur: «Əgər qadağan olunmuş böyük günahlardan çəkinsəniz, kiçik günahlarınızın üstünü örtər və sizi şərəfli mənzilə çatdırarıq». «Nəcm» surəsinin 32-ci ayəsində oxuyuruq: «Kiçik günahlar istisna olmaqla böyük günahlardan çəkinib yaxşılıq edənlər bağışlanar».
Bəli, insan böyük günahlara yol verməyib kiçik günahlarda israr etməzsə, tövbə etməsə də kiçik günahları bağışlanar. Sözsüz ki insan tövbə etdiyi təqdirdə böyük günahlar da bağışlanar. Pis odur ki, insan dünyadan tövbə etməmiş gedə. İmam Sadiqin (ə) buyuruğunda nəzərdə tutulmuş günahın bağışlanmasına da ümid var. Sadəcə əzab və bağışlanma üçün can vermə, qəbr, bərzəx, qiyamət kimi mərhələlər vardır. Müxtəlif günahlar müxtəlif mərhələlərdə bağışlana bilər. O günahlara ki daha çox diqqət verilib, bunlar yüz illər əzabdan sonra bağışlanması mümkün olan günahlardır.
Din qardaşları ilə pis rəftar onların hüququnu pozmaq deməkdir. Xalqın hüququnu pozanlar isə yalnız xalqın razılığı ilə bağışlanıla bilər. İmam Sadiq (ə) xalqın razılığı şərt olduğu üçün bu günahın bağışlanmayacağını bildirir.
RİYAKARLIQ YAXŞI ƏMƏLİ PUÇ EDİR
İmam (ə) buyurur: «Riya olmayan bütün yaxşı əməllər qəbul olunur». İnsanın gördüyü bütün işlər üçün iki hal mümkündür: iş görənin məqsədi ya Allahın razılığıdır, ya da hansısa şəxsi məqsəd. İnsan fəaliyyətində ən çox nəzərə çarpan qeyri-ilahi məqsəd özünügöstərmə və ya özününümayişdir. Yə᾽ni insan birinə kömək edərkən yardım göstərərkən özünü tanıtdırmaq istəyir. İslam dinində belə bir məqsəd «riya» adlanır. İmam Sadiq (ə) buyurur ki, riyasız görülmüş iş Allah dərgahında qəbuldur.
Əlbəttə ki, ilahi niyyətin də mərtəbələri vardır. İstənilən hər hansı bir mərtəbədə niyyət düzgündürsə, əməl də qəbuldur. Məsələn, vətənin müdafiəsinə qalxmış əsgərin niyyəti vətəni azad etməkdirsə, bu yaxşıdır. Amma əsgər ad-san qazanmaq, müharibədən sonra bu addan istifadə etmək niyyətində də ola bilər. Bu isə çox pisdir.
HƏTTA MƏHƏBBƏTDƏ DƏ SAF NİYYƏT
Həzrət (ə) buyurur: «Ey Cündəb oğlu, dostluğun və düşmənçiliyin Allah xatirinə olsun». Yə᾽ni əməl və rəftarından əlavə qəlbinə aid olan sevgi və ikrahın da Allah üçün olsun. Dostluq və düşmənçiliyinlə Allahın razılığını qazan.
Bəli, bu olduqca çətin işdir. Amma insan elə bir kamillik mərtəbəsinə çatmalıdır ki, onun sevgisi və kini ilahi rəngə boyansın. İnsan istər dostluq, istərsə də düşmənçilik edərkən Allahı unutmamalıdır. Bu mərtəbəyə Allahın yardımı olmadan çatmaq qeyri-mümkündür. Çox az insanlar bu məqama nail olmuşlar. Amma bu o qədər uca məqamdır ki, ona çatmaq üçün min bir əziyyətə qatlaşmağa dəyər.
