17.MƏNFƏƏT VƏ RENTABELLİK
1. Mənfəət anlayışı
Müəssisənin istehsal fəaliyyətinin əsas göstəricisi mənfəətdir, onu qazanmaq naminə o, bütün imkanlarını onun alınmasına yönəldir.
Mənfəət müəssisənin istehsal – təsərrüfat fəaliyyətini xarakterizə edən ümumiləşdirici göstəricilərindən biri olub, onun xalis gəliri formasında çıxış edir. Mənfəət əmtəəlik məhsulu (işin, xidmətin) satışından əldə edilən ümumi gəlirin bir hissəsidir; istehsala çəkilən bütün xərcləri həmin gəlirdən çıxdıqdan sonra əmələ gəlir. Ona görə də eyni istehsal şəraitində satılan məhsulunun həcmi artdıqca, bazar topdansatış qiyməti yüksəldikcə və maya dəyəri aşağı düşdükcə müəssisənin də mənfəətinin məbləği artacaqdır.
Mövcud qaydaya əsasən müəssisənin əldə etdiyi mənfəətin bir hissəsi gəlir vergisi formasında dövlət büdcəsinə ödənilir, qalan hisə isə müəssisənin tam sərəncamına keçərək ondan sərbəst surətdə istifadə edilir.
Müəssisənin balans, hesablaşma və əmtəəlik məhsul istehsalından əldə edilən mənfəət növləri fərqləndirilir.
Balans mənfəəti müəssisənin bütün istehsal-təsərrüfat fəaliyyətinin nəticəsindən, istehsal və qeyri-istehsal fəaliyyətinin bütün növləri, o cümlədən realizədən kənar gəlir və itkiləri saldosu üzrə mənfəətin ümumi məbləğindən ibarətdir.
Müəssisənin hesablaşma mənfəəti gəlir vergisi və bank kreditlərinin həcmi qədər balans mənfəətindən azdır.
Əmtəəlik məhsul istehsalından əldə edilən mənfəətin məbləği məhsulun bazar topdansatış qiyməti ilə onun tam maya dəyəri arasındakı fərqi xarakterizə edir. Ondan məhsul vahidinin rentabellik səviyyəsini müəyyən etdikdə istifadə edilir.
Məhsulun həcminin artırılması, maya dəyərinin aşağı salınması, strukturunun təkmilləşdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması, qeyri-məhsuldar xərclərin və hər cür itkilərin aradan qaldırılması, istehsalın rentabellik səviyyəsinin yüksəldilməsi, maddi-enerji resurslarına çəkilən xərclərin azaldılması, yeni texnika və texnologiyanın istehsalata tətbiq edilməsi və bunun da əsasında onun səmərəliliyinin yüksəldilməsi mənfəətin artırılması amilləridir.
İstehsalın rentabellik səviyyəsi müəyyən vaxt (məsələn, rüb, il) dövründə müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin mənfəətliliyini (yaxud ziyanlığını) xarakterizə edir. İstehsalın rentabellik səviyyəsinin yüksəldilməsi nəticəsində müəssisənin əldə edəcəyi illik mənfəətin məbləğini təyin etmək üçün plan ilində buraxılacaq məhsulun həcmini istehsalın plan və bazis rentabellik səviyyəsinin fərqinə vuraraq, 100%-lə bölərək tapırlar.
Maddi-enerji ehtiyatlardan səmərəli istifadə istehsalın mənfəətliliyinin təmin olunmasında mühüm rol oynayır.
Mənfəət bazar münasibətlərinin kateqoriyası kimi aşağıdakı funksiyaları yerinə yetirir:
- firmanın fəaliyyəti nəticəsində əldə edilmiş iqtisadi səmərəni xarakterizə edir;
- firmanın maliyyə resurslarının əsas elementidir;
- müxtəlif səviyyəli büdcələrin gəlir hissəsinin formalaşmasının mənbəyidir.
Zərər də müəssisənin fəaliyyətində müəyyən rol oynayır. O, maliyyə vəsaitlərindən istifadə, istehsalın təşkili və məhsulun satışı istiqamətində müəssisənin uğursuzluqlarını göstərir.
Müəssisə və istehsal firmalarında mənfəətin öz kəmiyyətinə, iqtisadi məzmununa və funksional təyinatına görə dörd göstəricisi formalaşır. Bütün bu hesablamaların bazasında müəssisənin istehsal-təsərrüfat və ya firmanın istehsal – kommersiya fəaliyyətinin əsas göstəricisi olan balans mənfəəti dayanır. Verginin hesablanması üçün xüsusi göstərici – ümumi mənfəət, bunun əsasında isə vergi tutulan və vergiyə cəlb edilməyən mənfəət hesablanır. Vergilər və büdcəyə digər ödəmələr edildikdən sonra balans mənfəətinin qalan hissəsi xalis mənfəət adlanır. O, müəssisənin fəaliyyətinin son maliyyə nəticəsini xarakterizə edir.
Balans mənfəətinə üç əsas element:
a) məhsulun reallaşdırılmasından, işlərin yerinə yetirilməsindən, xidmətlərin göstərilməsindən, mənfəət (zərər);
b) müəssisənin əsas vəsaitlərinin və digər əmlakının reallaşdırılmasından daxil olan mənfəət (zərər);
c) reallaşdırmadan (satışdan) kənar əməliyyatlarının maliyyə nəticələri daxildir.
Dostları ilə paylaş: |