abdullayevagulnare1@gmail.com
(051) 492-00-20
SAKİT MƏMMƏDOVUN YARADICILIĞINDA QADIN DÜNYASI
Gülnarə Abullayeva Bayram qızı ADRA , Sənətşünaslıq fakültəsi, İncəsənət əsərlərinin bərpası və ekspertizası, magistr, II kurs
Elmi rəhbər: Sənətşünaslıq üzrə fəlsəfə doktoru., dos., Məlikova.Ş.Y
Açar sözlər: Sakit Məmmədov, rəssam, əsər, rəngkarlıq, qadın obrazları, opalizim.
Kлючевое слово: Сакит Мамедов, художник, произведение, живопись, тема женщина, опализим.
Key words: Sakit Mammadov, аrtist, work, painting, the theme of woman, оpalizim.
Azərbaycan rəssamlıq sənəti tarixində öz dəsti-xətti ilə seçilən "Opalizim" üslubunun banisi, akademik rəssam Sakit Məmmədovun yaradıcılığı nəinki Azərbaycan həm də dünya sənətsevərlərinə çox gözəl tanışdır. YUNESKO Rəssamlar Assosasiyasının üzvü, Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professor və akademiki, Almaniya Akademiyasının professoru, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Sakit Məmmədov dəfələrlə Azərbaycanda, daha sonra ABŞ-da, Fransada, Belçikada, Rusiyada, İsveçdə, Türkiyədə fərdi sərgilər keçirmiş, dünyanın çox ölkələrində-Almaniya, Avstriya, Belarusiya, Türkiyə, Avstraliya, Rusiya, Polşa, Fransa, İtaliya, Belçika, Sinqapur, Misir, Tatarıstan, Koreya və Çindəki möhtəşəm qalereyalarda, auksionlarda və sərigi salonlarında Azərbaycanı müntəzəm olaraq təmsil etmiş, Azərbaycan və ümumdünya miqyasında çoxlu sayda dəyərli mükafatlar almışdır.
Dünya mədəniyyətinə verdiyi töhvələrə görə Azərbaycanda yeganə "Leonardo da Vinçi" mükafatçısı, Rusiyada nüfuzlu "Minilliyin adamı" seçilmiş Sakit Məmmədovun yaradıcılığı çox şaxəlidir. Rəssamın yaradıcılığında mənzərə janrında əsərlər, müxtəlif mövzulu fəlsfi, bədii kompozisiyalar, çoxlu sayda realist və öz fantaziyasının məhsulu olan portretlər görmək olar. Ümumiyyətlə, Sakit Məmmədov dünyada portret ustası kimi tanınmaqdadır. O, həm də dunya və Azərbaycan rəngkarlığına yeni opalizm uslubunu gətirmisdir .
Opalizm akademik rəssam Sakit Məmmədov tərəfindən özülü qoyulmuş bir məktəbdir. Opalizm sözünün etimologiyası opal daşından götürülüb. Mənası gözqamaşdıran, valehedici görünüş, qiymətli daş kimi tərcümə edilən bu mineral daş növü özündə birləşdirdiyi rənglərlə yalnız zərgərlik məmulatı kimi deyil, müalicəvi, fövqəladə və ilhamlandırıcı xüsusiyyəti ilə minillərdir ki, insanların zövgünü oxşamaqdadır. Opalda mövcud olan isti rəng çələngi Sakit Məmmədovun hələ gənclik illərindən böyük rəğbətini qazanıb. Təsadüfi deyil ki, daşda olan rəng oyununa onun demək olar, bütün yaradıcılıq nümunələrində rast gəlinir. Rəssamın əsərlərində opalın daha çox nəcib, alovlu yaxud bolder, hidrofan növündəki rəng çalarlarını görmək mümkündür. Düzdür, opal rəssamın yumşaq yaxma ilə yaratdığı əsərlərində daş növü kimi deyil, əlbisələrdə, baş geyimlərində, qadın zinət əşyalarında və s. formalarda təzahür edir. Yəni, opal rəssamın yaratdığı tablolarda yeni forma ilə üzə çıxır. Buna baxmayaraq, rəsmlərdə daşın insanda yaratdığı xoş ovqatı və müalicəvi xüsusiyyətləri hiss etmək olur. (1).
Ecaskar əsərlər müəllifi Sakit Məmmədovun rənglər dünyası çox orijinal, özünəməxsus və rəngarəngdir. Qırmızı rəngin çalarlarından rəssam elə məharətlə istifadə edir ki, bu da onun işlərinin cazibəsini daha da artırır. Bu rəngarənglik içərisində qadın obrazları diqqətimizi daha çox cəlb edir. Sakit Məmmədovun əsərlərində qadın ana, gözəllik,incəlik,zəriflik rəmzi, övlad isə mələk kimi təsvir olunur. Məncə bu da rəssamın Azərbaycan qadınlarındakı saflığa, ülviliyə olan böyük hörmət və məhəbbətindən irəli gəlir.
O, qadınları güllərlə müqayisəli, müxtəlif gözəl məkanlarda, al-əlvan rənglər dünyasında, bəzən realistik üslubda, bəzən də öz yaradıcı xəyal gücünü əlavə edərək bədii cəhətdən çox gözəl orjinal əsərlər yaratmışdır. Rəssamın "Qonşumun portreti", "Dostumun nənəsi" əsərlərində əsil azərbaycanlı ana obrazı ustalıqla təsvir edilmişdir. Biz "Qonşumun portreti" əsərində gülərüz, enerji dolu, başı al-əlvan çalmalı bir ana görürüksə, "Dostumun nənəsi" əsərində ahıl yaşda, kövrək baxışlı, başına güllü şal örtmüş nənə obrazı görürük. Bu əsərlərdə azərbaycanlı analarının saflığı, müqəddəsliyi rəssam tərəfindən çox təbii şəkildə əks olunmuşdur. Əsərdəki opalizim üslubunda işlətdiyi rənglər çox aydın və rəngarəngdir. İsti və soyuq rənglərin vəhtətindən məharətlə istifadə edən rəssam partiretlərdəki rəng həllini , ifadəlliyi ustaliqla vermişdir.
Sakit Məmmədov Türkiyənin məşhur pop super starı, müğənni və aktirisa Ajda Pekkanın, fransız musiqiçisi Patrisiya Kass və tanınmiş İtaliya aktirisası Monika Belluçinin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Bakı jurnalının təsisçisi və baş redaktoru, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın portretlərini də ustalıqla isləmişdir. (1). Realistik üslubda çəkilmiş bu əsərlərə baxanda sanki bu insanlaın ruhunu, duyğularını hiss edirsən. Rəngləri canli insan rəsimlərinə cevirən sevimli partiret ustamiz bu işləri çəkdikdə tək ustalığını deyil həm də ürəyini, güclü hissiyatını ortaya qoymuşdur. Rəssam obrazlarinin geyimlerini öz fantaziyasindan opalizm üslubunda tesvir etmişdir.Təbiyyətdən gələn yeddi: sari, yaşıl, qirmizi, göy, qara, ağ, çəhrayı rənglərin bütün çalarlarından məharətlə istifadə edən sənətkar aydin və ürək açan misilsiz rənkarliq nümunələri yaratmişdir. Bu əsərləri həmin məşhurların evlərini bəzəyir və onlar bu portretlərdən çox-çox məmnun olduqlarını bildirirlər.
Yuxarıda təhlil etdiyim əsərlərdən məlum olur ki, onun qəhramanı evdar ana, nənə də ola bilər, məşhur bir qadın da. Sadəcə burada hər şey rəssamın gözəlliyi, saflığı fərqsiz və şərtsiz hansı şəxsdə görməsindən aslıdır.O müxtəlif və maraqli insan tiplərini yaratmağı çox sevir.Qadınları isə gözəllik simvolu kimi təqdim edir.
Qadın gözəlliyi! Bu haqqda danışanda mənim yadıma Corc Bayronun "Abidos gəlini" əsəri düşür:
Gözəllik, mənalısan, sən dünündə, bu gündə!
İlahi gözəlliyin vəsfində, tərifində
Sözün acizliyindən kim şikayət etməmiş?
Kim sənə heyran qalıb başını yellətməmiş?!
Bəli, ilahi qadın gözəlliyi zaman-zaman şairlərin, yazıçıların, bəstəkarların ,heykəltaraşların, rəssamların ilham qaynağı olub. Sakit Məmmədova- da bu ilham qaynağı yad deyil. Allah tərəfindən qadınlara verilən gözəlliyin nə vaxtsa bir gül kimi solub saraldığını bilən rəssam bu gözəllikləri kətana köçürmüş, onları gözəllik və sənət vurğunlarının təqdimatına vermişdir.
Tələbəliliyimin ilk illərində Azərbaycan Muzey Mərkəzində keçirilən sərgidə bir əsərin qarşısında donub qaldım. Sərgidə baxdığım əsərlərin içərisində bu əsər məni daha çox özünə cəlb etdi. Əsərdəki obraz, gözəl kolorit məni təsirləndirmişdir. Bu əsər S.Məmmədovun üzündə niqabla təsvir etdiyi "Portret" (2012.kətan.yağlı boya.60x50 sm) əsəri idi. Sonralar mən S.Məmmədovun yaradıcılığı ilə maraqlanmağa başladım.
Onun 1999-cu ildə kətan üzərində yağlı boya texnikası ilə 60x35 sm ölçüdə təsvir etdiyi "Aktirisa" əsəri də əsrarəngizdir.Obrazdakı gözlər, dodaqlar, sima, daxili aləm bu balaca kətanda rənglərin dili ilə elə təsvir edilmişdir ki, Sakit Məmmədovun insan xilqətini dərindən duyan və dərk edən bir rəssam olduğunu görürük. Əsərdəki obrazın geyimindəki qırmızı rəng qamması, saçındakı aksesuarla, dodağındakı qırmızı boya ilə vəhdət təşkil edir. Tablonun arxa fonunun tünd olamsıyla rəssam aktirisanın üz cizgilərini, geyimini ön planda tamaşaçıya çatdırmaq niyyətində olmuşdur. Beləliklə, rəssam lirik və romantik bir obraz yaratmışdır.Onun yaratdi bu gözəl qadin portireti tamamilə öz fantasiyasının məhsuludur.
Rəssamın insanı riqqətə gətirən belə əsərləri çoxdur. 2011-ci ildə yenə də yağlı boya texnikası ilə çəkdiyi 70x50 sm ölçülü "Qarabağlı qız" əsərindəki işıq-kölgə, rənglər rəssam tərəfindən çox gözəl və təbii verilmişdir. Bu əsərə baxanda insana elə gəlir ki, bu qız indicə səninlə danışacaq. Qarabağlılara məxsus iri qəhvəyi gözlər, qara qaşlar, kipriklər, al yanaqlar S.Məmmədova məxsus rənglər aləmində insanı mat qoyur.Bənövşəyi çalmali bu qadin obrazini rəssam naturadan işləmişdir və qiz onun tələbələrindən biridir.Əsərdəki arxa fonda və qizin paltarindakı bənövşəyi boyanin açıq çalarını onun baş örtüyülə həmahənglik təşkil edir.Əsərdəki göy, ağ, yaşıl ,qırmızı,bənövşəyi rəng calarları bir arada göz oxşayir . Rəssam obrazı bəzədiyi qızılı rəngdəki aksesuarları qarabağlılara məxsus zərgərlık nümunələri formasinda təsvir etmişdir.
Qeyd etdiyimiz bu əsərlərə baxdıqca görürük ki, onun monumental şəkildə çəkdiyi "Şlyapalı qadın portreti" (2000, kətan, yağlı boya) əsəri Rus tənqitçisi Andrey Bajenov tərəfindən 500.000 dollar qiymətinə Moskvada, Monejdə heç də təsadüfi qoyulmamışdır. Onun əsərləri həqiqətən çox dəyərlidir. Çünki rəssam çəkdiyi əsərləri nəinki sevərək, ürəkdən, həm də ruhi ilə duyaraq işləyir. Əsl rəssamlıq da elə budur.
Sakit Məmmədovun qadın mövzusun da belə qiymətli tabloları çoxdur. Lakin çox zəhmətkeş və məhsuldar rəssamın qadin obrazlarını təsvir etdiyi əsərlərinin hamısının adlarını bir məqalədə çəkmək heç cür mümkün deyildir. Onun bu qəbildən olan əsərinə nümunə üçün "Alma ağacının altında", "Aktirisa", "Sara", "Lalə", "Qızıl gül", "Yay natürmortu" , "Yeni roman", "Aynur", "Nü", "Yapon qızı", "Gecənin sinfoniyası", "İstanbullu qız" , "Güzgü qarşısında", "Rayida", "İlham pərisi", "Ətirli gecə", "İtaliyalı qız" və s.əsərlərini göstərmək olar. (2), (3) Rəssam bu tablolarında qadınları əsarətdən uzaq, azad, həmçinin zərif, incə, özünəməxsus daxili aləmləri olan şəxsiyyət kimi təqdim edir.
Görkəmli sənətkarımız həm də bir çox mövzularda silsilə əsərlər müəllifidir. Onun qadın mövzusunda balerinalar, yatmış mələk, falabaxanlar, yeniyetmələr, körpələr və s. silsilə əsərləri vardır.
Rəssamın dünya çapinda yüksək mükafata layiq görülmüş "Yatmış mələk" tablosu da silsilə təşkil edən əsərlərdəndir. Sakit Məmmədov tək yatmış mələk mövzusunu iyirmi dəfə işləmişdir. Bu da yəqin ki, rəssamın bu mövzusuna tamaşaçı marağının çox olmasindan irəli gəlir. Tabloların hamısında "mələk" obrazını bağda güllər içərisində , ağaçlar arasında, təbiyyət qoynunda istirahət edərkən təsvir etmişdir. Bu əsərlərin başqa bir özəlliyi isə kətanların demək olar ki, eyni düzbucaqli formsında olmasıdır.Bu obrazlar tablolardada yellənçəkdə üfüqi vəziyyətdə uzanmış halda təsvir olunmuşdur. Güllü-çiçəkli geyimlər, yatmış məsum , mələk simalı surət obrazların əsas xüsusiyyətlərindəndir. Günəş işığının üzdə əksi və isıq-kölgə münasibəti bu əsərlərə əsrarəngiz görkəm vermisdir. Rəss sehirli frçası ilə renglerin ritmik sinfoniyasını yaratmışdır.
Bu silsilə əsərlər içərisində 2013-cü ildə, 200x90 sm ölçüdə, yağlı boya ilə kətan üzərində işlədiyi "İstirahət" tablosu diqqətimizi cəlb edir. Rəssamın bu əsərində hər şey insanın mənəvi aləmini və təbiətin ahəngdarlığını açıqlamağa xidmət göstərir. Buradakı yatmış gözəl ülvi və saf görünüşü ilə sanki bir mələkdir. Arxada bağı xatırladan mavi fonda ağaclar üzərində quşlar, meyvələr təsvir olunmuşdur .Burada sarı, qırmızı, yaşıl, göy rənglərin, təravətli gözəl yaxmaların titrəyişi yüksək ahəngdarlıliq, emosianlılıq verir. Əsərdə istirahət edən gözəl bənövşəyi rəngdə, üzərində yaşıl yarpaqlı narıncı, sarı, qırmızı güllər olan donda təsvir edilmişdir. Başında opal daşlarını xatırladan əlvan rəng çalarlarından ibarət baş çalması, sinəsində isə həmin rənglərdə daşlardan ibarət silsilə yaxa bəzəyi vardır. Qızın uzandığı yellənçəyin üzərində zolaqlı, əlvan rənglərdən ibarət milli palazımızı işləməklə rəssamın azərbaycançılığa sadiqliyini görmək olar. Rəssam bütün bu rəngləri təbiətlə həmahəng şəkildə işləmişdir. Belə ki, bu canlı rəng koloritinin zənginliyində insan özunu həqiqətən təbiətin ağuşunda hiss edir, qusların səsini, baharın nəfəsini duyur, yatmış mələyi xatırladan ülvi gözələ tamaşa edərək mənən dincəlir.Tablodakı sağ və sol tərəfdəki sarı boyalar əsərə işıq gətirməklə həmdə rənglərin tarazlığını qoruyur.
Sakit Məmmədovun silsilə şəklində işlədiyi yeniyetmə qız obrazları da diiqətə layiqdir . Bu yeniyetmələr şıltaq, dəcəl, eyni zamanda özgüvənlidir. Rəssam eyni surətləri ayrı-ayrı rəng həlləri ilə, ayrı-ayrı məkanda, bədii cəhətdən maraqlı bir şəkildə dəfələrlə təqdim etsə belə, bu işlər insanı yormur və hər dəfə bir başqa cür zövq verir.
Tamaşaçı şıltaq, yeniyetmə qız obrazlarına baxanda qayğıkeş bir atanın məhəbbətini hiss edir, çünki Sakit Məmmədov gözəl rəssam olmaqla yanaşı çox diqqətcil və mehriban atadır. Elə bu səbəbdən onun qız uşaqlarının təsvirləri olan tabloları daha təsiredici xarakter daşıyır. Məhz içdən gələn səmimmiyət rəssamın əsərlərini maraqlı və baxımlı edir. Bu əsərləri görkəmli fırça ustası müxtəlif zamanlarda təsvir etmiş və bu tablolara tamaşaçılar tərəfindən hələdə təlabat olduğunu bidirir.
"Şahzadə", "Gül baxçası", Neftçala", "Yay", "Rəssam və model", "Tütəkçi", "Qara qız", "Qızıl balıq", "Mən indi gəlirəm", "Yuxu" və s. bu silsilədən olan əsərlərdir. (2), (3).
S.Məmmədov belə əsərləri təkcə kətan üzərində yağlı boya ilə deyil, bəzən də pastel texnikası ilə qrafik uslubda işləmişdir. Bu tablolarda aydın rəng həlli məharətlə verilmiş və təbii halda işlənmiş işıq-kölgə rəssamın fitri istedadının gösdəricisidir.
O, yeniyetmə qızı çox vaxt hörüklərlə, bir tay corabda və ya taykeş corablar ilə, bir hörüyü açılmış vəziyyətdə, tütək çalarkən, gül sulayarkən, yelləncəkdə istirahət edərkən, kitab oxuyarkən, səhər vaxtı, rəsm çəkərkən və s. zaman və məkanlarda yüksək yaradıcılıqla təsvir etmişdir.
"Mən indi gəlirəm" əsərində rəssam yeniyetmə bir qızın utancaq və dəcəl görünüşünü, duş kabinəsinin parla və su damcıları ilə örtülməsini çox ustalıqla işləmişdir. Burada tamaşaçı isti bir ailə ortamında gecikən bir qızın sanki səsini eşidir:
- Mən indi gəlirəm.
Bu əsər şaquli istiqametde, dinamik kompozisiya quruluşuna malikdir. Rəssam ele bir süjet seçmişdir ki, burada balaca qızın hiss və həyəcanı eyni zamanda ifadə olunub. Tablodakı formanın ekspressiyası, xətlərin plastik ritmi kompozisiyanın məğzini təşkil etmişdir. Bu əsərin koloriti digər əsərlə nisbətdə soyuq, pastelni tonlarda verilməsinə baxmayaraq hər şey aydın və şən görünür. Soyuq və isti rəngləri olduğu kimi və boyaları kəskin şəkildə qarşılaşdırmaq meylində olan rəssam mülayim sönük rənglər qammasında da gözəl əsərlər yaratmışdır.
Sevimli rəssamımız belə əsərlər ilə tamaşaçıya müsbət emossiya ötürür.
S.Məmmədov öz əsərlərində körpə qızları da unutmamışdır. O, uşaqların simasındakı saflığın, təmizliyin vurğunudur. Məsələn, rəssamın 1997-ci ildə çəkdiyi "Küsmüş mələk", 2010-cu ildə çəkdiyi "Küsəyən" körpələrə aid olan silsilə əsərlərindəndir. Körpə fidanların zərif ruhunu incə detallarla insanlara çatdıran sənətkar onları nə qədər sevdiyini bu əsərlərdə göstərmişdir. Toppuş ayyaqlarını qucaqlayan "Küsmüş mələk" başını dizlərinə söykəyərək könlünü alanı gözləyir. Onun kiçik əllərinə, ayaqlarına baxanda qeyri-ixtiyari gülümsəyirsən. "Küsəyən" isə həmin tərzdə oturmuş, ayaqlarına özündən böyük tərliklər geyinmiş, başında şlyapası o qəder şirin görünüş almışdır ki, dil ilə təsvir etmək mümkün deyil. Bütün bunları sənətkar öz sehirli fırçası ilə incə boyalar ilə "Küsmüş mələy"i gecənin, "Küsəyən"i isə gündüzün fonunda işləmişdir." Küsmüş mələy" əsərində rəssam açıq tonlu, boz rəngin çalarlarından istifadə etmişdir. Səmada ayı təsvir edən sənətkar gecənin sərinliyini lirik bir şəkildə təsvir etmişdir."Küsəyən" tablosu isə soyuq mavi fonda işlənsə də körpənin şilyapasının ətrafında təsvir olunan sarı ,qırmızı rəng qammaları günəşin qzmarlığından xəbər verir. Rəssam belə əsərlərlə tamaşaçıların ruhunu qidalandırır, qəlbini oxşayır. Mənə belə gəlir ki, ən zalım insan bu körpələrin təsvirinə baxanda bütün pis əməllərindən əl çəkər.
Qadın obrazları Sakit Məmmədovun əsərlərində kompozisiya janrında da öz təcəssümünü tapmışdır.
"Səhnə arxası", "Sabah haqqında söhbət", "Nişana gedənlər", "Yeddi gözəl", "Balerinalar", "Bayram", "Fala baxanlar", "Səhnəyə hazırlıq", "Dedi-Qodu", "Qırmızı rəqs", "Məşq" və s. belə əsərlərdəndir. Fəlsəfi səpkidə sujet xətti olan bu əsərlərdə qadınlar müxtəlif mərasimlərdə, müxtəlif obrazlarda təsvir olunmuşdur. Azərbaycanın milli adət ənənələri bu kompozisiyaların bir çoxunun əsas məğzini təşkil edir.
Sakit Məmmədovun Fransa "Opera" Qalereyası tərəfindən dünyada sərgilənən kompozisiya janrındakı silsilə balerina tabloları içərisində mənim diqqətimi "Səhnə arxası" əsəri cəlb etdi. Rəngarəng buludlar arasındakı balerinalar sanki, göy üzündəki mələklərdir. Bu əsərdə qadın zərifliyi rəssamın bütün əsərlərindəki kimi al-əlvan rənglər toplusu içərisindədir. Bu əsərin imzası olmasa belə harada tamaşa etsən S.Məmmədova məxsus olmasını anlayarsan.
Qadın dünyasını hər əsərdə yeni çalarlar, dəyişik fantaziyalar aləmində verən rəssam sübut etməyə çalışır ki, tanrının təbiətə bəxş etdiyi rənglərdən savayı yeni bir çalar icad etməyib. Ancaq o bu rengləri elə ahəngdar, elə ritmik, elə aydın işləyir ki, bu tərz insanda ruh yüksəkliyi, həyat eşqi yaradır. Bəli, görkəmli Azərbaycan rəssamı Sakit Məmmədovun öz hisslərini, duyğularını, sevgisini yansıtdığı bu rənglər dünyasına tamaşa etdikcə bu qənatə gəlirsən ki, rəssam öz qaynar enerjisini, sevgisini insanlara ötürür, onları xoşbəxt etmək istəyir.
Türkiyədəki bir sərgidə onun rəngarəng əsərlərini görən İstanbulun bələdiyyə başkanı Bədrəddin Dalan S.Məmmədova müraciət edir ki, "Sakit sənin hecmi dərdin yoxdur? Sənin əsərlərinin hamısı adamın üzünə gülür". Rəssamımız ona cavabında deyir:
- "Var. Mən dərdimi kətana çəkmirəm, özüm çəkirəm. Onsuzda insanların problemləri başından aşır"
Doğrudan da S.Məmmədov vətən övladlarının dərdinə heç də laqeyid insan deyil. Onda bir xeyriyyəçilik ruhu var.
1992-ci il 26 fevralda Xocalı faciəsində ata-anasını itirən və özü də bədəninə, üz-gözünə saysız-hesabsız qəlpələr dolmuş bir qızcığazı elə həmin ildə, imkansız bir vaxtında, çətinliklə, dostu olan bir həkimin yanina, Türkiyəyə apararaq kosmetik əməliyyat etdirmişdir.
Bədəni qəlpələrlə dolmuş bir qızın portretini çəkməkdənsə, onu müalicə etdirmişdir. Onun yeni həyata başlamasına təkan vermişdir. Bu da S.Məmmədovun özəlliyidir.
Yaradıclığının çiçəklənmə dönəmində yaşayıb, yaradan sənətkar yorulmaq bilmədən işləyir. O, gecələri gündüzə qataraq çalışır.Azərbaycan mədəniyyetinə yeni inciler verir. Men inanıram ki,əsirlər,qərinələr keçəcək yeni nəsillər onun necə parlaq,dahi sənətkar olmasını təstiqləyəcək və ondan örnək götürəcəklər.O,xoşbəxt rəssamdır ki,sağlında həmişəyaşarlığını bilir.
Müasirimizin, dəyərli və istedadlı sənətkarımızın Bakıda hazırda öz zəhməti ilə qurub yaratdığı ev muzeyi fəaliyyət göstərir. Burada onun dünyanın müxtəlif muzeylərində və kolleksiyalarında saxlanılan işlərinin kopyası və 170 adda orjinal əsərləri sərgilənir. Azərbaycan tamaşaçıları ilə yanaşı bu muzeydə dünyanın bir çox tanınmış şəxsləri də olmuşdur. Onun rənglər dünyasına daxil olmaq üçün bu muzeyi görmək kifayətdir.
Xülasə
Məqalədə əməkdar rəssam Sakit Məmmədovun portret janrında yaratdığı "qadın obrazları"ndan bəhs olunur. Həmin əsərlərdə istifadə olunan "opalizm" üslubunun xüsusiyyətləri, rəssamın özünəməxsus rəng həlli, təsvir olunmuşdur. Məqalədə "Aktrisa", "Qarabağlı qız", "Aida", "Yatmış mələk", "Mən indi gəlirəm", "Küsəyən" və "Səhnə arxası" əsərləri təhlil olunmuşdur.
Резюме
В статье речь идёт о женских образах в портретном жанре заслуженного художника Сакита Мамедова. В его произведениях описаны особенности его стилья опализм и его своеобразное цветовое решение. В статье проанализированы работы "Актриса", " Девушка из Карабаха", "Аида", "Спящий ангел", "Я сейчас приду", " Восприимчивый " и "За кулисами".
Summary
The article of the honoured painter Sakit Mammadov deals with female images in portrait genres. The characteristics of his oppalism style and the artist's unique colour solutions have been described in his works. The article analyses the paintings "Actress", "The girl from Karabakh", "Aida", "Sleeping angel", "I am coming now", "Susceptible" and "Backstage".
Ədəbiyyat
1. "Sakit Məmmədov.55" sərgi kataloqu., Bakı- “Şərq-qərb" nəşriyyatı-2013.
2. "Sakit Məmmədov" kataloq., İstanbul-Türkiyə nəşriyyatı-2006.
3.https://az.wikipedia.org/wiki/Sakit_M%C9%99mm%C9%99dov_(r%C9%99ssam)
Dostları ilə paylaş: |