Məhəbbətin Allah xatirinə olması o demək deyil ki, insan Allahdan başqasını sevməməlidir. İnsan öz ata-anasını, ailə-övladını, vətənini sevə bilər və sevməlidir. Amma bütün bu sevgilər böyük bir məhəbbətin işığına möhtacdır və bu, ilahi məhəbbətdir. «İsra» surəsinin 23-cü ayəsində buyurulur: «Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılığı buyurmuşdur». «Loğman» surəsinin 14-cü ayəsində isə belə buyurulur: «Biz insana ata-anasına yaxşılıq etməyi tapşırdıq». Ərlə arvad, dostla qohumlar arasındakı məhəbbət də insanı Allaha yaxınlaşdırmalıdır. İnsan Əhli-beyti də Allaha görə sevməlidir. Allah-təala Əhli-beyt sevgisinə işarə ilə buyurur: «(Ya Peyğəmbər) De ki, mən sizdən təbliğimin müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm»1. Əgər Allah Əhli-beyti sevməsəydi, bəndələrin Əhli-beyti sevməsinə ehtiyac qalmazdı.
«Mö᾽minin qəlbi Rəhmanın ərşidir» buyuruğu haqqında danışdığımız məhəbbətə nail olmuş insanlara aiddir. Qəlbində min bir nəfs istəyi tüğyan edən insan bu məqamdan necə də uzaqdır!
ALLAHA SIĞINMAQ
Ayətəl-kürsüdə oxuyuruq: «Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə qırılmaz ipdən yapışıb»2. «Loğman» surəsinin 22-ci ayəsində buyurulur: «Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə o artıq ən möhkəm ipdən yapışmışdır». Dilimizə «qırılmaz, möhkəm ip» kimi tərcümə olunmuş söz Qur᾽anda «urvətül-vusqa» kimi ifadə olunmuşdur. Burada maraqlı bir nöqtə vardır. İnsan nə zaman yapışmaq üçün bir şeyə əl atır? Adi halda olan insan buna cəhd edirmi? Sözsüz ki, yalnız yıxılmaq, yuvarlanmaq təhlükəsi ilə üzləşmiş insan nədənsə yapışıb özünü xilas etmək istəyir.
Qur᾽an həmin ifadəni işlətməklə insanların nəzərinə çatdırır ki, onlar daim süqut etmək təhlükəsi ilə üzbəüzdürlər. Ey insan, sən yerlə göy arasında təhlükədə qaldığın an ayaqların altında odla dolu cəhənnəm adlı bir dərə ağzını açmışdır. Bu əbədi oddan qurtulmaq üçün sənin bircə çıxış yolun var: Allahın «qırılmaz ipindən» yapışmaq!
Yalnız özünü daim təhlükədə bilən və çıxış yolunu Allaha üz tutmaqda görən insan Allaha təslim ola bilər. Məhz bu məqamda insan aciz bir halda yalvarır: Allahım, məni qoru…
Təbii ki, qeyd olunmuş halda olan insan öz əməllərinə diqqətli olacaqdır.
«Ürvətül-vusqa»nın oxşarı olan digər bir Qur᾽an ifadəsi də vardır: «İ᾽təsimu bihəblillah». Bu ifadə ilə «Ali-imran» surəsinin 103-cü ayəsində rastlaşırıq: «Hamınız bir yerdə Allahın ipindən möhkəm yapışın və parçalanmayın». «İ᾽tisam» «yapışmaq» kimi tərcümə olunsa da əslində «sığınmaq», «pənah aparmaq» mə᾽nasını verir. İnsan dünya və axirət çətinliklərindən qurtarmaq üçün yalnız Allahdan kömək ala bilər. Bu ehtiyacı anlayan insan Allahın ətəyindən yapışacaqdır.
Şeytan yalnız Allahı unutmuş insana yol tapır. Özünü təhlükədə hiss edən insan isə Allahı unuda bilməz. Daim bu düşüncədə olan insan İslamda xüsusi qeyd olunan «yəqin» məqamına çatır. Əbədi cəhənnəmin mövcudluğuna yəqini olan insan çıxış yolunu Allaha pənah aparmaqda görür. Yəqinə çatmış insanın qəlbi imanla dolu, əməlləri saleh olur.
Ya Rəbb, belə bir ali məqama çatmaq üçün bizə kömək ol.
Dostları ilə paylaş: |