"Saklar da kimmer və trerlər kimi bəzən uzaq, bəzən də yaxın məsafəli yü-rüşıər təşkil edirdilər. Beləcə. onlar Baktriananı (indiki Əfqanıstanın şimalı) və Ərməniyyənin (Uratu, yəni Van gölü ətrafı nəzərdə tutulur) torpaqlarının önəmli bir hissəsini tutaraq oranı öz adları ilə Sakasena (qədim Saqarta) adlandırdılar. Onlar Kappadokiyaya...qədər çatdılar." (60.24).
Strabonun yazdıqlarından bir daha belə aydın olur ki, saklara şamil edilən kimmer adı əski ənənəçilikdən qaynaqlanmışdır və həmin dövrdə söhbət bilavasitə saklardan getməlidir. Eyni zamanda o da məlum olur ki, Urartu Saqartanın (Sakasenanın) tərkib hissəsinə çevrilmişdi. Saklar faktiki olaraq Mannanın da sahibi idilər və Manna hökmdarının hakimiyyəti formal xarakter daşıyırdı. Kimmer-saklar Friqiya üçün də təhlükə mənbəyinə çevrilmişdilər.
Bir çox alimlərin fikrincə, Dayukku, haqqında Herodotun məlumat verdiyi, ilk Midiya hökmdarı adlandırdığı Deyokla eyni adamdır (183.1023). Dayukku ilə Deyokun eyni şəxs olduğunu söyləyən İ. Dyakonovun fikrincə, Dayukku Manna hökmdarı yox, Mannanın sadəcə bir vilayətinin-Midiyanın başçısı idi (132.179). Herodotun sözlərinə görə, Deyok maday (Midiya) tayfalarını birləşdirmiş və Midiya dövlətinin əsasını qoymuşdur. Bu dövlətin paytaxtı Cənubi Azərbaycanın Həmədan (Ekbatana) şəhəri idi. (1.120-121).
E.ə.710-ci ildə ll Sarqon Elama hücum etdi, Elam hökmdarı Şutruk-Naxxunte dağlara qaçdı. Onun müttəfiqi, Babil hökmdarı Marduk apla-iddina isə cənuba qaçmaq məcburiyyətində qaldı. E.ə. 709-cu ildə kimmer-saklardan qoruna bilmək üçün Friqiya şahı Midas ll Sarqona kömək üçün müraciət etdi (152.76). Fəqət kimmer-saklar o qədər güclənmişdilər ki, Aşşurun özü də onlardan çəkinirdi.
E.ə. 705-ci ildə, ll Sarqonun ölümündən sonra Babil hökmdarı Marduk-apla- -iddina Aşşurun bütün düşmənləri ilə ittifaq yaratdı. Bu koolisiyaya Elam, Yəhuda və Tir, Arad və Askalon kimi Finikiya şəhərləri daxil idilər. Fəqət bu dəfə də aşşurlar qalib gəldilər (152.74). E.ə. 700-cü ildən sonra müharibələr yenidən qızışdı və e.ə. 693-cü ildə, Aşşur hökmdarı Sinaxxeribin dövründə müttəfiqlər növbəti dəfə məğlub oldular (152.74).Məhz həmin dövrdən etibarən Manna, Urartu ilə yanaşı müstəqil və güclü Sak dövlətinin mövcud olduğunu söyləmək olar. Artıq qeyd etdiyimiz kimi, mənbələrdən sakların İşpakay, Tuqdamme və Sandakşatru kimi hökmdarlarının adı məlumdur.
Bir sözlə, bütün Ön Asiya böyük müharibələr meydanına çevrilmişdi. Və bu müharibələrdə midiyalılar da, saklar da, yəni həm kimmer-saklar (şakılar), həm də işquzlar tədricən əsas tərəflərə çevrilirdilər. Sakların Midiya ilə İttifaqda Aşşur və Urartuya qarşı eyni cəbhədə yer aldıqları, işquzların hökmdarı, Aşşur şahı Asarhaddonun kürəkəni Partatuanın isə aşşurların müttəfiqi kimi çıxış etdiyi məlumdur (1.105).
Alimləin bir çoxu haqlı olaraq, Aşşur mənbələrindəki işquzları "Kitabi Dədə Qorqud"dakı İç Oğuzla, başqa sözlə, oğuzlarla eyniləşdirmişlər (48.224;1.118; 75.122-124). Məhəmməd Hatəmi Tantəkin aşşur, yunan və qədim fars mənbələrini tutuşduraraq təkzibedilməz şəkildə sübut etmişdir ki, adına Aşşur mənbələrində "Partatua", Herodotda "Prototiy", Avestada "Tranqrasyan", Firdovsinin "Şahna-mə"sində "Əfrasiyab" kimi rast gəldiyimiz işquz (İç oğuz) xaqanı böyük Turan hökmdarı Alp Ər Tonqadır. Onu öldürmüş şəxs isə Firdovsinin İran şahı kimi qələmə verdiyi və Keyxosrov adlandırdığı Midiya hökmdarı Kiaksardır (185).
Bəzi mütəxəssislər qədim mənbələrdə işquzların həm də "sak" adlandırıl-ması faktından çıxış edərək Alp Ər Tonqanı sak hökmdarı, onun xaqanı olduğu Turan dövlətini isə iskit-sak dövləti saymışlar (55.326-329;47.241;184). Eyni fikrə Yeni Türk Ensiklopediyasında da rast gəlirik (86.Xl,4363). Camal Anadol yanlış olaraq, Alp Ər Tonqanı Partatuanın oğlu Madiy ilə eyniləşdirmişdir (184). Eyni səhvi Məhəmməd Tağı Zöhtabi və Elməddin Əlizadə də təkrarlamışlar (47.241). Gerçək isə budur ki, Alp Ər Tonqanın mixi yazılardakı adı Partatuadır və bu ad böyük türk qəhrəmanı və hökmdarının adının aşşur dilindəki cüzi təhrifi ilə ortaya çıxmışdır:
ALP ƏR TONQA
P -- AR -- TATUA
Məlum olduğu kimi, Mahmud Kaşğarlı "Divan"ında yer alan çoxsaylı şer nümunələrindən biri də Alp Ər Tonqanın ölümünə həsr edilmiş ağıdır.Nizami Xudiyev bildirir:
"Eradan əvvəl 1-ci minilliyin ortalarından etibarən ümumi türk ədəbi dilinin ünsürləri fəaliyyətə başlayır və regional türk ümumxalq dillərinin,bunun ardınca isə ədəbi dillərin formalaşmasına təsir edir.Qədim türk şerinin mükəmməl şifahi örnəkləri meydana çıxır ki, bunların müəyyən hissəsi sonrakı dövrlərdə yazıya alınmışdır.Turan hökmdarı,farslaın Əfrasiyab adlandırdıqları Alp Ər Tonqanın ölümünə həsr olunmuş ağı Mahmud Kaşğarlının divanında əks olunmuşdur: