Əmək haqqının nominal, real, orta aylıq, minimum növlərini fərqləndirirlər.
Nominal əmək haqqı–müəyyən iş dövrü ərzində işçilərin sərf etdikləri əməyin kəmiyyət və keyfiyyətinə uyğun olaraq pul və ya natura şəklində ödənilən əmək haqqıdır; hesablanmış (bütün çatası məbləğ) və ələ verilən əmək haqqı (vergilər çıxılmaqla) fərqləndirilir. Əməyə görə bölgü prinsipi öz ifadəsini nominal əmək haqqında tapır.
Real əmək haqqı–maddi nemətlərdə və xidmətlərində ifadə olunan əmək haqqının miqdarıdır. Real əmək haqqının artımı nominal əmək haqqının əmtəələrin qiyməti və xidmətlərin tarifi indeksinə nisbəti ilə müəyyən olunur. Bu zaman əmək haqqından tutulmuş vergilərin məbləği çıxılır.
Orta aylıq əmək haqqı–müəssisənin hər bir işçisinə görə hesablanan əmək haqqının miqdarını səciyyələndirir. Orta aylıq əmək haqqı fondunu muzdlu işçilərin sayına bölməklə müəyyən edilir.
Minimum əmək haqqı–bütün işləyənlər üçün dövlət tərəfindən müəyyən vaxta qəbul edilmiş minimum əmək haqqıdır. Minimum əmək haqqı istehlak qiymətləri indeksinin artması ilə əlaqədar mütəmadi olaraq yenidən baxılır.