SAĞLAM TƏHSİL – SAĞLAM GƏLƏCƏK1
Doç. Dr. Məlahət ABDULLAYEVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti,
Riyaziyyat və İnformatika fakültəsi, azeriteacher@yahoo.com
ÖZET
Azərbaycanda 2014-2015-ci tədris ilindən ümumtəhsil məktəblərində "Sağlam Təhsil–Sağlam Millət" layihəsinin tətbiqinə başlanmışdır. Layihənin məqsədi şagirdlərin sağlamlığının qorunması və təhsil nailiyyətlərinin yüksəldilməsindən ibarətdir. Pilot layihənin tətbiqinə öncə Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil müəssisələri başlamışdır. Bəs belə bir layihənin reallaşmasına hansı səbəbdən ehtiyac yaranmışdır?
XXI əsrdə məktəb xəstəlikləri kimi tanınan görmə qabiliyyətinin zəifləməsi, qamətin əyilməsi, uşaqların sinir-psixi inkişafında müəyyən problemlərin əmələ gəlməsinin tez-tez şahidi oluruq. Uşaqların daha çox oturaq həyat tərzində təhsil almaları onların sağlam inkişafına mənfi təsir göstərir.
Təhsil Nazirliyinin sifarişi ilə Azərbaycan Tibb Universitetinin əməkdaşları tərəfindən 2500 uşaq əhatə olunmaqla müayinələr aparılmış və müəyyən edilmişdir ki, uşaqların məktəbdə təhsil aldığı illərdə onların fiziki sağlamlığında müəyyən dəyişikliklər baş verir. Məsələn, məktəbi bitirən uşaqların 45 faizində görmə qabiliyyətinin zəifləməsi, 40 faizində qamət problemləri müşahidə olunur. Bununla bağlı dünya üzrə statistikaya görə, uşaqların yalnız 2-15 faizi məktəbi tam sağlam bitirə bilir. Bütün bu problemləri nəzərə alaraq, məktəbi bitirən uşaqların psixi, fiziki və sosial baxımdan daha sağlam böyümələri üçün Təhsil Nazirliyi tərəfindən "Sağlam Təhsil" sinifləri yaradılmışdır. Layihəyə başlamazdan əvvəl bu siniflərdə dərs aparacaq müəllimlər xüsusi təlimlərə cəlb edilib və layihənin tədris metodikasını öyrəniblər. Eyni zamanda valideynlərlə görüşlər təşkil edilib və onlar layihə ilə bağlı maarifləndiriliblər.
"Sağlam Təhsil" siniflərində tədris şəraiti və uşaqların sağlamlığı həkimlər tərəfindən daim diqqət mərkəzində saxlanılır. Onlar uşaqların parta arxasında düzgün oturmasına, işıqlandırmaya və sağlamlığına təsir edən digər proseslərə diqqət edir, dərsdə yorulma hallarının qarşısının alınması üçün idman hərəkətlərinin, gözlər üçün təmrinlərin yerinə yetirilməsinə nəzarət edirlər.
"Sağlam Təhsil" layihəsi uşaqların fiziki cəhətdən sağlam böyüməsinə, idrak prosesinin inkişafına, estetik zövqünün düzgün formalaşmasına kömək etməklə yanaşı, onların tədrisdə yüksək nailiyyətlər əldə etməsinə müsbət təsir göstərəcək. Bu gün də ölkəmizdə “Sağlam Təhsil-Sağlam Millət” layihəsi uğurla həyata keçirilir. Layihənin əsas məqsədi təhsil alanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaq və sağlam gələcək nəsil yetişdirməkdir.
Dostları ilə paylaş: |