Salam olsun İbrahimə



Yüklə 1,59 Mb.
səhifə24/49
tarix17.11.2018
ölçüsü1,59 Mb.
#84206
1   ...   20   21   22   23   24   25   26   27   ...   49

Yaralanma

Mürtəza Parsaian, Əli Müqəddəm


Bütün batalyonlar öz istiqamətlərindən irəlilədilər. Biz qarşımızdakı mövqelərdən və ətraf səngərlərdən keçməli idik. Hava işıqlananda isə iş çox çətinləşdi. Rəfaiyyə körpüsünün yaxınlığında vəziyyət mürəkkəbləşdi. Bir səngərin içindən pulemyot dayanmadan atəş açır, heç kim irəliləyə bilmirdi. Nə qədər çalışdıqsa, pulemyotun beton səngərini vura bilmədik.

İbrahimi çağırıb uzaqdan səngəri göstərdim. Diqqətlə baxıb dedi: "Yeganə yol yaxınlaşıb içəri qumbara atmaqdır".

Sonra məndən iki əl qumbarası alıb sürünə-sürünə düşmən səngərlərinə yaxınlaşdı. Mən də onun arxasınca yola düşdüm.

Səngərlərin birində mövqe seçdim, İbrahim isə irəlilədi. O, pulemyotçuya yaxın səngərlərin birində münasib bir yer tapdı. Bu zaman qəribə bir hadisə baş verdi. Oradakı azyaşlı bir Bəsic üzvü psixoloji müvazinətini itirdi, kalaşnikov avtomatını İbrahimin sinəsinə dirəyib dayanmadan qışqırmağa başladı: "Səni öldürəcəyəm, iraqlı!"

İbrahim oturub əllərini yuxarı qaldırdı. Heç nə demirdi. Hamı yerində donub qalmışdı. Həqiqətən, nə edəcəyimizi bilmirdik. Bir neçə saniyə keçdi. Düşmən pulemyotunun səsi kəsilmirdi.

Ehtiyatla sürünə-sürünə irəliləyib özümü həmin səngərə çatdırdım. Yalnız dua edib Allahdan kömək istəyirdim; deyirdim ki, dünəndən bəri düşmənlə problemimiz olmayıb, bu problemi də Özün həll elə.

Birdən İbrahim həmin Bəsic üzvünün üzünə bir sillə vurub silahını aldı, sonra da onu qucaqladı. Sanki özünə gəlmiş gənc ağlamağa başladı. İbrahim məni çağırıb gənci təhvil verdi və dedi: "İndiyə qədər heç kimin üzünə vurmamışdım, amma burada lazım idi". Sonra pulemyota doğru getdi.

Bir neçə saniyədən sonra ilk qumbaranı atdı, amma nəticəsiz oldu. Ayağa qalxıb qaça-qaça ikinci qumbaranı atdı. Bir andan sonra isə pulemyot səngəri dağıldı. Uşaqlar "Allahu-Əkbər" qışqırıb hücuma keçdilər. Mən də sevinib uşaqlara baxırdım. Birdən dönüb səngərin yanına baxdım. Gülümsədiyim yerdə donub qaldım. İbrahim qanın içində yerə yıxılmışdı. Silahımı atıb ona sarı qaçdım.

Düz partlayış anında bir güllə üzünə, bir güllə də ayağının arxasına dəymişdi. O, çoxlu qan itirmişdi və təxminən huşsuz halda idi. Qışqırdım: "İbrahim!"

Uşaqların köməyi ilə onu və digər bir neçə yaralını maşına qoyub ordunun Dezfuldakı tibb məntəqəsinə çatdırdıq.

İbrahim son mərhələsinə qədər əməliyyatda iştirak etdi, düşmənin son səngərlərini alanda yaralandı.

Yolboyu ağlayırdım, narahat idim ki, birdən İbrahim... Yox, Allah eləməsin! İbrahim əməliyyatın birinci gecəsində də yaralanmışdı, onda da bədəni çox qan itirmişdi. Bilmirdim ki, indi müqavimət göstərə biləcək, yoxsa yox.

Dezfulda həkim dedi: "Üzünə dəyən güllə möcüzəvi şəkildə boynundan çıxıb və bir yerə xəsarət yetirməyib. Ayağına dəyən güllə isə arxa sümüyünü parçalayıb. Digər tərəfdən, böyrünün yarası da açılıb və qanayır. Bu baxımdan, müalicə üçün Tehrana göndərilməlidir".

İbrahim Tehranın Nəcmiyyə xəstəxanasında bir ay müalicə olundu. Onu bir neçə dəfə cərrahiyyə əməliyyatı edib bədənindən bir neçə qəlpə çıxardılar.

İbrahim xəstəxanada verdiyi müsahibədə demişdi: "Uşaqlar bu əməliyyatdan ötrü aylarla zəhmət çəkmiş və kəşfiyyat işləri görmüşdülər. Lakin biz Allahın lüftü ilə Fəthülmübində əməliyyat keçirmədik, yalnız "ya Zəhra" şüarı ilə yürüş etdik. Orada baş verənlər həzrət Fatiməyi-Zəhranın (ə) duasının nəticəsi idi".

İbrahim həmçinin demişdi: "Səhrada uşaqları o tərəf-bu tərəfə aparanda və hamısı yorulanda səcdəyə gedib İmam Mehdiyə (ə) təvəssül etdim. Başımı qaldıranda uşaqlar artıq istirahətdə idilər, çoxu yatmışdı. Sərin meh də əsirdi. Mən mehin əsdiyi istiqamətə getdim, bir qədər irəlidə isə artilleriya düşərgəsinin ətrafındakı istehkama çatdım".

Sonda jurnalistin "Xalqa bir sözünüz varmı?" sualına İbrahim belə cavab vermişdi: "Biz bu xalqdan xəcalətliyik. Onlar öz süfrələrindən kəsib döyüşçülərə göndərirlər. Bu xalqa borcumu ödəmək üçün gərək onun uğrunda parça-parça olum".

Ayağının sümüyü sındığına görə yeriyə bilmirdi. Bir müddət xəstəxanada qalandan sonra evə getdi və təxminən altı ay cəbhədən uzaq düşdü. O, bu müddətdə məhəllə və məscid uşaqları arasında ictimai və dini fəaliyyətlər göstərirdi.


Məddahlıq

Əmir Məncər və Cavad Şirazi


İbrahim yuxarı siniflərdə oxuyarkən dostları ilə birgə İslam vəhdəti heyətini yaratmış, çoxlu dostlarına xeyir səbəbi olmuşdu. Tez-tez tövsiyə edirdi ki, dini ruhiyyəni qorumaqdan ötrü məhəllələrdə heyətlər yaradın; özü də dini söhbət orada əsas məsələ olsun.

Dostlarından biri deyir: "İbrahimin şəhadətindən illər sonra Tehran məscidlərinin birində dini işlərlə məşğul idim. Bir gün fikirləşirdim ki, uşaqları hansı yolla məscidə və dini fəaliyyətlərə yaxınlaşdırmaq olar.

Həmin gecə İbrahimi yuxuda gördüm. O, məscidin bütün uşaqlarını toplayıb "Həftəlik heyət məclisləri təşkil edib uşaqları qoruyun" – dedi, sonra da iş tərzini izah etdi.

Biz həmin işi gördük. Əvvəldə uğurlu olacağını düşünmürdük, lakin illər ötdükcə bəhrəsini gördük və indi də həftəlik heyət məclisi vasitəsilə uşaqlarla əlaqə saxlayırıq”.

İbrahimin məhəllə uşaqları ilə əlaqə vasitəsi də bu idi. O, gəncləri idmana cəlb edir, sonra heyətə və məscidə sövq edib deyirdi: "Uşaqların əli İmam Hüseynin (ə) əlinə çatsa, problem həll olacaq, ağanın özü onlara lütf edəcək".

İbrahim hələ orta məktəbi bitirməmiş məddahlığa başladı. O, digərlərini də oxumağa həvəsləndirirdi. İslam vəhdəti heyətində hər həftə Şəhid Abdullah Misgərlə birgə məddahlıq edirdi.

Ora bir heyətin fövqündə duran birlik idi. O, uşaqların etiqadi, hətta siyasi məsələlərdə inkişafına da çox təsir edirdi.

Əllamə Məhəmmədtəqi Cəfəri, Hacı ağa Nəcəfi kimi din alimlərini, siyasi və dini şəxsiyyətləri söhbətə cəlb etmək bu heyətin fəaliyyətlərindən idi. Buna görə SAVAK məmurları onun fəaliyyətini xüsusi nəzarətdə saxlayırdılar. Bir neçə dəfə məclislərinin qarşısı alınmışdı.

İbrahimin məddahlığı həmin heyətdən və zorxana idmanından başladı, inqilab dövründə və ondan sonra isə çox genişləndi. Onun riayət etdiyi əsas məqam başqa idi. O deyirdi: "Mən öz ürəyim üçün oxuyuram. Çalışıram ki, daha çox özüm bəhrələnim və məddahlıq zamanı qeyri-ilahi bir niyyətim olmasın".

***


Motosikletdə oturmuşdu. Gözəl səsilə həzrət Zəhranın (ə) mədhinə yazılmış şeirlər oxumağa başladı.

Çox gözəl və yanıqlı şeir idi. Heyətin bir məclisində xahiş etdim ki, həmin şeiri oxusun, amma razılaşmayıb dedi: "Burada məddah var. Mənim ümumiyyətlə, yaxşı səsim yoxdur”.

Bilirdim ki, Allah üçün olmayan və ya özünün təriflənməsinə səbəb olan işlərdən qaçır. Məddahlıqda qəribə adətləri vardı, mikrofon, əks-səda və s. vasitələr istəməzdi, dəfələrlə mikrofonsuz oxumuşdu.

O deyirdi ki, Əhli-beyt hər şeyini İslam yolunda verib, biz də heç olmasa, yaxşı sinə vurmalıyıq.

Toy və əza mərasimlərində harada oxumalı olduğunu düşünsəydi, oxuyardı. Lakin orada başqa bir məddah olsaydı, oxumaz və onu dinləyərdi.

İbrahim həzrət İmam Rzanın (ə) bu hədisinin real nümunəsi idi: "Bizim müsibətlərimizə ağlayan və ağladan şəxsin əcrini Allah Özü verəcək. Bizim faciələrimizə görə gözü yaşaran və ağlayan şəxsi Allah qiyamətə bizimlə birgə gətirəcək".1

Əzadarlıq zamanı yüksək mənəvi halda olurdu. Çoxları onun iştirakından və əzadarlığından həvəslənirdilər.

İbrahim olduğu hər bir yeri Kərbəlaya çevirirdi, onun ağlayıb-sızlaması qəribə ab-hava yaradırdı. Bunun bir nümunəsini 1982-ci ilin ərbəin günündə Hüseyn aşiqləri heyətində gördük.

Heyət uşaqları o günü heç vaxt unutmazlar. İbrahim həzrət Zeynəbi (ə) yad edirdi. O, məclisə böyük coşqu qatmışdı. Sonra da huşunu itirib özündən getdi. Həmin gün uşaqlarda misilsiz bir hal yarandı. Əminəm ki, İbrahimin isti nəfəsinə və mənəvi yanğısına görə məclis elə dəyişmişdi.

İbrahim məddahlıq barədə maraqlı sözlər deyirdi. O düşünürdü ki, məddah Əhli-beytin hörmətini qorumalı, hər sözü deməməli, uyğun şərait olmadıqca rövzə oxumamalıdır.

İbrahim özünü məddah hesab etmirdi, lakin harada oxuyurdusa, gözəl mənəvi mühit yaradırdı.

O, şəhidləri heç vaxt yaddan çıxarmırdı. Şəhidlərin, xüsusən də Əsğər Vüsalinin və Əli Qurbaninin adları keçən bir neçə beyt şeir hazırlamışdı və əksər məclislərdə oxuyurdu.

***

Tasua axşamı idi. Məsciddə böyük əzadarlıq keçirildi. İbrahim əvvəldə çox yaxşı sinə vururdu, amma sonra kənara çəkildi. Qaranlıqda bir tərəfdə dayanıb yavaşca sinə vururdu.



Mərasim çox uzandı və gecə saat 12-də bitdi.

Ehsan vaxtı hamı İbrahimin ətrafına yığışdı. Mən dedim: "Necə gözəl əzadarlıq idi! Uşaqlar çox yaxşı sinə vururdular".

İbrahim mənə və uşaqlara mənalı tərzdə baxıb dedi: "Eşqinizi özünüzə saxlayın".

Bizim təəccübümüzü görəndə sözünə davam etdi: "Bu camaat həzrət Əbəlfəzl rövzəsi dinləməyə gəlib. Əzadarlıq uzananda onlar da yorulurlar. Siz bir qədər əzadarlıqdan sonra ehsanı verin, sonra isə nə qədər istəyirsiniz, sinə vurun və eşqinizi bildirin. Elə edin ki, camaat Əhli-beyt məclisində yorğunluq hiss etməsin".



Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin