MƏRİFƏT VƏ ME’YAR
İnsan bir dəfəyə yüksək təkamül mərtəbəsinə çata bilməz. Çünki bu iş nəfsin tərbiyəsi yolu ilə mümkün olur. İslam cəmiyyətində insan onun mərifət və düşüncəsinə uyğun tərbiyə oluna bilər. Mərifətdən asılı olaraq tərbiyələr də fərqlənir.
Hamı bilir ki, Allaha yaxınlıq niyyəti ilə qılınan namaz namazın düzgün formasıdır. Amma bütün müsəlmanlar bu səviyyədə namaz qıla bilərmi? Bu olduqca çətin işdir. Çünki insanlar mərifət və agahlıq baxımından müxtəlif səviyyədədirlər. Məsələn, doqquz yaşlı qızdan ixlas gözləmək sadəlövhlük olardı. Uşağı namaza həvəsləndirmək üçün onu başqalarının yanında tərifləmək də olar. Belə bir iş uşağın niyyətinə pis təsir göstərsə də başqa çıxış yolu yoxdur. Uşağın vaxtında namaz qılması kifayətdir.
Kantın fikrincə, əxlaqi hərəkət yalnız əql və vicdanın hökmü ilə gerçəkləşir. Əgər əməllərimizi Kantın süzgəcindən keçirsək çox cüzi hərəkətin belə bir xarakterdə olduğunu müşahidə edərik. Amma İslamda əxlaqi hərəkətlərin xarakter müxtəlifliyi göz qabağındadır. Kantın fikrincə, insan yalnız vicdanın hökmü ilə cihada gedə bilər. Amma İslamda cihad dini bir vəzifədir və ibadət hesab olunur. Əslində cihada gedənin məqsədi Allahın razılığını qazanmaq olmalıdır. Bəs əslində necədir? «Fəth» surəsinin 20-ci ayəsində buyurulur: «Allah sizə çox-çox qənimətlər və’d etmişdir». Ayədən həvəslənərək qazanc dalınca cihada gedənlər də az olmayıb. Bu hərəkətdə me’yar maddiyyatdır. Biz uşağı namaza həvəsləndirmək üçün ona oyuncaq vəd edirik. Dünyanın əksər cəmiyyətlərini uşaq xasiyyətli böyüklər təşkil edir. Bu insanları şirin vədlərlə doğru yola çəkməkdən savayı çıxış yolu yoxdur. Əlbəttə ki, insanı kamillik məqamında görmək istəyən Allah insandan əql və vicdandan doğmuş ali niyyətlər tələb edə bilərdi. Görəsən, bəşəriyyətin neçə hissəsi bu tələbə cavab verərdi? Amma Allahın mərhəməti genişdir. Bu mərhəmət bütün bəşəriyyəti əhatə edir.
Əlbəttə ki, tamah məqsədi ilə cihada gedənlər qınanır; «Siz puç dünya malını istəyirsiniz. Allah isə axirəti qazanmağınızı istəyir»1. Ən böyük niyyət olan axirət fikrinin də mərtəbələri vardır: əzab qorxusu, behişt nemətləri, Allahla görüş. Allahı razı salmaq, Onunla görüş agah və imanlı insanların zövqüdür. Bəs bu zövqdən məhrum olanlar kimə sığınmalıdırlar? Əgər bir insan cəhənnəm əzabının qorxusundan həqiqətə qul olub, hətta canından keçirsə bunun nəyi pisdir?!
Beləcə, İslam dini insanlarla onların səviyyəsinə uyğun rəftar edir. Allah tərbiyəni yalnız Səlman və Əbuzər üçün qərar verməyib. Hər kəs İslam tərbiyəsindən öz mərifətinə uyğun bəhrələnməlidir.
Dostları ilə paylaş: |