İnsanların ehtiyacı və Allahın neməti Şəhidin dostları
Uzaq bir yerdən evə qayıdırdıq. Yolun kənarında ailəsi ilə birgə bir qoca dayanmışdı. Bizə əli ilə işarə verdi və mən dayandım.
Bir ünvan soruşurdu. Yerini deyəndən sonra problemlərini danışmağa başladı. Zahiri görkəmindən narkomana və ya dilənçiyə bənzəmirdi. İbrahim motosikletdən enib şalvarının ciblərini axtardı, amma heç nə tapmadı. Mənə dedi: "Əmir, üstündə bir şey var?"
Mən də ciblərimi axtardım. Təsadüfən, məndə də pul yox idi.
İbrahim dedi: "Sən Allah, yenə bax".
Yenə axtardım, amma bir şey tapmadım. Kişidən üzr istəyib yolumuza davam etdik. Yolda güzgüdən İbrahimi gördüm; gözlərindən yaş axırdı.
Motosikleti sağa çəkib təəccüblə dedim: "İbrahim can, ağlayırsan?!"
Üzünü silib dedi: "Biz ehtiyaclı bir insana kömək edə bilmədik".
– Pulumuz yox idi. Bu ki günah deyil.
– Bilirəm. Amma ona çox yazığım gəldi. Həm də kömək etmək səadətindən məhrum olduq.
Daha heç bir söz demədim və yolumuza davam etdik. Ürəyimdə isə onun halına və mənəvi saflığına qibtə edirdim.
Ertəsi gün İbrahimi görəndə dedi: "Dünənki hadisənin təkrarlanmaması üçün daha heç vaxt evdən pulsuz çıxmayacağam".
Onun insanların problemlərinə qarşı diqqəti mənə şəhidlər ağası İmam Hüseynin (ə) gözəl bir hədisini xatırladır: "İnsanların sizə ehtiyacı Allahın nemətlərindəndir. Onların ehtiyacını aradan qaldırmaqda səhlənkarlıq etməyin, çünki bu nemət əlinizdən çıxa bilər".1
***
Yaralı dövrünün sonları idi. Zəng vurdu və salamlaşandan sonra dedi: "Maşınından bu gün istifadə edəcəksən?"
- Yox, evin önündədir.
Sonra gəlib maşını aldı və dedi: "Axşamüstü qayıdaram".
Axşamüstü maşını gətirdi. Hara getdiyini soruşanda dedi: "Sərnişin daşıdım".
Gülüb dedim: "Zarafat edirsən?"
– Yox. İndi də işin yoxdursa, qalx gedək, bir neçə yerdə işimiz var.
Evə girmək istəyəndə dedi: "Evdə istifadə etmədiyin düyü, yağ – nə varsa, gətir".
Gedib bir qədər düyü və yağ gətirdim, sonra bir mağazaya getdik. İbrahim bir qədər ət, yumurta və digər ərzaq məhsulları alıb maşına mindi. Satıcıya verdiyi xırda pullardan bildim ki, həqiqətən sərnişin daşıyıb.
Sonra birlikdə şəhərin cənubuna bir neçə nəfərin evinə getdik. Mən onları tanımırdım. İbrahim qapını döyüb əşyaları təhvil verir və deyirdi: "Biz cəbhədən gəlmişik. Bunlar sizin payınızdır". Elə danışırdı ki, qarşı tərəf əsla xəcalət çəkməsin. Özünü də təqdim etmirdi.
Sonradan öyrəndim ki, getdiyimiz evlər bir neçə döyüşçünün evi imiş. Evin kişisi cəbhədə vuruşduğuna görə İbrahim onlara kömək edirmiş.
Onun işləri mənə İmam Sadiqin bu hədisini xatırladır: "Müsəlmanın ehtiyacını aradan qaldırmağa çalışmaq Allahın evini yetmiş dəfə təvaf etməkdən üstündür və qiyamətdə təhlükəsizliyə səbəb olar".1
Bu nurlu hədis İbrahimin həyat devizi idi. O, insanların problemlərini aradan qaldırmaq üçün əlindən gələni edirdi.
***
Orta məktəb dövrü idi. İbrahim günortadan sonra bazarda çalışıb pul qazanırdı. O, qonşulardan birinin güclü maddi problemi olduğunu öyrəndi. Onlar ailə başçılarını əldən vermişdilər və ehtiyaclarını təmin edə bilmirdilər.
İbrahim heç kimə bir söz demədən hər ay maaşını alanda o ailənin əksər xərcini ödəyirdi. Evdə hər dəfə artıq xörək bişəndə mütləq o ailəyə göndərirdi. Bu iş illərlə, İbrahimin şəhadətinə qədər davam etdi və anasından başqa heç kim bundan xəbər tutmadı.
***
Yanına bir nəfər gəlmişdi. O, çayçı işləmiş, indi isə işsiz qalmışdı və ondan kömək istəyirdi. İbrahim maddi kömək yerinə dostlarından bir neçəsinə müraciət edib ona uyğun bir iş tapdı.
O, insanların problemini həll etmək üçün bacardığını edirdi. Öz əlindən bir şey gəlməyəndə dostlarının yanına gedir və onlardan kömək alırdı. Lakin bu işdə bir məsələyə riayət edirdi: çalışırdı ki, insanlara kömək etməklə dilənçi yetişdirməsin.
İbrahim həmişə dostlarına deyirdi: "Ehtiyaclı insan sizin yanınıza gəlib utana-utana əl açmazdan öncə onun problemini aradan qaldırın”.
O, çətinliyi olan dostlarının hər birinə, maddi probleminin olduğunu güman etdiyi hər kəsə kömək edirdi. Bu işi gizli şəkildə və qarşı tərəf ağız açmadan edir və sonra deyirdi: "Hələlik mənim ehtiyacım yoxdur. Bunu da sizə borc verirəm, nə vaxt olsa, qaytararsız".
Əslində, o pulların qayıtmasını gözləmirdi. O bu köməklərdə insanların şəxsiyyətinə çox diqqət yetirirdi. Həmişə elə rəftar edirdi ki, qarşı tərəf utanmasın.
Din böyükləri tövsiyə edirlər ki, öz problemlərinizin həll olunmasını istəyirsinizsə, bacardığınız qədər xalqın problemlərini həll edin. Həmçinin tövsiyə edirlər ki, bacardığınız qədər digərlərinə ehsan verin. Bununla çoxlu problemləriniz aradan qalxar.
Ramazan ayı və günbatan çağı idi. İbrahim bizə gəldi, salamlaşandan sonra məndən bir qazan istədi, sonra xaşxanaya girdi. Arxasınca girib dedim: "İbrahim can, iftara kəlləpaça? Çox ləzzət edər".
– Doğru deyirsən, amma mənim deyil.
Bir dananın kəlləpaçasını və bir neçə səngək çörəyi aldı, bayıra çıxanda İrəc motosikletlə gəldi. İbrahim minib sağollaşdı.
Öz-özümə dedim ki, yəqin bir neçə dost yığışıb birlikdə iftar edəcəklər. Həm də mənə təklif etmədiklərinə görə narahat oldum. Ertəsi gün İrəci görüb soruşdum: "Dünən haraya getdiniz?"
– Çehltən parkının arxasında kiçik bir ev vardı. Qapını döyüb kəlləpaçanı onlara verdik. Qapıya çıxan bir neçə uşaq və bir qoca kişi çox təşəkkür etdilər. İbrahimi yaxşı tanıyırdılar. Çox yoxsul bir ailədir. Sonra da İbrahimi evlərinə apardım.
***
İbrahimin şəhadətindən 26 il sonra onu yuxuda gördüm. Hərbi maşınla Tehrana gəlmişdi. Sevincimdən yerə-göyə sığmırdım. Üzü çox nurlanmışdı. Yaxınlaşdım və bir-birimizi qucaqladıq. Sevindiyimdən qışqırıb deyirdim: "Uşaqlar, gəlin, ağa İbrahim qayıdıb!"
İbrahim dedi: "Gəl min, çox işimiz var".
Birlikdə hündür bir binanın yanına getdik. Binanın sahibi və bütün mühəndislər ağa İbrahimlə salamlaşıb halını soruşdular. Hamı onu yaxşı tanıyırdı. İbrahim üzünü binanın sahibinə tutub, "mən bu ağa seyidi tapşırmağa gəlmişəm; mənzillərin birini ona ver”. dedi, sonra da bizdən aralıda dayanmış bir nəfəri göstərdi.
Binanın sahibi dedi: "Ağa İbrahim, bunun nə pulu var, nə də kredit götürə bilir. Mən bir mənzili ona necə verim?!"
Mən də onun sözünü təsdiqləyib dedim: "İbrahim can, bu işlərin dövrü bitdi, artıq hamı pulu tanıyır!"
İbrahim mənə mənalı tərzdə baxıb dedi: "Mən onun kimi bir neçə nəfərin problemini həll etməyə qayıtmışdım. Olmursa, burada işim yoxdur".
Sonra maşına doğru getdi. Mən də ardınca gedəndə birdən mobil telefonumun zəngi çalındı və yuxudan oyandım.
Dostları ilə paylaş: |