"E.ə. l minillikdə irandilli tayfalar və xalqlar bizim ölkəmizin (keçmiş SSRİ-nin) - Çin sərhəddindən Dunay çayına qədər geniş ərazilərində məskun idilər (158.3).
Yuxarıda əsərlərindən sitatlar təqdim etdiyimiz müəlliflərin hamısı sözüge-dən etnik qrupları irandilli hesab etməklə yanaşı, onların qohum olduqlarını və Avrasiyanın geniş ərazilərində məskun olduqlarını təsdiq etmişlər. Bizim üçün önəmli olan da elə budur. O ki, qaldı həmin xalqların irandilliliyinə bunun belə olmadığını, söhbətin bilavasitə türk etnosundan getdiyini irəlidə görəcəyik. Əslində isə yuxarıda kimmerlərin və sekellərin (skolotların) dili barədə söylədiyimiz arqumentlər bu cəfəng fikirlərin üzərindən birdəfəlik xətt çəkmək üçün yetərlidir.
Avrasiyanın geniş ərazilərinin iskit və sak xalqlarının məskəni olduğunu digər müəlliflər də təsdiqləmişlər. Belələrindən biri də V.İ. Abayev (148.121) olmuşdur. Bütün bu müəliflər artıq yuxarıda qeyd edildiyi kimi, iskit və saklara aid edilən "heyvani üslub"un bütün bu ərazilərə səpələnmiş kurqanlardan tapılan zəngin maddi mədəniyyət nümunələrinə xas olması faktından, eləcə də Herodot da daxil olmaqla bütün antik müəlliflərin həmin mədəniyyətin daşıyıcılarını ümumiləşdirici "iskit" adı ilə adlandırması faktından çıxış etmişlər. Fəqət həmin müəlliflər həmin kurqanların xronoloji ardıcıllığını, yəni hansı kurqanların nisbətən daha qədim olması faktını nəzərə almadan, bu etnik qrupların Şərqdən Qərbə doğru yayıldıqlarını söyləmişlər. Onların belə düşünmələrinə isə Herodotun və Siciliyalı Diadorun (7.85) iskitlərin ilkin vətəni kimi Araz çayı sahillərinin adını çəkməsi və Araz çayının yanlış olaraq bəzi hallarda Volqa, bəzi hallarda isə Amu Dərya çayı ilə eyniləşdirmələri səbəb olmuşdur (55.277). Halbuki, bu halda söhbət həmişə Azərbaycandakı Araz çayından getmişdir. Bu barədə irəlidə söhbət açılacaqdır.
A.P.Smirnov iskit kurqanlarından tapılan maddi mədəniyyət nümunələrini Asiya mənşəli hesab edərək (159.43), yazmışdır:
"Buradan bir qədər şərqdə-Qazaxıstan, Orta Asiya və Altayda ümumi etnomədəni dəyərlərə sahib olan...qəbilələr məskun idilər. Məhz bu ərazilər iskitlə-rin qaynağı və Ata yurdu olmuşdur, məhz buradan onlar Şərqi Avropaya gəlmişdi-lər." (159.88).
A.İ. Terenojkin isə başqa, gercəyə daha yaxın bir fikir söyləyərək bidirmişdir ki, iskitlərin bir qismi Ön Asiyadan Orta Asiya və Sibirə getmişlər:
"İskitlər, görünür, Qara dənizin quzeyində və Quzey Qafqazda peyda olmamışdan öncə Ön və Kiçik Asiyada yaşamışlar." (160.17-18). İskitlərin və sakların Azərbaycana gəlmə olduqları barədə fikirlərin heç bir elmi və məntiqi əsası yoxdur. Birincisi ona görə ki, həm Herodot, həm də Siciliyalı Diador iskitlərin ata yurdu kimi Araz çayı sahillərinə işarə edirlər, Bu çayın isə Azərbaycandakı Araz çayı olduğunu (55.124) Herodotun öz yazdıqları sübut edir:
"Araz çayı isə öz başlanğıcını Matien dağlarından götürür... O, tək bir axarla şərqə doğru axaraq Xəzər dənizinə tökülür..." "(Farslardan, midiyalılardan, saspirlərdən...) şimalda Xəzər dənizi və şərqə tərəf axan Araz çayı yerləşir..." (60.14).
İkincisi ona görə ki, iskit-sak dairəsinə daxil olan xalqların-kimmerlərin, sakların və işquzların adlarına ilk dəfə məhz mixi yazılarda rast gəlinir və bu yazı-larda onlardan məhz Azərbaycan (Manna) və Ön Asiya sakinləri kimi söz açılır. Üstəlik də Herodotun söylədiklərindən onların Araz çayı sahilinə haradansa kənardan gəlmələri barədə bircə kəlmə belə söz deyilmir. İskit və sakların Azərbaycan ərazisinə guya kənardan gəlmələri barədə yanlış versiyanı Araz çayını Volqa və ya Amu Dərya ilə eyniləşdirənlər uydurmuşlar və sonrakı müəlliflər də ağına-bozuna baxmadan onları təkrar etmişlər. Herodot isə belə yazmışdır:
"Midiya və Lidiya şahlıqlarının sərhəddi Ərmən dağ silsiləsindən başlayaraq Kilikiyanın içi ilə axan Qalis çayıdır. Sonra isə o, sağdan matienləin, soldan isə friqiyalıların torpaqlarının arasından axır... (Böyük Midiyanın çarı aşşurlara qalib gəlib, Nin şəhərini mühasirəyə aldığı zaman), onun dövlətinin ərazilərinə Prototiyin oğlu çar Madisin başçılığı altında çoxsaylı iskit orduları daxil oldular. Kimmerləri Avropadan sıxışdıran iskitlər onları Asiyada da təqib etdilər və indi də Midiya torpaqlarına soxuldular. (Midiya və Kolxida arasında) saspir adlanan bir xalq yaşayır. Onlardan yan keçməklə Midiyaya çatmaq mümkündür. İskitlər isə Midiyaya, hər halda, bu yolla girmədilər, düz yoldan dönüb yuxarı, daha uzun yolla, Qafqaz dağlarını sağ tərəfdə qoyaraq getdilər. Elə buradaca midiyalılarla iskitlər arasında döyüş oldu. Midiyalılar məğlub oldular, onların qüdrəti itdi. İskitlər isə bütün Asiya üzərində öz hakimiyyətlərini bərqərar etdilər." (60.13-14)
Bu sözlərdən belə aydın olur ki, iskitlər sağlarında hər zaman Qafqaz dağları olmaq şərti ilə irəliləyərək Midiya torpağına daxil olmuşlar. Midiya ilə Lidiya arasındakı sərhəddin yerini nəzərə alsaq, yəni Şərqi Anadolunun Midiya dövlətinə daxil olduğunu göz önündə tutsaq, belə çıxır ki, onlar Araz çayını onun şimaldan cənuba axdığı yerdən (Qərbi Azərbaycan, yəni bugnkü Ermənistanla və Naxçıvanla Bugünkü Türkiyə arasında Araz çayı şimaldan cənuba axır, sonra istiqamətini şərqə çevirir) keçərək Anadolu ərazisinə daxil olmuşlar. Bunu Herodotun aşağıdakı sözləri də təsdiq edir: